Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına hər səfəri əlamətdar hadisələrlə yadda qalır. Səfər çərçivəsində ölkə başçısı muxtar respublikada bir sıra mühüm obyektlərin açılış mərasimində iştirak edir, hökumət və ictimaiyyət nümayəndələri ilə görüşür. Cari ilin may ayının 16-da dövlət başçısının qədim diyarımıza növbəti səfərində də çox böyük əhəmiyyətə malik obyektlərin açılışı oldu. Bundan başqa, Azərbaycan Prezidenti həmin gün bir sıra mühüm infrastruktur layihələrinin həyata keçirilməsinə dövlət maliyyə dəstəyinin göstərilməsi üçün bir neçə sərəncam imzalayıb. Bu sərəncamların hər biri muxtar respublikamızın gələcək inkişaf perspektivlərinə hesablanıb.
Əvvəlcə onu qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı, müxtəlif sahələr üzrə əldə olunmuş nailiyyətlər göz qabağındadır və ölkə başçısı ictimaiyyətlə görüşlərində bu amili xüsusilə vurğulamışdır. Son 15 il ərzində muxtar respublikanın ümumi daxili məhsulunun on dəfəyə yaxın artması dünya miqyasında rekord göstəricidir. Azərbaycan Respublikası Prezidentinin səfər çərçivəsində, demək olar ki, bütün görüşlərində Naxçıvanın uğurlu inkişafından söz açması və ötən dövrdə müxtəlif sahələrdə böyük uğurların əldə edildiyini dəfələrlə dilə gətirməsi, eyni zamanda muxtar respublikada görülən işlərə verilən ən yüksək qiymət idi. Elə həmin gün müxtəlif sahələr üzrə imzalanan sərəncamlar da mövcud inkişafın davamlılığını şərtləndirən mühüm amildir.
Ötən dövrdə muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi addımlar atılmış, müxtəlif həcmli enerji istehsal edən obyektlər istifadəyə verilmişdir. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir. Bundan əlavə, muxtar respublikanın əlverişli iqlim şəraiti, ekoloji cəhətdən təmiz, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə nəzərə alınaraq Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, Babək rayonunda 22 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Əgər əvvəllər muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 may tarixli “Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamına görə isə Ordubad rayonunda inşa olunan 36 meqavat gücündə su elektrik stansiyasının tikintisinin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərclər) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün müvafiq yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatının Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılması nəzərdə tutulmuşdur.
Digər sərəncam isə Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. 5 milyon manatın ayrılmasını nəzərdə tutan həmin sərəncamda qeyd olunur ki, aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına təmin edilməsi, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azaldılması, ixracyönümlü məhsulların istehsal həcminin artırılması istiqamətində son illərdə mühüm addımlar atılmışdır. Naxçıvan Muxtar Respublikasında mövcud potensialdan səmərəli istifadə olunmaqla görülmüş meliorativ tədbirlər nəticəsində 407 hektar sahədə su resurslarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması başa çatdırılmışdır. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq yuxarıda adıçəkilən vəsait bölgüsündən muxtar respublika Nazirlər Kabinetinə 5 milyon manat maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmuşdur.
Dövlət başçısının 2018-ci il 16 may tarixli “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında isə adıçəkilən avtomobil yolunun tikintisi üçün 30 milyon manat vəsaitin ayrılması qeyd olunmuşdur. Xatırladaq ki, bundan əvvəl də respublika Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı – Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına əsasən uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 27 avqust tarixli Sərəncamına əsasən uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən müvafiq yol yenidən qurulmuşdur. Eyni zamanda əvvəlki dövrlərdə ölkə başçısının digər sərəncamları ilə yenidən qurulmuş 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək və 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolları bu gün muxtar respublikada sərnişin və yük daşımalarında böyük əhəmiyyət daşıyan mühüm layihələrdəndir. Növbəti sərəncam isə Ordubad rayonu istiqamətində nəqliyyat əlaqələrinin daha da təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir.
Nəhayət, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 may tarixli Sərəncamı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 milyon manat ayrılıb.
Ümumilikdə, dövlət başçısının Naxçıvana növbəti səfərindən sonra eyni gündə imzalanan sərəncamlarla muxtar respublikada infrastruktur layihələrinin həyata keçirilməsi üçün 55 milyon manat vəsait ayrılıb. Ümumi gəlinən nəticə bundan ibarətdir ki, imzalanan sərəncamlar ölkə rəhbəri cənab İlham Əliyevin qədim Azərbaycan diyarı Naxçıvana göstərdiyi böyük qayğının və qazanılmış nailiyyətlərin davamlı xarakter aldığının göstəricisidir.
Səbuhi HƏSƏNOV