23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 9-da Naxçıvana səfəri çərçivəsində muxtar respublikada kənd təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən tədbirlərlə tanış olub, fermer təsərrüfatları ilə maraqlanıb.
İnam Kərimov əvvəlcə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə gəlib. Məlumat verilib ki, cəmiyyət 2005-ci ilin yanvar ayında fəaliyyətə başlayıb. Ötən dövrdə cəmiyyətin muxtar respublikanın rayonlarında da bazaları yaradılaraq lazımi texnika və texnoloji avadanlıqlarla təchiz edilib. Bildirilib ki, fəaliyyətə başladığı dövrdən cəmiyyətə müxtəlif adda 2248 müasir texnika və texnoloji avadanlıq alınıb. Gətirilən avadanlıqların 1752-si lizinq yolu ilə torpaq mülkiyyətçilərinə satılıb. Nazirə cəmiyyətin ehtiyat hissələri anbarı, təmir sexləri, gübrə anbarları barədə də ətraflı məlumat verilib. O da qeyd olunub ki, cəmiyyətin mərkəzi və rayon bazalarında bitkiçilik və baytarlıq aptekləri də yaradılıb.

İnam Kərimov Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Kəhrəba” fermer təsərrüfatında da olub. Məlumat verilib ki, təsərrüfatın əkin sahəsində tütün, kartof, sarımsaq, taxıl, eyni zamanda digər tərəvəz və bostan bitkiləri əkilib. Əkin zamanı yerli və məhsuldar sortlardan istifadəyə önəm verilib. Yerli şəraitə uyğunlaşdırılmış bitki sortlarının muxtar respublikanın rayon və kəndlərində əkini üçün də yaxşı imkanların olduğu bildirilib.
Naxçıvan “Bərəkət Toxumçuluq Təsərrüfatı”nda olan kənd təsərrüfatı naziri onun fəaliyyəti ilə də maraqlanıb. Təsərrüfatın bazasındakı texnikaların iş prinsipi haqqında ətraflı məlumat verilib və bildirilib ki, ­“Bərəkət Toxumçuluq Təsərrüfatı” ­Məhdud Məsuliyyətli Cəmiyyəti bu gün məhsul istehsalçılarını keyfiyyətli və məhsuldarlığı yüksək olan toxumlarla təmin edir. Bunun üçün müasir texnika və texnoloji avadanlıqlar alınıb. Eyni zamanda cəmiyyətin Kəngərli rayonunda geniş əkin sahələri də mövcuddur.
Muxtar respublikaya səfəri zamanı nazir İnam Kərimov Babək rayonunda fəaliyyət göstərən “Bərəkət Damazlıq Təsərrüfatı”nda da olub. Bildirilib ki, geniş ərazisi olan təsərrüfat qapalı yem anbarı, avtomatik sağım, açıq havada yemləmə və qaramalın saxlanıldığı sahələrdən ibarətdir. Damazlıq təsərrüfatında hər biri gündəlik ­ 20 litrə yaxın südvermə qabiliyyətinə malik ­holşteyn-friz, simmental və şves cinslərindən olan inəklər saxlanılır. Təsərrüfatın illik süd istehsalı 900 tondur. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin və keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Diqqətə çatdırılıb ki, təsərrüfat muxtar respublikada qaramalın cins tərkibinin yaxşılaşdırılmasında mühüm rola malikdir. Burada süni mayalanma yolu ilə əldə olunan buzovlar muxtar respublikada fəaliyyət göstərən fermer təsərrüfatlarına satılır ki, bu da xaricdən cins mal-qaranın gətirilməsinə olan ehtiyacın aradan qaldırılmasına şərait yaradır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR