Naxçıvan ərazisində hava çox isti və yağıntılar az olduğu üçün suvarma olmadan bol məhsul götürmək mümkün deyil. Ona görə də qədim zamanlardan bu diyarda suvarma ənənələri formalaşıb və zaman keçdikcə təkmilləşdirilib. Naxçıvanda suvarma mənbəyi kimi keçmişdə, əsasən, bulaq və çay sularından, aran zonasında isə kəhrizlərdən istifadə edilərdi.
Kəhrizlərin qazılması əlavə vaxt və maddiyyat tələb etdiyi üçün bu iş elliklə görülər, ya da imkanlı şəxslər tərəfindən həyata keçirilərdi. Bir qayda olaraq kəhrizlər onların qazılmasının təşəbbüskarı olan, maliyyə vəsaiti sərf etmiş xeyriyyəçi insanların adı ilə adlandırılardı. Naxçıvan şəhərində Kalba Musa çeşməsi, Canan bəy kəhrizi, Sirabda Hüseyn xan kəhrizi, Qıvraqda Abbas bəy kəhrizi və sair. Kəhrizlərin suyundan səmərəli istifadə etmək üçün onların yaxınlığında sutkalıq tənzimlənən kiçik sututarlar – göllər tikilərdi. Belə göllər su sərfi az olan kiçik çayların və təbii yağıntıların suyunu toplamaq üçün də istifadə edilərdi. Sirabda Hacı Mehdi oğlu Talıbın gölü, Keşirri, El gölü, Xan gölü, Şahbuz rayonunun Keçili kəndində Kəblə Cabbar, Güllübəyim, Xınxır, Xudakərim gölləri, nisbətən böyüktutumlu Qahab gölü, Məzrə gölü, Zeynəddin gölü, Qıvraqda Abbas bəy, Sarıquş gölləri, Qoşa göllərdən suvarmada geniş istifadə edilib.
Su təminatı ilə bağlı həyata keçirilən digər mühüm tədbir su mənbələrindən uzaq məsafədə yerləşən yaşayış məntəqələrinə, əkin sahələrinə arx və kanalların çəkilməsi idi. Naxçıvan ərazisində suvarma arxları başlanğıcını üç əsas çaydan – Şərqi Arpaçay, Naxçıvançay və Əlincəçaydan alırdı. Ordubad rayonu ərazisindəki çaylar isə çox sulu olsa da, ərazidə düzən yerlər azdır. Arxeoloji tədqiqatlar aparan zaman Eneolit və Tunc dövrlərindən istifadə edilən arxların qalıqlarına rast gəlinir. Babək rayonu ərazisində “Qurd dağ” yaşayış yeri yaxınlığında Qahab çayı üzərində tikilmiş “Vəkil bəndi”ndən başlanğıc alan arxların yeri aydın görünür. Maraqlıdır ki, həmin ərazidə arx bir neçə dəfə çay dərələrinin üzərindən adlayır.
XIX əsrdə Azərbaycan Rusiyaya ilhaq edildikdən sonra Qafqazda suvarmanın vəziyyəti öyrənilməyə və bəzi tədbirlər görülməyə başlanıldı. Rus tədqiqatçıları bu sahədə fəaliyyətləri barədə o dövrün mətbuat orqanlarında da çıxış ediblər. 1842-ci ildə tərtib olunmuş “Zaqafqaziya ölkəsində suvarma arxlarının vəziyyəti haqqında” rəsmi dövlət sənədində Naxçıvan qəzasında 150 iri, 12 kiçik arx olduğu göstərilir. 1947-ci ildə İ.Qaqameysterin məqaləsində kiçik arxların sayının 28 olması barədə məlumat verilir. Şərur-Dərələyəz qəzasında o dövr üçün Naxçıvanın ən böyük kanalı olan Şangirey arxı çəkilir. Yelizavetpol quberniyası ərazisində Bazarçayın suyu 6 verst məsafədən Arpaçayın məcrasına birləşdirilir ki, yayda su ehtiyatı artsın. Bu, bir çayın məcrasının suyunun digərinin məcrasına axıdılması məqsədilə Qafqazda yaradılan ilk belə qurğu idi. M.P.Psarev göstərir ki, ikinci kanal – Şangirey arxı Dəvəöləndən 2 verst aşağıdan Arpaçayın sol sahilindən başlanğıc götürüb. 35 verst məsafədə “Qız” adlanan sahənin istifadəsinə isə 1884-cü ildə üçüncü kanal hazır olduqdan sonra başlanılmışdır. Maraqlı bir məqama diqqət edək. S.V.Veysenqof 1883-cü ildə qeyd edir ki, Azərbaycanın ən iri su anbarlarından biri, Naxçıvan qəzasındakı Qanlıgöl su anbarı hələ XVII əsrdə Heydər xan tərəfindən tikilib. Sonralar müharibələr nəticəsində dağılmış və sıradan çıxmış bu su anbarı 1853-cü ildə naxçıvanlı Kalbalı xan tərəfindən bərpa edilərək ətrafına hasar çəkilir. “Azərbaycanın çayları, gölləri və su anbarları” kitabında da həmin gölün XVI əsrin sonunda Heydər xan tərəfindən tikildiyi, 1865-ci ildə Kalbalı xan tərəfindən bərpa olunduğu qeyd edilir. Arpaçaydan götürülən ana arxlardan Yenicə, Suaparan, Qazılı, Fərhad, Oğlan, Qalacıq, Xanlıqlar arxlarını, Əlincəçaydan başlanğıc alan Mirtəş, Kənd, Güznüt arxlarını göstərmək olar. Güznüt arxından başlanğıcını götürən tunel Ehsan xan tərəfindən çəkdirilib.
Onu da qeyd edək ki, ta qədimdən təsərrüfat işlərində müəyyənləşdirilmiş suvarma vaxtı olub. Taxılçılıqda payızda veriləsi ilk suya “şum” və ya “torpaq suyu” deyilir. İkinci su mart-apreldə verilər, bu isə el arasında “göy suyu”, “xəkov”, “yemlik suyu”, “heyvagülü” adlandırılır. Taxılın çiçəkləmə dövrü başa çatdıqdan sonra verilən suya “dənov”, quraqlıq olan dövrdə taxıl noyabrda təkrar suvarılır ki, bu suya isə “təzov” suyu deyilir. Qış quraq keçdikdə yanvar-fevral aylarında əkinlər suvarılır ki, bu “çillə suyu” adı ilə tanınır.
Üzümlər payızda məhsul yığıldıqdan sonra suvarılır və buna el arasında “basdırma suyu” deyilir. Naxçıvanda üzüm kolları torpaqla basdırıldığı üçün torpağın islanması lazımdır. Qışda üzümlərə verilən suya “dondurma suyu” deyilir. Yazın əvvəllərində üzüm bağlarına “mev suyu”, tənəklərin ucları vurulduqdan sonra “bıçqı suyu”, yayda qoralar sulananda isə “gilə suyu”, “xal suyu”, “bar suyu” verilir.
Bu gün də Naxçıvanda suvarma ilə bağlı həmin ənənələr davam etdirilir. Kənd adamları öz torpaqlarının əsl sahibinə çevrildikdən sonra bu qiymətli sərvətin əkilib-becərilməsinə maraq daha da artıb. Bu isə su mənbələrindən səmərəli istifadə olunması zərurəti yaradıb. Son illərdə bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Belə ki, qədim diyarımızda mütərəqqi suvarma sistemlərinin qurulması bu gün prioritet vəzifələr sırasındadır. Bunun nəticəsidir ki, muxtar respublikada müasir meliorasiya və irriqasiya sistemləri formalaşdırılıb.
Son illər bu sahədə görülən işlər sırasında istismarın planlaşdırılmış şəkildə təşkili, suvarma şəbəkələrinin genişləndirilməsi, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işləri, həmçinin içməli su təminatının yaxşılaşdırılması tədbirlərini qeyd etmək olar. Su itkisinin qarşısını almaq, torpaq sahələrini yeni əkin dövriyyəsinə daxil etmək məqsədilə yeni qapalı suvarma şəbəkələri tikilir, drenaj xətləri çəkilir. Heydər Əliyev Su Anbarından başlayan Vayxır sol sahil kanalının çəkilməsi ətraf kəndlərin suvarma təminatını olduqca yaxşılaşdırıb. Bundan başqa, Uzunoba Su Anbarı, eləcə də Kültəpə və Kərimbəyli kəndlərində yeni suvarma şəbəkəsi də istifadəyə verilib ki, bu da torpaq sahələrinin suvarma imkanlarını genişləndirib.
Zaleh NOVRUZOV