23 Dekabr 2024, Bazar ertəsi

Mədəni və yabanı dərman bitkilərinin toplanması, qurudulması və tədarükü qaydaları ilə bağlı maarifləndirici tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov açıb.
AMEA Naxçıvan Bölməsinin Bioresuslar İnstitutunun əməkdaşı Əliyar İbrahimov bildirib ki, muxtar respublikada 3050-dən artıq bitki növü var. Bunlardan 800 növə yaxını müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən qiymətli dərman bitkiləridir. Məruzəçi rayonda yayılan dərman bitkilərinin növləri, farmakoloji xüsusiyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, elə dərman bitkiləri var ki, təsiredici maddə bitkinin kökündə, çiçəyində və yaxud gövdəsində olur. Ona görə də toplanmazdan əvvəl mütləq bu bitkilər haqqında məlumatlı olmaq lazımdır. Bunun üçün institut tərəfindən Naxçıvanda olan dərman bitkiləri haqqında kitab nəşr olunub və hər bir təsərrüfat sahibi bu kitabdan faydalana bilər.
Əliyar İbrahimov toxumla artan dərman bitkiləri haqqında da məlumat verərək diqqətə çatdırıb ki, bu bitkilər toplanarkən onların 10-12 faizi mütləq saxlanılmalıdır ki, həmin bitkilərin kökü kəsilməsin.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Əli Şərifov dərman bitkilərinin toplanılması və paketlənməsinin əhəmiyyətindən danışaraq bildirib ki, təsərrüfat sahibləri bu bitkiləri toplayıb qablaşdırmaqla yaxşı qazanc əldə edə bilərlər.

Qeyd olunub ki, ailə təsərrüfatlarının topladığı dərman bitkilərinin etiketləşdirilməsi və qablaşdırılması bu məhsulların Naxçıvan bazarı ilə yanaşı, Bakı şəhərinə, həmçinin xarici ölkələrə idxal imkanlarını genişləndirir. Bu dərmanların etiketləşdirilməsində də agentlik təsərrüfat sahiblərinə hər cür köməklik göstərə bilər. Belə ki, agentliyə müraciət edən hər bir ailə təsərrüfatı sahibinə etiketlərin hazırlanması ödənişsiz həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov Naxçıvan Biznes Mərkəzində ailə təsərrüfatları ilə bağlı ayrıca guşə yaradıldığını bildirib. Həmçinin Naxçıvan şəhərində ailə təsərrüfatı məhsullarının qablaşdırılması üçün tara mağazası fəaliyyətə başlayıb ki, bu mağazadan da qablaşdırma üçün sifarişlər verilə bilər.
Tədbirdə təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb, onlara dərman bitkilərinin toplanması, qurudulması qaydaları ilə bağlı bukletlər paylanılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR