Naxçıvan Dövlət Universitetində keçirilən konfransda muxtar respublikada arıçılıqla məşğul olan iri təsərrüfat sahibləri, Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Arıçılar Assosiasiyası, Türkiyənin Uludağ Universiteti, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Peşəkar Arıçılar Birliyi, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və Baytarlıq Xidmətinin əməkdaşları iştirak ediblər.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransı giriş sözü ilə açaraq muxtar respublikada arıçılığa göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, regionda kənd təsərrüfatının digər sahələri kimi, arıçılığın da inkişafı dövlət qayğısı ilə əhatə olunub.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev bildirib ki, arıçılara davamlı dövlət qayğısı göstərilir. Naxçıvanda 2017-2022-ci illərdə arıçılığın inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir. Təkcə 2017-ci ildə bu sahə üzrə təsərrüfat subyektlərinə 50 min manat məbləğində kredit verilib, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılıb. Tədbirdə son illər Naxçıvanda arıçılığın inkişafı barədə geniş söhbət açılıb. Bildirilib ki, muxtar respublikada əvvəllər cəmi 6045 arı ailəsi var idisə, göstərilən dövlət qayğısının nəticəsində arı ailələrinin sayı artıq 70 mini ötüb.
Türkiyənin Uludağ Universiteti Baytarlıq fakültəsi, Parazitologiya kafedrasının professoru Levent Aydın arıçılığın mövcud problemləri, müxtəlif arı xəstəlikləri haqqında məlumat verib. Vurğulanıb ki, arı xəstəlikləri zamanı kimyəvi dərman preparatlarından vaxtında və düzgün istifadə etməklə yüksəkkeyfiyyətli və saf arıçılıq məhsulları almaq olar. Qonaq arı xəstəliklərinin vaxtında müəyyən edilib aşkarlanmasında müasir metodların əhəmiyyətindən danışıb.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov istehsal olunan məhsulların xarici bazara çıxarılması yolları haqqında məlumat verib.
Sonra konfrans “Regionlarda arıçılığın müasir vəziyyəti, yem bazası və inkişaf perspektivləri”, “Arı yetişdirmə seleksiya-damazlıq işi və yerli arı genofondunun qorunma yolları”, “Arıçıların təhlükəli arı xəstəlikləri və zərərvericilərinə qarşı aparılan baytarlıq-sanitariya tədbirləri” mövzularında bölmə iclasları ilə davam etdirilib.
Səadət Əliyeva