Muxtar respublikamızda bir çox istiqamətlərdə festivalların keçirilməsi artıq ənənə halını alıb. Son illərin yeniliyi kimi bu sırada kənd təsərrüfatının inkişafı, diyarımızda yetişdirilən müxtəlif növ məhsulların daha geniş formada təbliği məqsədilə təşkil olunan festivallar da xüsusi qeyd olunmalıdır ki, onlardan biri də “Göycə” festivalıdır. Bu qiymətli meyvə məhsulu ilə bağlı festivalın təşkilində başlıca amillər hansılardır? Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənovla həmsöhbət olduq. O bildirdi ki, Naxçıvan tarixən əkinçiliyin inkişaf etdiyi və özünəməxsus bağçılıq ənənəsi və iqlim müxtəlifliyi ilə seçilən bir diyardır. Mənbələrdə bu qədim diyarda bağçılığın üç min beş yüz ildən çox tarixə malik olduğu qeyd edilir. Muxtar respublikanın əlverişli torpaq-iqlim şəraiti burada gözəl ətrə və ləziz tama malik olan yüksəkkeyfiyyətli meyvələr yetişdirilməsinə imkan verir.
Hələ XV əsrdə yaşamış tarixçi səyyahların yazılarında qeyd olunur ki, Naxçıvanda olduğu qədər dadlı və ləziz meyvə sortları dünyanın heç bir yerində yoxdur. Burada yetişdirilən meyvələr təzə halda və qurudularaq daxili bazarla yanaşı, xarici ölkələrdə də özünə alıcı tapıb.
Bu qədim diyarda meyvəçilik XIX əsrin əvvəllərindən başlayaraq daha geniş müstəviyə qədəm qoyub. Ötən əsrin 70-80-ci illərində isə meyvə-tərəvəz məhsullarının emalı üçün konserv zavodlarının yaradılması meyvəçilikdə yeni inkişaf mərhələsinin başlanmasına səbəb olub.
Son illər meyvəçiliyin gəlirli sahə kimi inkişaf etdirilməsinə xüsusi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə qəbul edilən “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na əsasən bu illər ərzində məqsədyönlü tədbirlər həyata keçirilib. İstehsalçılara meyvə bağlarının salınması üçün güzəştli kreditlər ayrılıb və meyvə məhsullarının saxlanması üçün soyuducu anbarlar tikilib istifadəyə verilib. Ali Məclis Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” isə bu istiqamətdə daha geniş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ötən müddət ərzində bu sahədə xeyli iş görülüb, yeni meyvə bağları salınıb. Bu zaman yerli və məhsuldar, həmçinin xalq seleksiyaçılarının yetişdirdikləri itməkdə və unudulmaqda olan sortlara üstünlük verilib.
Əsgər Həsənovun sözlərinə görə, naxçıvanlı bağbanlar bir çox əsrlər ərzində özlərinə məxsus üsullarla tumlu, çəyirdəkli və qərzəkli meyvələrin 500-dən artıq nadir sortlarını yetişdiriblər.
Çəyirdəkli meyvələr bioloji cəhətdən bir-birlərinə çox yaxındırlar. Onların becərilməsi üsulları da, demək olar ki, oxşardır. Bu meyvələrdən alça, gavalı və göyəm çox qədim zamanlardan bəzi insanlar tərəfindən meşələrdən dərilərək istifadə edilib. Zaman keçdikcə həmin bitkiləri yaşayış yerlərinin yaxınlığında əkib meyvələrindən qidalanıblar.
Uzun illər xalq seleksiyaçıları bu meyvə bitkilərinin daha məhsuldar sortlarını seçərək calaq yolu ilə yeni sortlarını yaradıblar. Bu meyvə sortlarından ən çox istifadə olunanı alçadır. Alçanın mədəni sortları yalnız Azərbaycanda şöhrət qazanıb və buradan da çox qədim zamanlardan başqa yerlərə aparılıb. Ağacları quraqlığadözümlü, məhsuldar və müxtəlif xəstəliklərə davamlı olduğundan bağlarda çox becərilir. Cır alça gözəl calaqaltı sayılır. Meyvələri erkən yetişmə vəziyyətinə gətirmək üçün insanlar müxtəlif calaqlar edərək göycə sortunu yaradıblar. Göycə daha iri, yetkin meyvəsinin ləti sulu və şirəli, lət hissəsi çəyirdəkdən tez ayrılan, dadlı və öz tamı ilə seçilən qiymətli bir meyvədir. Azərbaycanın bir çox rayonlarında becərilsə də, meyvəsinin dadına və keyfiyyətinə görə “Naxçıvan göycəsi” daha məşhurdur. Bu sortun meyvəsi göy yeyildiyi üçün ona “göycə” adı verilib. Yetişmiş meyvələri yalnız qurutmaya sərf olunur.
Diyarımızda “tələbi”, “göycə sultanı”, “yaz mələsi”, “yay mələsi”, “payız mələsi” (Ordubad rayonunda) sortları geniş yayılıb.
Göycə çox çınqıllı, daşlı və həddindən artıq bərk gilli torpaqları sevmir. Belə torpaqlarda göycə alçaya calanmalıdır. Yaxşı məhsul verməsi üçün o qüvvətli və yumşaq torpaqlara əkilməlidir.
Göycə, gavalı, alça və göyəm bitkiləri üçün torpaqda 3-8 faizə qədər kirəcin (əhəngin) olması çox əhəmiyyətlidir. Bunların meyvələrinin keyfiyyəti kirəcli torpaqlarda yüksək olmaqla bərabər, məhsulları bol olur. Bu növə aid olan meyvə ağacları çəyirdəkləri, pöhrələri, qələmləri ilə artırılır, çox gözəl calaq tuturlar. Toxumları ilə artırıldıqda yalnız özü tozlananlar ana sorta məxsus əlamətləri saxlayırlar, əksər hallarda toxumdan cır alınır. Buna görə də istənilən sortları artırmaq üçün yalnız pöhrələrdən və calaq üsulundan istifadə edilir.
Əsgər Həsənovun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası şəraitində göycə üçün ən münasib və qiymətli calaqaltı alçadır. Bundan başqa, göycə üçün albuxara və gavalı da yaxşı calaqaltı ola bilər, lakin calaqdan alınan göycə ağacının ömrü az olur. Göycədə ən əlverişli calaq göz və yarma calaqları hesab edilir.
Ta qədim dövrlərdən suvarma əkinçiliyinin inkişaf etdiyi dövrə qədər Naxçıvan şəhərində əkin sahələri və meyvə bağları burada mövcud olan qədim kəhrizlərin suyundan istifadə etməklə suvarılıb. Bu gün də şəhərin qədim məhəllələrindən sayılan “Çuxur”, “Sarvanlar”, “Xıncab”, “Şahab” və Əlixan məhəllələrində həyətyanı sahələr, əsasən, kəhriz suları ilə suvarılır.
Naxçıvan şəhərinin məhəllələrində çox qədimdən həyətyanı sahələrdə yetişdirilən alma, göycə, alça, ərik, armud və sair meyvələr öz dadına, tamına, ətrinə və digər keyfiyyətlərinə görə bölgələrdə yetişdirilən meyvələrdən üstün hesab edilib və bu gün də həmin üstünlük saxlanılmaqdadır. Belə ki, tərkibindəki C vitamininin miqdarına görə fərqlənən, yüksək alıcılıq qabiliyyəti olan göycə uzun illərdir ki, insanların sevimli meyvəsi olmaqla, Naxçıvanın adına şöhrət qazandırıb. Aparılan tədqiqatlar belə nəticəyə gəlməyə əsas verir ki, göycənin tərkibində olan turşuluğun, qələviliyin və şəkərliliyin nisbətləri onu pəhriz meyvələr qrupuna aid etməyə əsas verir. Digər tərəfdən, bitkinin kəhriz suyu ilə suvarılması da meyvənin dadına öz təsirini göstərir.
Göycə bağlarının salınması üçün torpağın dərindən şumlanıb hazırlanması vacibdir. Çınqıllı, yumşaq torpaqlarda dərin şuma ehtiyac yoxdur. Çünki göycənin kökləri torpağın üst qatlarında olur. Bağlarda əsas diqqət torpağın becərilməsinə verilməlidir.
Göycə cavan barvermə dövründə çox budanmalıdır. Meyvəvermə yaşına kimi onlara istənilən formanı vermək mümkündür. Ağaclar hər iki ildən bir budanmalıdır. Başlı-başına buraxıldıqda ağac çətirinin ortaları çılpaqlaşır, cavan şivlərin (pöhrələrin) yalnız ağacın çətiri altında əmələ gəlməsinə və məhsulun tədricən azalmasına səbəb olur.
Göycə ağacları birinci ilində sürətlə böyüyüb yaxşı boy atır, üçüncü ildə məhsula düşür, 4-5-ci ilində isə məhsul verməyə başlayır. Bu zaman ağacların kökləri torpağın üst qatlarını tamamilə tutur və torpaq gübrələnmədikdə bu qat tezliklə qüvvədən düşür, məhsul azalır. Bunun üçün bağlara payızda, torpaq şumlanan zaman hektara 250-300 kiloqram fosfor, 150-200 kiloqram kalium gübrələrinin verilməsi vacib aqrotexniki tədbirlərdəndir.
Göycənin yaxşı məhsul verməsi üçün torpağın rütubətlə kifayət dərəcədə təmin olunması başlıca şərtlərdən biridir. Quraqlıq mövsümündə göycə bağları suvarılmadıqda meyvələri keyfiyyətsiz olur. Torpaq yüngül tərkibli və özündə suyu çətin saxlayan olduqda suvarmaların sayı artırılmalıdır. Meyvələr yetişənədək rütubətin azlığı məhsulun miqdarına və keyfiyyətinə təsir edir. Onu da deyək ki, Naxçıvan şəraitində ağaclar 5-6 dəfə suvarılmalıdır.
Göycənin meyvələri yetişməmiş halda daha çox istehlak edildiyindən həmin dövrdə tələb daha da artır, bazarda qiymət yüksəlir və məhsulun satışından daha çox gəlir əldə olunur. Onun yığılmamış yetkin meyvələri digər məqsədlər üçün (kompot, cem, lavaşa hazırlanır və ya qurudulur) istifadə olunur.
Aparılan təhlillərə görə, bir hektar sahədən 40-45 ton keyfiyyətli məhsul istehsal etməklə bazarlarda satışa çıxarmaq mümkündür. Muxtar respublika şəraitində yerli bazarlarda bir kiloqram göycənin qiymətini nəzərə alsaq, hektardan 40-45 min manat gəlir əldə edilə bilər. Bu onu göstərir ki, göycə bağlarının salınması iqtisadi cəhətdən səmərəlidir.
Yazımızın əvvəlində muxtar respublikada “Göycə” festivalının keçirilməsi barədə söz salmışdıq. Naxçıvan şəhərinin sakinlərində, diyarımıza gələn qonaqlarda böyük təəssüratlar yaradan ilk festival 2016-cı il may ayının 27-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilib. Festivala Naxçıvan şəhərindən, Şərur, Babək və Ordubad rayonlarından olan 70 torpaq mülkiyyətçisinin yetişdirdiyi müxtəlif növdə 3 tondan çox meyvə çıxarılmışdı. Festivalda göycədən hazırlanan mürəbbə, kompot, turşu, göycə qurusu, eləcə də göycə lavaşası da iştirakçılar tərəfindən maraqla qarşılanmışdı. 2017-ci il iyun ayının 3-də keçirilən ikinci festivala isə 20 tondan artıq məhsul gətirilmişdi. Hər iki festivalın sonunda müsabiqə keçirilmiş, “Ən yaxşı göycə” müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunmuşdu.
Bu gün Naxçıvan şəhərində üçüncü “Göycə” festivalı keçiriləcək. Budəfəki festivalda da muxtar respublikamızın bir sıra bölgələrindən göycə yetişdirən torpaq mülkiyyətçiləri üçüncü dəfə öz məhsullarını nümayiş etdirmək imkanı qazanacaqlar.
Muxtar MƏMMƏDOV