Şərur rayonunda növbəti əmək yarmarkası keçirilmişdir. Yarmarkada rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov çıxış edərək bildirmişdir ki, son illərdə işaxtaran vətəndaşlarla işəgötürən müəssisələr arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər sırasında əmək yarmarkasının da rolu vardır. Odur ki, mərkəzin əməkdaşları mütəmadi olaraq rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində olan boş iş yerləri haqqında məlumat toplayır, həmin boş iş yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim olunur.
Yarmarkada rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İskəndərov çıxış edərək bildirmişdir ki, rayonda yeni yaradılan müəssisələr, aqrar sahənin inkişafı, tikinti-quruculuq işlərinin həcminin artması, xidmət şəbəkələrinin genişlənməsi işaxtaran vətəndaşların işlə təmin olunmasına geniş imkanlar açır.
İşaxtaran vətəndaş Orxan Süleymanov əmək yarmarkalarının keçirilməsinə görə minnətdarlığını bildirmiş, belə tədbirləri ölkə vətəndaşlarına göstərilən qayğı kimi dəyərləndirmişdir.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olmuşlar. Yarmarkaya 19 dövlət və özəl təşkilatdan 211 boş iş yeri çıxarılmışdı. Həmin gün 37 nəfərə göndəriş verilmiş, 2 nəfər isə peşə hazırlığı kursuna cəlb olunmuşdur.
* * *
Kəngərli rayonunda keçirilən yarmarkada çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Canbaxşıyev rayonun sosial-iqtisadi inkişafından, sahibkarlara göstərilən dövlət qayğısından, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, vətəndaşların işlə təmin olunması dövlətimizin insan amilinə verdiyi dəyərin bariz nümunəsidir.
Rayon Məşğulluq Mərkəzinin direktoru Məzahir Rüstəmov çıxışında bildirmişdir ki, Məşğulluq Mərkəzi tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlardan boş iş yerləri barədə məlumatlar toplanmış və bugünkü əmək yarmarkasında işaxtaran vətəndaşların seçiminə təqdim ediləcəkdir.
İşaxtaran vətəndaş Fəridə Əsədova keçirilən əmək yarmarkalarının əhalinin iş qabiliyyətinin stimullaşdırılmasında, insanların daimi işlə təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayaraq minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, 8 təşkilatdan 41 boş iş yerinin çıxarıldığı əmək yarmarkasında 11 nəfərə göndəriş verilmişdir.
Xəbərlər şöbəsi