Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi inkişafının əsasını təşkil edir. Bu gün ölkəmizdə müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılması, rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi prioritet məsələdir. Son illər həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində Azərbaycanın ümumdünya elektron məkanına sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyinin həlli istiqamətində mühüm addımlar atılmışdır.
Muxtar respublikamızda da bu istiqamətdə mühüm işlər görülür, informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf etdirilir. Belə ki, son illər rabitə və informasiya-kommunikasiya texnologiyalarının inkişafını təmin etmək məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər sosial-iqtisadi inkişafda bu sahənin rolunu artırmaqdadır. Artıq muxtar respublika informasiya-kommunikasiya texnologiyaları sahəsində keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Bu il aprelin 24-dən 26-dək Naxçıvan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının “Beynəlxalq standartlara uyğun elektrorabitə/informasiya-kommunikasiya texnologiyaları indikatorlarının unifikasiyası” mövzusunda regional seminarı və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Rabitə Təşkilatının rabitə iqtisadiyyatı üzrə Komissiyasının 31-ci iclası keçirilmişdir. Hər iki beynəlxalq tədbirdə 11 ölkədən 50 nümayəndə iştirak etmişdir. Tədbirlərdə Regional Rabitə Təşkilatına üzv olan ölkələrin milli qanunvericiliyinin müxtəlif istiqamətləri, beynəlxalq çağırışlar üzrə operatorlararası tariflərin unifikasiyası, informasiya-kommunikasiya texnologiyaları sektorunun və informasiya cəmiyyətinin inkişafının iqtisadi aspektləri, rəqəmli yayım üzrə tətbiq edilən xidmətlərin tənzimlənməsi qaydaları, informasiya-kommunikasiya texnologiyaları üzrə statistik göstəricilərin təkmilləşdirilməsi və digər məsələlər müzakirə edilmişdir.
Naxçıvan şəhərində hər iki beynəlxalq tədbirin yüksək səviyyədə təşkili qonaqlar tərəfindən razılıqla qarşılanmışdır. Tədbir iştirakçıları beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə öz təşəkkür və təbrik məktublarını ünvanlamışlar. Həmin məktublardan bir neçəsini oxuculara təqdim edirik:
Beynəlxalq Telekommunikasiya İttifaqının İnformasiya-kommunikasiya texnologiyaları üzrə statistik məlumatlar və informasiya departamentinin rəhbəri Syuzan Telçer: “Bu, Naxçıvana, ümumilikdə, Azərbaycana ilk səfərim idi. Ümumi mənzərəsi, təbiəti xoşuma gəldi. Naxçıvan gözəl dağlarla əhatə olunub, zəngin tarixi, mədəniyyəti var. Çox sakit, rahat bir yerdir. Naxçıvan qədimliyi və müasirliyi özündə birləşdirən bir şəhərdir. İnsan burada özünü çox rahat və sakit hiss edir. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Ev sahibi olaraq göstərdiyiniz yüksək qonaqpərvərliyə görə sizə öz təşəkkürümü bildirirəm”.
Beynəlxalq Telekommunikasiya İttifaqının Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə rəhbəri Orozobek Kayıkov: “24-26 aprel tarixlərində Naxçıvan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üçün “Beynəlxalq standartlara uyğun elektrorabitə/informasiya-kommunikasiya texnologiyaları indikatorlarının unifikasiyası” mövzusunda regional seminarın keçirilməsi üçün yaradılan yüksək şəraitə görə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə öz təşəkkürümü bildirirəm. Tədbir iştirakçıları üçün gözəl yerin seçilməsi, effektiv administrasiya dəstəyi, yüksək səviyyəli təşkilatçılıq seminarın uğurla keçirilməsinə təsir etmişdir. Biz şadıq ki, Beynəlxalq Telekommunikasiya İttifaqının fəaliyyəti və keçirilən seminarın mövzusu Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində maraq yaratdı və gələcəkdə əlaqələrin daha geniş inkişaf edəcəyinə ümid edirik”.
Müstəqil Dövlətlər Birliyi üzrə Regional Rabitə Təşkilatının rabitə sahəsində regional əməkdaşlıq İcraiyyə Komitəsinin Baş direktoru Nurudin Muhitdinov: “Naxçıvan şəhərində Regional Rabitə Təşkilatının rabitə iqtisadiyyatı üzrə Komissiyasının 31-ci iclasının yüksək səviyyədə təşkilinə görə Regional Birliyin İcraiyyə Komitəsi adından Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bütün kollektivini səmimi qəlbdən təbrik edirəm. Mütəxəssislərinizin yüksək təşkilatçılığı, dəqiqliyi, konstruktiv və dostluq münasibətləri nəticəsində qarşıya qoyulan bütün məsələlər uğurla həll edilmişdir. Naxçıvan şəhərinin unudulmaz memarlıq ansamblı ilə tanışlıq üçün yaradılan şəraitə, ölkənin özünəməxsus ənənələri ilə tanışlığa, mədəniyyət və adət-ənənələrin qorunmasına həssas münasibətə görə tədbir iştirakçıları xahiş etdilər ki, nazirliyə xüsusi təşəkkür edim. Yuxarıda deyilənləri nəzərə alaraq, Regional Rabitə Təşkilatının İcraiyyə Komitəsi ümidvardır ki, bu tədbirlərin yüksək səviyyədə təşkil olunması və keçirilməsində Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarının təcrübəsi bundan sonra da beynəlxalq birliyin və bizim regionun ölkələri arasında əlaqələrin möhkəmlənməsində böyük rol oynayacaq”.
Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiyaTexnologiyaları Nazirliyinin mətbuat xidməti