23 Dekabr 2024, Bazar ertəsi

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza növbəti səfəri də, ənənəvi olaraq, müxtəlif obyektlərin açılış mərasimləri, dövlət başçısının Naxçıvanda görülən işləri yüksək qiymətləndirməsi, xalq-dövlət birliyinin bariz ifadəsi kimi yadda qalıb.  

Ölkə rəhbəri ilk açılışı muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda edib. Dövlət başçısı “Şərur şəhər və ətraf kənd­lərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında deyib: “Şərur şəhərinin içməli su problemi öz həllini tapıbdır. Gözəl, əlamətdar hadisədir. Mənə verilən məlumata görə, bir neçə kənd də indi içməli su ilə təmin olunur. Bu, çox vacib sosial layihədir... Həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərinin, qayğılarının, bütün sosial məsələlərin həlli üçün bizdə çox güclü iradə, imkanlar var və görülən işlər bizim siyasətimizi əks etdirir.
Naxçıvan Muxtar Respublikasında sosial sahənin inkişafı üçün çox böyük işlər görülübdür, xəstəxanalar, məktəblər tikilibdir, içməli su və digər infrastruktur layihələri icra edilir. Əlbəttə ki, bu məsələlər insanların rahat yaşaması üçün əsas şərtdir. İçməli su insan sağlamlığı üçün əsas məsələdir və biz bu məsələni ölkə üzrə hər bir yerdə həll edirik”.

Tikintisi 2012-ci ildə başlanılan, 2017-ci ilin dekabr ayında tamamlanan layihə rayon sakinlərinə göstərilən böyük dövlət qayğısının ifadəsidir. Layihədə nəzərdə tutulan işlərin həcmi xeyli böyük olsa da, bütün işlər yüksək keyfiyyətlə yerinə yetirilib. Belə ki, Arpaçay subölücüsündə gölün dibindən 6 metr dərinlikdə, eni 13, hündürlüyü 2, uzunluğu 134 metr olan qalereya tikilib. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir. Xətt üzərində 1 ədəd suboşaldıcı inşa olunub. Buradan gələn 3 su dezinfeksiya olunaraq su anbarlarına yığılır və öz axını ilə əhaliyə fasiləsiz ötürülür. Ümumi tutumu 27 min 500 kubmetr olan su anbarı tikilib. Qalereyadan Şərur şəhərinədək müxtəlifölçülü borularla 11 kilometr uzunluğunda ana xəttin tikintisi aparılıb.
Layihə ərazisində diametri müxtəlif ölçülərdə olan polietilen borularla 59,4 kilometr su xətti çəkilib, 2500 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində 7 yanğın hidrantı inşa edilib. Yerin relyefindən asılı olaraq mənzillərə su 2-5 bar arasında təzyiqlə verilir.
Layihə çərçivəsində rayon mərkəzində diametri 200 millimetrdən 400 millimetrə qədər olan borularla 19,3 kilometr kanalizasiya şəbəkəsi çəkilib, 1500 ev kanalizasiya xəttinə qoşulub. Kanalizasiya sularının kənarlaşdırılması üçün 7,3 kilometr uzunluğunda ana xəttin tikintisi aparılıb. Şərur şəhərində kanalizasiya şəbəkəsi 9300 sakinin istifadəsinə verilib.
Şərur şəhəri, Mahmudkənd və Zeyvə yaşayış məntəqələrinin bir hissəsinin 13 min 500 nəfər sakini təmiz, ekoloji cəhətdən tam yararlı və Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin edilib.
Rayon əhalisinə göstərilən növbəti böyük dövlət qayğısının daha bir ifadəsi olan bu layihənin reallaşdırılmasına sakinlərin münasibətini öyrəndik. Təqaüdçü müəllim Vidadi Süleymanov bildirdi ki, muxtar respublikamız ölkə Prezidentinin qədim diyarımıza 15 ildə 14-cü səfərinin zəngin təəssüratını yaşayır. Naxçıvanlılar dövlət başçısının hər gəlişində diyarımızda möhtəşəm obyektlərin açılış mərasimlərində iştirakının bir ənənə şəklini aldığını yaxşı bilirlər. Elə may ayının 16-da da belə olacağını gözləyirdilər.
Şərurlular torpağa bağlı, zəhmətkeş insanlardır. Onlar son illərdə bu bölgəyə göstərilən qayğıdan xeyli razılıq edirlər. Elə həmin gün keçirilən açılış mərasimi də qayğının daha bir ifadəsi idi və rayon ictimaiy­yətinin sevincini başa düşmək çətin deyildi. Su insan sağlamlığı üçün nə qədər əhəmiyyətlidirsə, təmizlik üçün də bir o qədər zəruridir. Bu imkanları bizə yaradan dövlət başçısına və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığımızı bildiririk.
Onu da deyək ki, həmin gün Prezident İlham Əliyev Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında da iştirak edib. Bu qurğu vasitəsilə həm də əkin sahələrini suvarmaq imkanı yaradılıb.
Giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarət olan kompleksdən Naxçıvan şəhəri, Qaraçuq, Qaraxanbəyli, Tumbul, Bulqan, Hacıniyyət, Babək rayonunun Şıxmahmud və Xəlilli kənd­lərinin 121 min sakini istifadə etmək imkanı qazanıb. Layihə çərçivəsində 318,4 kilometr kanalizasiya xətti çəkilib, 24 min 700 ədəd kanalizasiya ev birləşməsi aparılıb. Yeni təmizləyici qurğu üçün tutumu 25 min 600 kubmetr olan 6 ədəd hovuz tikilib. Çirkab sular təmizləmə hovuzuna, buradan oksigensiz hovuza, oksigensiz hovuzdan isə havalandırma hovuzuna ötürülür, sonra membranlara vurulur. Mövsüm vaxtı təmizlənmiş su suvarma hovuzuna, qış fəslində isə Araz çayına axıdılacaq. Fiziki, bioloji, membran təmizləmə üsulları ilə aparılan təmizləmə prosesi müasir standartlara tam cavab verir və təmizlənmiş su nasos vasitəsilə Qaraçuq beton kanalına vurulur. Yeni nasos vasitəsilə 330, öz axını ilə 170, ümumilikdə, 500 hektar sahənin suvarılması mümkündür.
O da qeyd olunmalıdır ki, muxtar respublikada meliorativ tədbirlərin həyata keçirilməsi qədim diyarda aparılan quruculuq işlərinin tərkib hissəsinə çevrilib. Bunun nəticəsidir ki, 2017-ci ildə muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə görülən tədbirlər nəticəsində 407 hektar sahədə su resurslarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemləri quraşdırılıb.
Hərtərəfli dövlət qayğısının davamlı xarakter almasının nəticəsidir ki, bu istiqamətdə həyata keçirilən işlərin bundan sonra da görülməsinin vacibliyini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti elə həmin gün – may ayının 16-da “Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən muxtar respublikamıza 5 milyon manat pul ayrılıb.
Görülən bütün bu işlər isə ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ulu öndər Heydər Əliyev siyasətinin uğurlu və yeni müstəvidə davam etdirilməsinin göstəricisidir. Muxtar respublikaya səfəri zamanı Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşündə dövlət başçısının dediyi kimi: “Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında. Bir daha demək istəyirəm ki, burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin.
Mən də ulu öndərin siyasi xəttinə sadiq qalaraq bütün sahələrdə, o cümlədən Naxçıvana qayğı, diqqət məsələlərində o yolu davam etdirirəm”.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR