Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi 2018-ci ilin ötən dövrü ərzində də prioritet sahələr kimi öz əhəmiyyətini qorumuşdur. Belə ki, il ərzində sənaye və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 18 layihənin əsası qoyulmuşdur. Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikamızın, demək olar ki, bütün bölgələrində yaradılan istehsal və xidmət sahələri regional inkişaf üçün də mühüm əhəmiyyət daşıyır.
Muxtar respublikada rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayenin inkişafının sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Cari ilin ötən dövrü ərzində müasir standartlara cavab verən belə sənaye müəssisələri fəaliyyətə başlayıb.
Müəssisələrin profillərinə gəldikdə, burada sənaye sahəsi üzrə qızıl-gümüş zinət əşyaları istehsalı, plastik boru, profil və aksesuarların istehsalı sahələri diqqəti cəlb edir.
Muxtar respublika iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən sənaye sahəsi üzrə bu layihələr arasında ilk olaraq Naxçıvan şəhərində “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qızıl-gümüş zinət əşyaları istehsalı sahəsini, “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən plastik boru, profil və aksesuarların istehsalı sahəsini göstərmək olar. Belə ki, bu müəssisələrdə, ümumilikdə, 320 nəfər üçün yeni iş yerləri yaradılmışdır. Özəl investisiya qoyuluşu və dövlət maliyyə dəstəyi ilə yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bir sıra məhsullar üzrə idxaldan asılılıq azalmış, tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Bu ilin ötən dövrü ərzində muxtar respublikada kənd təsərrüfatı sahələri üzrə istifadəyə verilmiş müəssisələr arasında Şərur rayonunda heyvandarlıq, balıqçılıq, istixana təsərrüfatlarını, Babək rayonunda heyvandarlıq təsərrüfatlarını, cücə istehsalı sahəsini, “Sumqala Tikinti Təchizat” MMC tərəfindən mövcud üzüm bağının genişləndirilməsini, Culfa, Ordubad, Kəngərli rayonlarında heyvandarlıq təsərrüfatlarını göstərmək mümkündür.
Qarışıq yem istehsalı, qaynaq çubuğu (elektrod) və kimyəvi tərkibli tikinti materialları, plastik tara, tullantı yağların yenidən emalı və bərk sürtkü yağlarının, plastik səbət, süd məhsulları istehsalı, soyuducu anbar, quşçuluq və heyvandarlıq təsərrüfatları, arı yeşiyi, çərçivə (pətək) istehsalı və arıçılıq təsərrüfatı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və xidmət sahələri olmaqla, 20 sahənin yaradılması istiqamətində işlər davam etdirilməkdədir.
Həyata keçirilən layihələrin reallaşdırılması məqsədilə cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 17 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 5 milyon 609 min 700 manat maliyyə dəstəyi göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti