Bu gün Naxçıvanda dövlətimiz tərəfindən aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, eləcə də sakinlərin öz vəsaiti hesabına yaşayış evləri inşa etməsi tikinti materiallarına tələbatı xeyli artırıb. Əvvəllər bu materiallara olan tələbat idxal yolu ilə ödənilirdisə, son illərdə yeni istehsal müəssisələrinin həyata vəsiqə alması ilə bu problem keçmişdə qalıb. Bu gün yerli müəssisələr daxili tələbatı ödəməklə yanaşı, ixracyönümlü məhsulların istehsalına üstünlük verirlər. Son illər istehsalda diqqətçəkici yeniliklər edən, istehlakçılarına geniş seçim imkanı yaradan “Cahan Holdinq” Şirkətlər İttifaqı ötən günlərdə daha bir uğura imza atdı. Şirkət “Cahan Sənaye Kompleksi”ndə yeni plastik boru, profil və aksesuarların istehsalı müəssisəsini işə salmaqla iqtisadiyyatın şaxələnməsinə daha bir töhfə verdi.
Ötən günlərdə yolumuzu adıçəkilən müəssisədən saldıq, yaradılan şərait və istehsal prosesi ilə tanış olduq. Müəssisənin icraçı direktoru Anar Abdullayev muxtar respublika rəhbərinin istehsal obyektinin açılış mərasimindəki tövsiyələrini xatırladaraq dedi ki, bu gün işçilər məhz bu məqsədə nail olmaq üçün səylə çalışırlar. Bu səbəbdəndir ki, daxili bazarda satılan yerli məhsulların keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün səy göstəririk. Müəssisədə bu amilə ciddi diqqət yetirilir.
Müsahibim bildirdi ki, müəssisənin yaradılmasında dövlət maliyyə dəstəyinin böyük rolu olub. İstehsal obyektinin qurulmasına 27 milyon manat vəsait sərf edilib. Bunun 5 milyon manatı Sahibkarlığa Kömək Fondundan alınıb. Müəssisədə 4 istehsal bölməsi, idarəetmə və iş otaqları, laboratoriya, hazır məhsul və xammal anbarları vardır. İstehsal sahəsində Türkiyə, Tayvan və Çindən gətirilən tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. Xammal Çin, Koreya, Braziliya, Türkiyə, İran və digər ölkələrdən alınır. Kompüterli idarəetmə mərkəzi ilə təmin olunmuş texnoloji avadanlıqlarda verilən sifarişə uyğun işlər avtomatik şəkildə yerinə yetirilir. İstehsal mərhələlərlə həyata keçirilir. İlk olaraq mərkəzi idarəetmə sistemi sayəsində əvvəlcədən təyin edilən çəkilərdə xammal alınır, xüsusi avadanlıqda qarışdırılaraq bunkerlərə hazır xammal şəklində daxil edilir. Daha sonra eyni avtomatik sistemə görə xammal profil və boru istehsal xətlərinə ötürülür. Dəzgahların bunkerlərinə daxil olduqdan sonra əridilərək soyutma hovuzlarına göndərilir. Burada bərkiyəndən sonra təyinedilmiş ölçülərə uyğun kəsilərək hazır məhsul halına gətirilir. İstehsal gücü ayda 1500 ton olan müəssisədə müxtəlif qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su boruları, eləcə də polietilen əsaslı sərt sulama boruları, PVC əsaslı lambir, saydinq və aksesuarlar, PVC əsaslı yumşaq rezin suvarma şlanqları, kanalizasiya boruları, plastik birləşdirici hissələr istehsal olunur. Ümumilikdə, 7 növdə və 160 çeşiddə keyfiyyətli məhsul bazara çıxarılır. Müəssisədə istehsal edilən məhsulların üstün cəhətlərindən biri də onlara beynəlxalq keyfiyyət sertifikatının verilməsidir.
Öyrəndik ki, müəssisədə yaradılan laboratoriyada müasir avadanlıqlar quraşdırılıb. Bunun sayəsində istər xammal, istərsə də hazır məhsulların keyfiyyət göstəricilərinə nəzarət təmin olunur. Belə ki, həmin avadanlıqlar məhsulların təzyiqə, istiliyə və zərbəyə davamlılığına, o cümlədən xammalın tərkibinin yoxlanmasına imkan verir.
Müəssisə təkcə muxtar respublikamızda deyil, ölkəmizin digər bölgələrində də keyfiyyətli məhsullar satışa çıxarır. Belə ki, mövcud tələbat nəzərə alınaraq, Bakı, Gəncə, Sumqayıt, Xaçmaz və Masallıda müəssisənin satış mərkəzləri yaradılıb. Gələcəkdə məhsulların Türkiyəyə, Gürcüstana və digər xarici ölkələrə ixrac olunması nəzərdə tutulur.
Müəssisədə üçnövbəli iş rejimi tətbiq edilib, təhlükəsizlik tədbirlərinə diqqət artırılıb, bununla bağlı işçilərə işə başlamazdan öncə müəyyən təlimatlar verilir. Ümumilikdə, müəssisədə 285 nəfər işlə təmin edilib, onlar üçün xidməti otaqlar yaradılıb. İşçilər rejimə uyğun yemək, xüsusi geyim forması və nəqliyyatla təmin olunublar. Müəssisə işçilərin bilik və təcrübələrini artırmaq məqsədilə də tədbirlər görür. Onlar Naxçıvan Regional Peşə Tədris Mərkəzində və Naxçıvan Biznes Mərkəzində təşkil olunan kurslara cəlb edilirlər.
İşçilərdən Zümrüd Məmmədova, Vüqar İsmayılov, Aynur Piriyeva və Şahin Qafarov bizimlə söhbətində dedilər ki, son illər muxtar respublikada çox sayda istehsal və emal müəssisələrinin yaradılması onlar üçün iş seçimi imkanını genişləndirib. İndi bu müəssisədə çalışaraq müqabilində yaxşı məvacib alır, ailələrinin maddi vəziyyətini yaxşılaşdırırlar. Təbii ki, yaxşı işin, gün-güzəranın olması hər kəsin ürəyincədir. Çalışırlar ki, göstərilən qayğıya əməli işləri ilə cavab versinlər. Bunun üçün də işə məsuliyyətlə yanaşır, əhaliyə keyfiyyətli məhsullar təqdim etməyə səy göstərirlər.
Bəli, bu gün muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsi, dövlət tərəfindən iş adamlarına lazımi dəstəyin göstərilməsi iqtisadiyyatımızın dinamik inkişafını təmin etməklə əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, mövcud sosial şəraitin daha da yüksəlməsinə xidmət edir. Yeni müəssisənin istifadəyə verilməsi muxtar respublikanın iqtisadi inkişafının göstəricisidir. İllər öncə tikinti materiallarının əksəriyyətinin xaricdən idxal olunduğunu göz önünə gətirsək, bu inkişafın nə qədər böyük miqyas aldığını görərik.
Nail ƏSGƏROV