Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda cari ildə də tikinti-quruculuq tədbirləri sürətlə davam etdirilir. Belə tədbirlərdən biri rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa edilən yeni binanın tikintisidir. Obyektdə artıq hörgü-beton işləri tamamlanıb və hazırda daxildə suvaq işləri aparılır. Binanın su və kanalizasiya, elektrik, rabitə xətləri işlənib, istilik sisteminin çəkilişinə hazırlıq görülür.
Qeyd edək ki, Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq. Müasir memarlıq üslubuna malik muzey binasında ekspozisiya zalı, fond və yardımçı otaqlar yaradılacaqdır. Tikinti işləri başa çatdıqdan sonra binanın ətrafında abadlıq işləri görüləcək, yaşıllıq zolaqları salınacaq, binanın yerləşdiyi ərazi rayona gələn çoxsaylı qonaqların, xarici turistlərin ziyarət edəcəyi əsas ünvanlardan birinə çevriləcək.
Muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Şərur şəhərində də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər diqqət mərkəzində saxlanılır. Yeni, hərtərəfli şəraitə malik binalar inşa edilərək istifadəyə verilir, ehtiyac duyulan ictimai yaşayış binalarında yenidənqurma işləri aparılır. Eyni zamanda bir sıra binaların yaşayış sahələri genişləndirilir, əlavə tədbirlər hesabına onların təməlləri möhkəmləndirilir.
Görülən işlərin davamı olaraq rayon mərkəzinin Kapitan Seyidov küçəsindəki 7 nömrəli, beşmərtəbəli yaşayış binasının əsaslı təmirinə başlanılıb. Binanın dam örtüyü, qapı və pəncərələri dəyişdiriləcək, fasad hissəyə milli ornamentlərə uyğun travertin üzlüklər çəkiləcək, bütün kommunikasiya xətləri təzələnəcək. Dəhlizlərə üzlük plitələr düzüləcək. Mənzillər fasiləsiz olaraq ekoloji cəhətdən saf içməli su ilə təmin ediləcək. Yaşayış binasının həyətində abadlıq, yaşıllaşdırma işləri aparılacaq.
Rayonun İbadulla, Kosacan və Kərimbəyli kəndlərində də geniş quruculuq işləri aparılır. Hər üç ünvanda məktəb, kənd və xidmət mərkəzlərinin inşasına başlanılıb.
Ramiyyə ƏKBƏROVA