23 Dekabr 2024, Bazar ertəsi

İyunun 14-də Naxçıvan Biznes Mərkəzində 6-cı Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018” keçirilib.

Forum iştirakçıları əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət etmiş, daha sonra Biznes Mərkəzi ilə tanış olmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rafiq Novruzov Naxçvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun adından forum iştirakçılarını salamlamış və forumun fəaliyyətinə uğurlar arzulamışdır.
Bildirilib ki, beynəlxalq forum ölkəmiz üçün çox əlamətdar bir tarixdə – Milli Qurtuluş Günü ərəfəsində keçirilir. Düz 25 il bundan əvvəl Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış müstəqil Azərbaycanı məhv olmaq, parçalanmaq təhlükəsindən xilas etdi. Məhz həmin dövrdən başlayaraq ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində tərəqqinin əsasları qoyuldu. Ulu öndərin müəllifi olduğu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda ölkəmizdə geniş sahibkarlar təbəqəsi formalaşmış, sosial-iqtisadi inkişafda özəl bölmənin rolu daha da artmışdır. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da dövlət başçısının göstərdiyi diqqət və qayğıdan bəhrələnərək yeni bir mərhələyə – dinamik və davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişafın nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası ölkə başçısının rəhbəri olduğu “Caspian European Club”un 2017-ci il üçün 18 parametr üzrə tərtib etdiyi investisiya reytinqinin lideri olmuşdur. Muxtar respublikamız bu uğura ölkə başçısının göstərdiyi böyük diqqət və qayğı, ümummilli liderin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda Ali Məclis Sədrinin gərgin zəhməti sayəsində nail olmuşdur. 28 ilə yaxındır ki, blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada ictimai-siyasi sabitlik və dayanıqlı inkişaf təmin edilmiş, enerji və ərzaq təhlükəsizliyinə nail olunmuşdur.
Diqqətə çatdırılıb ki, bu gün şəhər və rayon mərkəzlərindən ən ucqar dağ və sərhəd kəndlərinə qədər bütün yaşayış məskənləri fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, dayanıqlı rabitə və internet xidməti ilə təchiz olunur. Sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması iqtisadiyyatın çoxşaxəli inkişafına təkan vermişdir. Yeni emal müəssisələrinin fəaliyyətə başlaması, kənd təsərrüfatı sahəsində qazanılmış uğurlar daxili tələbatı ödəməklə yanaşı, ixrac üçün də geniş imkanlar açmışdır. Yeni iş yerlərinin yaradılması əhali gəlirlərinin artmasına, sosial rifah halının daha da yaxşılaşmasına, məskunlaşma səviyyəsinin yüksəlməsinə imkan vermişdir. Muxtar respublikada inkişaf və tərəqqi dönməz xarakter alıb və ildən-ilə yüksələn xətlə davam edir. Bunu cari ilin ötən beş ayının makroiqtisadi nəticələri də təsdiq edir. Belə ki, iqtisadi inkişafın xarakterik göstəricisi sayılan ümumi daxili məhsul istehsalı 959 milyon 712 min manatı ötüb. Sənayedə 431 milyon 456 min manat, kənd təsərrüfatında 52 milyon 123 min manat həcmində məhsul istehsal edilib, əsas kapitala investisiya qoyuluşlarının həcmi 394 milyon 770 min manat təşkil edib. Qədim diyarın gələcək inkişafında bu gün keçirilən forum da müəyyən pay sahibi olmaq imkanlarına malikdir. Belə ki, bugünkü tədbirdə “Caspian European Club”u təmsil edən bir sıra şirkətlərin nümayəndələri də iştirak edir. Forum çərçivəsində onlar muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələri ilə yaxından tanış olacaq, ikitərəfli görüşlər keçirəcəklər. Əminik ki, forum yeni əməkdaşlıqların əsasının qoyulmasına səbəb olacaq, muxtar respublika iqtisadiyyatına investisiya qoyuluşlarının artmasına, onun ixrac imkanlarının daha da yaxşılaşmasına yeni töhfələr verəcəkdir.
Forumda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, nailiyyətlər və perspektivlər” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov bildirib ki, həyata keçirilən quruculuq tədbirləri, iqtisadi və sosial sahədə əldə olunan nailiyyətlər Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ən qabaqcıl, inkişaf etmiş bölgəsinə çevirib. Muxtar respublika iqtisadiyyatının əsas sahələrinin, o cümlədən sənayenin, tikintinin, kənd təsərrüfatının, nəqliyyat və rabitənin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət məhsul istehsalının artımına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərib, iqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam edərək 2017-ci ildə ümumi daxili məhsulun həcmi 2 milyard 701 milyon 663 min manata, onun hər bir nəfərə düşən həcmi isə 5 min 990 manata çatıb.
Vurğulanıb ki, hazırda muxtar respublikada 382 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşunun həcmi 2017-ci ildə 31 milyon 314 min manat təşkil etmiş, ÜDM-də özəl sektorun payı 89 faizə çatmışdır. Famil Seyidov 2017-ci ildə muxtar respublikanın xarici ticarət dövriyyəsinin 459 milyon 889 min ABŞ dollarına çatmasını, xarici ticarətdə 386 milyon 751 min ABŞ dolları həcmində müsbət saldo yaranmasını, 50-dən çox xarici ölkə ilə ticarət əlaqələrinin olduğunu forum iştirakçılarının nəzərinə çatdırıb.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev “Caspian European Club”un Azərbaycan regionlarının inkişafında rolu” mövzusunda çıxış edərək qeyd edib ki, ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, sahib olduğumuz karbohidrogen sərvətlərin qeyri-neft sektoruna yönəldilməsi və dövlətimizin uğurla həyata keçirdiyi regional inkişaf strategiyası ölkə başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində mümkün olub.
Bildirilib ki, 2017-ci ilin göstəricilərinə əsasən Naxçıvan Muxtar Respublikasının lider olması çox əhəmiyyətli hadisə kimi burada həyata keçirilən iqtisadi və sosial siyasətin uğurlu nəticəsi kimi qiymətləndirilir. Naxçıvanın ixrac potensialının artması, yerli məhsullar istehsal edən yeni müəssisələrin yaradılması onun investisiya cazibədarlığından xəbər verir. O, forumun əhəmiyyətini bir daha vurğulayaraq “Caspian European Club”un gələcəkdə də naxçıvanlı sahibkarlara işgüzar dəstək verəcəyinə əmin olduğunu bildirib.
“Naxçıvan Muxtar Respublikasında sahibkarlıq və sənayenin inkişafı” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Sahibkar­lar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov qeyd edib ki, Naxçıvanda sahibkarlığa dövlət dəstəyi, xüsusən kiçik və orta sahibkarlığın inkişafına güclü təkan verib.
Bildirilib ki, dövlətin sahibkara sahib çıxması muxtar respublikada iqtisadiyyatın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına töhfəsini vermiş, iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etmişdir. Bu zaman iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişafı, xüsusilə diqqəti cəlb edir. Belə ki, muxtar respublikada sənaye məhsulunun həcmi 2017-ci ildə 967 milyon manata, bu sektorda çalışanların sayı isə 16,2 min nəfərə çatmışdır. Qeyd edilən sahədə inkişaf, əsasən, özəl investisiya qoyuluşları hesabına baş tutmuşdur. Belə ki, hazırda sənaye məhsulu istehsalında özəl bölmənin payı 95,8 faiz təşkil edir. Sənaye sektorunda əsas kapitala yönəldilmiş investisiyalar son on ildə 4,5 dəfə artıb.
“Caspian European Club”un idarə heyətinin üzvü Avni Demirci çıxış edərək Naxçıvan Muxtar Respublikasında investisiya və biznes fəaliyyəti barədə perspektiv planlardan bəhs edib. O bildirib ki, bu sahədə əldə olunmuş nailiyyətlərdə bank sektorunun uğurlu fəaliyyətinin mühüm əhəmiyyəti vardır. O, təmsil etdiyi Türkiyə Ziraat Bankının bu sahədə böyük təcrübəsi olduğunu bildirib.
Daha sonra “Nəqşicahan Holdinq” Şirkətlər Qrupu MMC-nin direktoru Mübariz Vəliyevin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” turizm üçün yeni perspektivlər”, “Ləzzət Qida Sənaye” MMC-nin direktoru Teymur Rzayevin “İxrac potensialı, perspektiv bazarlar və nailiyyətlər” və “Caspian European Club”un idarə heyətinin üzvü Vüqar Eyvazovun “Naxçıvan Muxtar Respublikasında investisiya və biznes fəaliyyəti barədə perspektiv planlar” mövzularında çıxışları dinlənilib.
Müzakirələrdən sonra 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında əldə olunmuş nailiyyətlərə həsr olunmuş film nümayiş etdirilib.
Günün ikinci yarısında forum iştirakçıları Naxçıvan şəhərindəki tarixi abidələrlə tanış olub, istehsal və xidmət sahələrindəki iş prosesləri ilə maraqlanıblar.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR