Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının iştirakı ilə “Kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici və alaq otlarına qarşı mübarizə üsulları, yeni becərmə texnologiyalarının tətbiqi” mövzusunda seminar-müşavirə keçirilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Həsən Əmirahov açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Baş direktoru Bəhruz Bayramovun, nazirliyin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin müdiri Əsgər Həsənovun, Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi İntiqam Hüseynbəylinin kənd təsərrüfatında əkilib-becərilən bitkilərin zərərverici və xəstəliklərinə qarşı kompleks mübarizə tədbirlərinin aparılması istiqamətində çıxışları olub. Çıxışlarda Şərur rayonunun muxtar respublikada meyvə və bostan bitkilərinin əkilib-becərilməsində, əhalinin bu məhsullara olan tələbatının ödənilməsində mühüm yeri olduğu vurğulanıb.
Tədbirin sonunda sahibkarlar tərəfindən verilən suallar cavablandırılıb. Zərərverici və alaq otlarına qarşı mübarizə aparılması üçün dərman preparatları verilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti