Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü ilə nazirliyin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə, Milli iqtisadiyyatın maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyev və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İlhamə Məmmədovanın birgə hazırladıqları “Maliyyə-iqtisad terminlər lüğəti” nəşr edilib.
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi yaradılıb. Mərkəz peşə hazırlığının təkmilləşdirilməsini, ixtisasların artırılmasını, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsini və digər tədbirləri həyata keçirir.
Mərkəzin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərindən biri də tədris plan və proqramlarının, elmi-metodik material və tədris vəsaitlərinin nəşr etdirilməsidir.
Belə nəşrlərdən olan yeni lüğətdə ölkədaxili maliyyə-iqtisad sistemində və beynəlxalq maliyyə əlaqələrində rast gəlinən maliyyə-iqtisad terminlərinin ingilis dilində qarşılığının verilməsi ölkədə maliyyə-iqtisad sahəsində vahid terminoloji mühitin yaradılmasına yardım edəcəkdir.
Geniş oxucu kütləsinə təqdim olunan, 2700 söz və söz birləşməsini özündə əks etdirən bu lüğət iqtisadçılar, müvafiq sahədə çalışan alimlər, müəllimlər, tələbələr, maliyyə sisteminin inkişafında maraqlı olan bütün oxucu kütləsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalı mənbə rolunu oynayır. Lüğətdə qanunvericilikdə işlənən və iqtisad elminin bütün sahələrini əks etdirən söz və terminlərin, ifadələrin əksəriyyəti, həmçinin bir sıra iqtisadi təşkilatların adlı siyahısı, dünya ölkələrinin pul vahidlərini əks etdirən cədvəllər və onların ingilis dilində qarşılığı öz əksini tapıb.
Lüğətin fərqləndirici cəhətlərindən biri də odur ki, burada maliyyə sahəsini xarakterizə edən söz və ifadələrlə yanaşı, həm də işgüzar məktublar, şikayətlər və ərizələr kimi rəsmi sənədlərin tərtibi zamanı istifadə olunan terminlərə də geniş yer verilib.
Yenicə çapdan çıxmış lüğət Maliyyə Tədris Mərkəzinin təşəbbüsü ilə nəşr olunan ilk tədris materialıdır. Mərkəzin vəzifələrinin yerinə yetirilməsi məqsədilə gələcəkdə də aktual mövzuları əhatə edən belə nəşrlərin dərc olunması nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti