Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi may ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartlar səviyyəsinə uyğunluğunu diqqətdə saxlamış, ümumilikdə, məhsulların 102 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilmiş və sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 35 müraciət operativ icra olunmuşdur.
Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 164 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Təsərrüfat subyektlərindən götürülmüş məhsul nümunələrinin 90 halda laboratoriya analizləri aparılmış və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət üzrə may ayında 22 təsərrüfat subyektində 130 işçinin tibbi müayinəsi ilə bağlı monitorinqlər aparılmışdır.
Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların, digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 48 təhsil müəssisəsinin bufet və yeməkxanasında, 16 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 7 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılmış və aşkar olunmuş nöqsanlar aradan qaldırılmışdır.
Ailə təsərrüfatlarında istehsal olunan məhsulların markalanmasına köməklik göstərilməsi üçün 765 etiket hazırlanmış və həmin təsərrüfatlara çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Agentliyinin mətbuat xidməti