Makroiqtisadi sabitliyin qorunması iqtisadi inkişafın əsas şərtlərindəndir. Bu sahədə həyata keçirilən işlər sırasında isə, şübhəsiz ki, iqtisadi aktivliyin artırılması məqsədilə bank sektoru tərəfindən davamlı olaraq həyata keçirilən tədbirlərin də mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikasında real sektora kredit qoyuluşunun artması və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması nəticəsində bank sektorunun maliyyə dayanıqlılığı ötən dövr ərzində də uğurla təmin olunub. Verilən kreditlər ümumi iqtisadi aktivliyin artırılmasında, sahibkarlığın inkişafında, məşğulluğun təmin olunmasında mühüm rol oynayır.
İqtisadiyyatın müxtəlif sahələrinin kreditləşdirilməsi ilə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata əsasən muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 may 2018-ci il tarixə iqtisadiyyata yönəldilən kredit qoyuluşlarının həcmi 105 milyon 354 min manata çatmış, nəticədə, qısamüddətli kredit qoyuluşunun həcmi 2 milyon 634 min manata, uzunmüddətli kredit qoyuluşu isə 102 milyon 720 min manata yaxın olmuşdur.
Aparılan təhlillər göstərir ki, cari ilin yanvar-aprel aylarının nəticələri, ümumilikdə, muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları üçün uğurlu olub. Belə ki, banklar qarşısında qoyulmuş ən mühüm vəzifələrdən biri olan iqtisadiyyata kredit qoyuluşunda müsbət dinamika qorunub saxlanılıb. Cari ilin ilk 4 ayı ərzində Naxçıvan Muxtar Respublikasında verilmiş kreditin ümumi məbləği 18 milyon 187 min manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, təqribən, 2,6 dəfə çoxdur. Verilmiş kreditlərin 5 milyon 115 min manatı sənaye, 2 milyon 18 min manatı kənd təsərrüfatı, 670 min manatı tikinti, 7 milyon 11 min manatı kommunal və istehlak, 2 milyon 50 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə və digər sahələrə yönəldilib. Kreditlərin dinamikasına gəldikdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə verilmiş kreditlərin həcmində tikinti sahəsi üzrə, təxminən, 9,5, kənd təsərrüfatı üzrə, ümumilikdə, təxminən, 2, ayrıca heyvandarlıq sahəsi üzrə, təqribən, 2,6, arıçılıq üzrə 13,2, kartofçuluq üzrə isə 1,2 dəfə artım olub.
Cari ilin ilk 4 ayının nəticələrinə görə, muxtar respublika iqtisadiyyatına kredit qoyuluşunu həyata keçirən kredit təşkilatları arasında isə 91,4 faizlə özəl bankların üstünlük təşkil etdiyini görmək olar. Bunlardan sonrakı yerləri 6,4 faizlə dövlət bankları, 2,2 faizlə bank olmayan kredit təşkilatları tutmaqdadır.
Təhlil olunan dövrdə bankların fəaliyyətinin digər bir mühüm istiqaməti olan əmanətlərin cəlb edilməsində də xeyli irəliləyiş olduğu görünməkdədir. Belə ki, 1 may 2018-ci il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda mövcud olan fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 764 min manat, o cümlədən milli valyuta ilə 5 milyon 46 min, xarici valyuta ilə isə 1 milyon 718 min manat təşkil edib. Banklara qoyulan əmanətlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə milli valyuta ilə, təqribən, 1,5 dəfə artması, xarici valyuta ilə cəlb edilən əmanətlərin həcminin isə 1,7 dəfə azalması bank-maliyyə sistemində yaranmış sabitlikdən qaynaqlanmaqla ümumi müsbət tendensiyadan xəbər verir.
Bütün bunları ümumiləşdirərək muxtar respublikada bank sektorunda dayanıqlılığın təmin olunduğunu göstərmək mümkündür. Muxtar respublikada fəaliyyət göstərən bank qurumlarının real sektoru dəstəkləmək istiqamətində verilmiş tapşırıqlara əməl etməsi, nağdsız ödənişlərə geniş yer verməklə nağd pul kütləsinin bank dövriyyəsinə cəlb edilməsi və kredit portfelinin keyfiyyətinə nəzarətin artırılması istiqamətində öz işlərini gücləndirməsi qarşıdakı dövrdə bu göstəricilərin daha da yaxşılaşdırılmasına imkan verəcəkdir.
Əli CABBAROV