Son illər muxtar respublikada həyata keçirilmiş iqtisadi siyasət nəticəsində mühüm nailiyyətlər əldə olunub, iqtisadiyyat şaxələndirilib, yeni məhsul növlərinin istehsalı təmin edilib.
Muxtar respublikanın kompleks inkişafının təmin olunmasında qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər), Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası ümumi inkişafa stimul verib.
Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2017-ci ildə muxtar respublikada 2 milyard 701 milyon 663 min manat dəyərində ümumi daxili məhsul istehsalı qeydə alınıb ki, bu da 2007-ci ildəki göstəricidən 5 dəfə çoxdur. Bu dövrdə sənaye məhsulu 7,9, kənd təsərrüfatı məhsulu 3,7 dəfə artıb.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, 2017-ci ilin sonuna muxtar respublikada 372 növdə məhsul istehsal olunub. Onların 125 növü ərzaq, 247 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilib.
İstehsal edilmiş keyfiyyətli yerli məhsullar daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar respublikanın ixrac potensialına da müsbət təsir göstərib. Mühüm hadisə kimi ilk dəfə 2009-cu ildə muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo yaranıb. Xarici ticarət dövriyyəsinin 51 faizini ixrac, 49 faizini isə idxal təşkil edib.
Muxtar respublikanın ixrac potensialının artırılmasında son dövrlərdə müasir gömrük sisteminin yaradılması da mühüm rol oynayıb. Belə ki, 2007-ci ildən başlayaraq ötən dövrdə Culfa və Şahtaxtı Gömrük idarələrinin yeni sərhəd-keçid kompleksləri, Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleks, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi və “Naxçıvanterminalkompleks” Birliyi üçün müasir gömrük infrastrukturları istifadəyə verilib, Sədərək Gömrük İdarəsi üçün yeni sərhəd-keçid kompleksinin inşası hazırda davam etdirilir.
İqtisadi və sosial sahələrdə qazanılmış uğurların nəticəsi olaraq muxtar respublikanın xarici ticarət dövriyyəsi 2017-ci ildə 459 milyon 888 min 800 ABŞ dolları təşkil edib ki, bu da 2007-ci ildəki göstəricidən 5 dəfə çoxdur. Xarici ticarət dövriyyəsinin 423 milyon 320 min ABŞ dollarını, yaxud 92 faizini ixrac, 36 milyon 568 min 800 ABŞ dollarını, yaxud 8 faizini idxal təşkil edib. Ümumi ixracın 76 faizi sənaye, 24 faizi isə kənd təsərrüfatı məhsullarının payına düşüb. 2007-ci illə müqayisədə 2017-ci ildə ixracın həcmi 18,5 dəfə artıb, idxalın həcmi isə 47,2 faiz azalıb.
İxrac olunmuş məhsulların dəyəri, min ABŞ dolları
Qarşılıqlı razılaşmaya əsasən muxtar respublikada istehsal edilən və ya istehsal potensialı olan bəzi sənaye və kənd təsərrüfatı məhsullarına Türkiyə Respublikasına sərbəst ticarət imkanının verilməsi ixrac potensialımızı daha da gücləndirəcəkdir.
Son illərdə ixracın səviyyəsindəki artım iqtisadiyyatın şaxələndirilməsi və yerli məhsulların xarici bazarlara çıxarılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində mümkün olub.
Muxtar respublikanın dinamik inkişafı istiqamətində cari ilin ötən dövründə istifadəyə verilən və hazırda yaradılması davam etdirilən istehsal sahələri artan əhali tələbatına uyğun olaraq daxili tələbatı tam ödəməklə yanaşı, ixrac potensialımızın daha da artmasına imkan yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti