Mayın 25-də Sədərək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov son illərdə rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov bildirib ki, ötən müddət ərzində Sədərək rayonunda hüquqi və fiziki şəxslərin sığortaya cəlb olunması istiqamətində müəyyən işlər görülüb, müxtəlif sığorta növləri üzrə bağlanılan müqavilələrin sayında artım olub. Belə ki, rayonda cari ilin ilk beş ayında sığorta haqlarının toplanması ötən ilin müvafiq dövrü ilə müqaysədə 10,5 faiz, sığorta müqavilələrinin sayı isə 15 ədəd artıb.
Tədbirdə daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari, ev əmlakı, fərdi qəza sığortaları və digər sığora növləri üzrə mövcud vəziyyət təhlil edilib.
Sonra Sədərək Rayon Polis Şöbəsinin Kadrlar və şəxsi heyətlə iş üzrə baş inspektor səlahiyyətlərini əvəz edən polis kapitanı Nail Piriyev, rayon Yanğın Təhlükəsizliyi Şöbəsinin müfəttişi Bayram Şükürov, Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Seymur Məmmədov icbari sığortalar sahəsində görülmüş işlərin vəziyyəti barədə məlumat veriblər.
- Ə.CABBAROV