Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində obyektin tikintisinə icazə verilməsi üzrə icraat, işçi layihə sənədlərinin tikinti üçün layihə sənədləri sistemi standartlarının tələblərinə uyğun işlənilməsi, tikinti layihələrinin ekspertizadan keçirilməsinin və tikintiyə nəzarətin məqsədi, qazanxanaların layihələndirilməsi və quraşdırılması, tikinti obyektlərində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib.
Tikinti təşkilatları nümayəndələrinin, yerli icra hakimiyyəti orqanlarının baş memarlarının və layihəçilərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov muxtar respublikada aparılan tikinti-quruculuq, abadlıq-bərpa işlərindən danışıb. Çıxışda tikinti işlərinin sürətlə inkişaf etdiyi bir dövrdə bu sahədə təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıya qoyulmuş vəzifələrdən bəhs olunub.
Nazirliyin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımov çıxışında qeyd edib ki, qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanı tikintiyə icazə icraatı çərçivəsində sənədlər hazırlandıqdan sonra tikinti layihələrinin ekspertizadan keçirilməsi üçün Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə göndərməli və həmçinin tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı icazə barədə qərarı və xüsusi nişanı sifarişçiyə təqdim etdikdən sonra 3 iş günü müddətində həmin obyektin tikintisinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək üçün bu barədə məlumat verməlidir. Layihə sənədlərinin tərtibat səviyyəsi müvafiq dövlət standartlarının tələblərinə cavab verməlidir.
Vurğulanıb ki, hazırda Azərbaycan Respublikası ərazisində qüvvədə olan 45 ədəd tikinti üçün layihə sənədləri sistemi standartları mövcuddur.
Məruzə ətrafında müzakirələrdə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin dövlət ekspertiza mərkəzinin sektor müdiri Şəfəq Cəfərovanın və tikinti müfəttişliyi sektorunun baş məsləhətçisi Tural Hüseynovun, həmçinin nazirliyin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin texniki tənzimləmə işinin təşkili sektorunun müdiri Aydın Quliyevin, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədovun çıxışları olub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti