Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamına əsasən hər il iyunun 5-i ölkəmizdə Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü kimi qeyd edilir.
“Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə meliorasiya və su təsərrüfatı sahəsi böyük inkişaf yolu keçmiş, Azərbaycanda böyük su anbarları, hidroqovşaqlar, nasos stansiyaları tikilib istifadəyə verilmiş, suvarılan torpaqların sahəsi xeyli artmışdır. Ötən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikasında da yeni meliorasiya və irriqasiya sistemləri yaradılmış, Araz və Arpaçay kimi böyük su anbarları tikilmişdir. 1993-cü ildə ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə meliorasiya və su təsərrüfatı sistemində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına xüsusi diqqət yetirir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə mühüm dövlət proqramları təsdiq olunmuş, kənd təsərrüfatının inkişafı, meliorativ tədbirlərin genişləndirilməsinə diqqət artırılmışdır.
Naxçıvan Muxtar Respublikasında da meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir ölkədə ərzaq təhlükəsizliyini təmin etmək üçün ilk növbədə kənd təsərrüfatı inkişaf etdirilməlidir. Aydın məsələdir ki, kənd təsərrüfatının inkişafı da müasir meliorasiya və irriqasiya sistemləri olmadan mümkün deyil”.
Son illər meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarma şəbəkələrinin genişləndirilməsi, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətlərinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işləri, həmçinin içməli su təminatının yaxşılaşdırılması sahəsində kompleks tədbirlər görülmüşdür. Hazırda muxtar respublikada ümumi həcmi 303,5 milyon kubmetr olan 32 su anbarı vardır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin fəaliyyəti üçün lazımi şərait yaradılmış, müasir texnikalar alınıb istifadəyə verilmiş, rayon idarələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarına əsasən suvarma sistemlərinin yenidən qurulması və torpaqların meliorativ vəziyyətlərinin yaxşılaşdırılması, mövcud su resurslarından istifadə imkanlarının genişləndirilməsi və suvarma drenaj şəbəkələrinin inkişaf etdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.
Muxtar respublikada mütərəqqi suvarma sistemlərinin qurulması diqqət mərkəzində saxlanılır. Su itkisinin qarşısını almaq, suvarmanı yaxşılaşdırmaq, torpaq sahələrini yeni əkin dövriyyəsinə daxil etmək məqsədilə yeni qapalı suvarma şəbəkələri tikilir, drenaj xətləri çəkilir. Belə ki, son illər Babək və Culfa rayonlarında 2220, Kəngərli rayonunda isə 1124 hektar sahədə qapalı suvarma şəbəkəsi qurulmuşdur. Hazırda bu işlərin davamı olaraq Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 410 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilir.
Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin edilməsi əkinçiliyin inkişafına şərait yaradan əsas amillərdəndir. Muxtar respublikada müasir irriqasiya sistemləri qurularaq istifadəyə verilir, torpaqların su təminatı yaxşılaşdırılır. Bütün bunlar, ümumilikdə, muxtar respublika iqtisadiyyatının inkişafına xidmət edir. Həyata keçirilən meliorasiya və su təsərrüfatı tədbirləri yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına səbəb olmuşdur. Belə ki, Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq Uzunoba Su Anbarında yenidənqurma işləri aparılmış, anbardan Kəngərli rayonuna 32,4 kilometr uzunluğunda boru xətti çəkilmiş, yeni nasos stansiyası tikilmiş, nəticədə, 5800 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq, su itkilərini aradan qaldırmaq üçün Araz çayındakı nasos stansiyasından 16,6 kilometr uzunluğunda yeni təzyiqli boru xətti çəkilmişdir. Sədərək rayonunda əkinəyararlı torpaqların dayanıqlı suvarma suyu ilə təmin olunması üçün tikilən yeni nasos stansiyası hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi də yenidən əkin dövriyyəsinə qatılmışdır.
Suvarılan ərazilərin şoranlaşmasına yol verməmək üçün, birinci növbədə, şoranlaşmanı törədən səbəblərə qarşı tədbirlər görülmüşdür. Əkin sahələrinə suvarma normalarına uyğun olaraq suvarma suyu verilmiş, filtrasiyanı azaltmaq üçün açıq və qapalı drenajlarda, kollektorlarda, kanal və arxlarda mütəmadi olaraq lildən təmizləmə və təmir işləri aparılmış, yeni açıq və qapalı drenajların tikintisi davam etdirilmişdir.
Suvarma və içməli su təminatında qədim hidrotexniki qurğu olan kəhrizlərdən geniş istifadə edilir, onların təmir-bərpası daim diqqət mərkəzində saxlanılır. Kəhrizlərin bərpası su təchizatının yaxşılaşdırılması ilə yanaşı, həm də tariximizin və mədəni irsimizin qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu günə qədər muxtar respublikada 120 kəhriz bərpa olunmuşdur. Muxtar respublikada mexaniki suvarma üsulundan da geniş istifadə olunmaqdadır. İkinci suvarma mənbəyi kimi istifadə edilən 101 nasos stansiyası və 824 subartezian quyusu suvarma mövsümündə tam gücü ilə istismar olunur.
Əkin sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə muxtar respublikanın çay və selovlarında selə qarşı istiqamətləndirici bənd salınır. Bu da torpaqların yuyulmasının və şoranlaşmasının qarşısını almaqla yanaşı, həm də torpaqların münbitliyinin qorunmasına imkan verir. Ötən dövrdə Araz çayı boyunca 54 kilometrdən artıq məsafədə sahilbərkitmə işləri aparılmışdır.
Su təsərrüfatı sahəsində qarşıda duran ən mühüm vəzifələrdən biri də insanları sağlam və ekoloji cəhətdən təmiz içməli su ilə təmin etməkdir. Bu gün muxtar respublikada içməli su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində kompleks tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan Şəhər Su Anbarı və Su Təmizləyici Qurğular Kompleksi, eləcə də Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkəsi, Şahbuz və Culfa şəhərlərində içməli su və kanalizasiya sistemləri istifadəyə verilmiş, Şərur şəhərində isə içməli su və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışı olmuşdur.
Meliorasiya işlərinin yerinə yetirilməsində maşın-mexanizmlərin mühüm əhəmiyyəti vardır. Son illər komitəyə 32 müxtəlif təyinatlı maşın və mexanizm verilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi bundan sonra da meliorasiya və irriqasiya sistemlərinin lazımi səviyyədə istismarının təşkili, suvarılan torpaqların meliorativ vəziyyəti və su təminatının yaxşılaşdırılması sahəsində fəaliyyətini davam etdirəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti