Mayın 22-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsində istehsal olunan məhsulların Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən tikinti şirkətləri və tikinti materiallarının topdan satışı ilə məşğul olan mağaza sahiblərinə tanıdılması məqsədilə tədbir keçirilib.
Tədbirdə çıxış edən cəmiyyətin icraçı direktoru Anar Abdullayev bildirib ki, plastik boru, profil və aksesuarların istehsalı ilə məşğul olan müəssisənin məqsədi daxili bazarı yüksəkkeyfiyyətli tikinti materialları ilə təmin etməkdir. Burada quraşdırılmış tam avtomatlaşdırılmış avadanlıqlarla müxtəlif qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su boruları, eləcə də polietilen əsaslı sərt sulama boruları, PVC əsaslı lambir, saydinq və aksesuarlar, PVC əsaslı yumşaq rezin suvarma şlanqları, kanalizasiya boruları, müxtəlif boru fitinqləri olmaqla, 7 növdə və 160 çeşiddə məhsul istehsal olunur. Bu avadanlıqlar vasitəsilə məhsulların təzyiqə, istiliyə və zərbəyə davamlılığının, o cümlədən xammalın tərkibinin yoxlanması da mümkündür. Burada istehsal olunan hər məhsul növünə beynəlxalq sertifikat verilib.
İstehsal edilən məhsullar haqqında ətraflı məlumat alan sahibkarlarla söhbət zamanı onlar daxili bazarda belə məmulatlara böyük tələbat olduğunu xüsusi vurğuladılar. “Təməl” Sənaye və Ticarət Şirkətinin təmsilçisi Rövşən Hüseynov, Naxçıvan şəhərində tikinti materialları satışı ilə məşğul olan sahibkar Rəhim Qasımov, şərurlu topdansatış mağaza sahibi Şəmsəddin Seyidov və Babək rayonunun Nehrəm kəndindən gəlmiş Vaqif İsmayılov dünya standartlarına uyğun olan, yüksəkkeyfiyyətli, qiymətcə münasib olan belə mallara üstünlük verildiyini bildirdilər.
Qeyd edək ki, tədbirdə iştirak edən Naxçıvan şəhərində və muxtar respublikamızın rayonlarında fəaliyyət göstərən 60-a yaxın sahibkar müəssisədəki istehsal texnologiyası ilə tanış olub.
Əli CABBAROV