23 Dekabr 2024, Bazar ertəsi

Müasir iqtisadiyyatda bankların fəaliyyəti həmişə diqqət mərkəzindədir. Bu baxımdan dünyada və ölkəmizdə yeni iqtisadi şəraitin tələblərinə müvafiq olaraq, aparılan iqtisadi islahatlar bank fəaliyyətinin daha da təkmilləşdirilməsini, onların yeni prinsiplər əsasında qurulmasını tələb edir. Artıq görülən işlər bank sisteminin sabitliyini və dinamik inkişafını təmin etməkdədir. Muxtar respublikamızda da iqtisadiyyatın sabit və sürətli inkişafı səmərəli fəaliyyət göstərən bank sisteminin formalaşması ilə sıx bağlıdır. 2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti bu baxımdan muxtar respublikamızda həyata keçirilən pul-kredit əməliyyatlarında və real sektorun dəstəklənməsində mühüm rol oynamaqdadır. 

Yaranmasından ötən on il ərzində “Naxçıvanbank” ASC mühüm uğurlara imza atıb. Bank peşəkar komandası ilə biznes tərəfdaşı olan əhaliyə, habelə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə universal bank və maliyyə xidmətləri göstərməkdə geniş təcrübə əldə edib. Müasir dövrdə istər beynəlxalq, istərsə də yerli səviyyədə bank-kredit bazarında gedən dəyişik­liklərə uyğunlaşmaq, müştərilərinə daha keyfiyyətli xidmətlər göstərmək bankın əsas missiyasını təşkil edir. Təklif edilən məhsul və xidmətlər isə rəngarəngliyi ilə yüksək müştəri məmnuniyyəti doğurur. Muxtar respublika əhalisinə təklif etdiyi biznes kreditləri, kənd təsərrüfatı, istehlak, kart kreditləri, avtokreditlər, ipoteka krediti, SKF (Sahibkarlığa Kömək Fondu kreditləri), tələbli və müddətli depozitlərin (əmanətlərin) cəlb edilməsi, fiziki şəxslərin təcili pul köçürmələri sahəsində “Naxçıvanbank” ASC müştəri məmnuniyyəti toplaya bilib. Bundan əlavə, bank muxtar respublikada bütün növ nağdsız əməliyyatların həyata keçirilməsi, hüquqi və fiziki şəxslər üçün ­hesablaşma-kassa xidmətləri, pul vəsaitinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi, müştəri sifarişinə əsasən valyuta alqı-satqısı, müştərilərə maliyyə məsləhəti xidmətləri də göstərməklə müasir bankçılıq sahəsində mühüm şərtlərdən biri olan korporativ mədəniyyəti tam mənimsəyib.

“Naxçıvanbank” ASC müasir bank xidmətləri göstərə bilməsi üçün bütün zəruri şəraitə malikdir. Belə ki, bank 2008-ci il avqustun 29-dan Əmanətlərin Sığortalanması Fondunun (ADİF), 2010-cu ildən milli ödəniş sistemi “AZİPS”in, 2011-ci ildən Beynəlxalq Banklararası Ödəniş Sistemi olan SWIFT-in, 2012-ci ildən “MasterCard” beynəlxalq ödəniş sisteminin, 2015-ci ildən “VISA” beynəlxalq ödəniş sisteminin üzvüdür. Bununla yanaşı, bank 2013-cü ildən “MONEX” və 2018-ci ildən “UPT” sürətli pulköçürmə sisteminə qoşulub. Ayrıca 2015-ci ilin may ayından “Naxçıvanbank” ASC beynəlxalq maliyyə bazarları üzrə informasiya xidməti verən ən böyük maliyyə təşkilatı “Bloomberg”in üzvüdür. Hazırda “Western Union” sürətli pulköçürmə sisteminə qoşulmaqla bağlı müvafiq işlər görülür.
Müştərilərin daha rahat və sərfəli şəkildə xidmətlərdən yararlanması üçün bank baş ofisi ilə yanaşı, Naxçıvan şəhərində, Şərur, Culfa, Ordubad rayonlarında və Bakı şəhərində filiallara, 34 ədəd bankomat və 10 ədəd ödəmə məntəqəsinə ­malikdir. Cari il ərzində isə daha ­ 6 ədəd bankomat və 40 ədəd ödəmə məntəqəsinin əhalinin daha rahat istifadə edəcəyi məkanlarda quraşdırılması nəzərdə tutulub.
Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də nağdsız ödənişlərin həcminin artırılmasına mühüm diqqət yetirilir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin 2016-cı il 2 mart Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası çərçivəsində nağdsız ödənişlərin həcminin artırılması və mövcud infra­strukturun təkmilləşdirilməsi məqsədilə “Naxçıvanbank” ASC tərəfindən bir çox obyektlərdə POS-terminallar quraşdırılıb, onlardan səmərəli istifadə təmin edilib. Hazır­da bank tərəfindən müxtəlif ödəmə məntəqələrində quraşdırılmış POS-terminalların sayı 802-yə çatdırılıb. Müştərilərin elektron ödəmə əməliyyatları zamanı vaxt itkisinin qarşısını almaq üçün təmassız ödəmə POS-terminalları və bu xidməti dəstəkləyən ödəniş kartları istifadəyə verilmişdir. Bundan əlavə, kart sahibləri bankın SMS banking, İnternet banking və Mobile banking xidmətlərindən istifadə edirlər.
Bankların mühüm funksiyalarından biri iqtisadiyyatı səmərəli kreditləşmə ilə təmin etməkdir. Bu baxımdan “Naxçıvanbank” ASC Naxçıvan Muxtar Respublikasında mövcud təbii ehtiyatlardan istifadə olunmaqla yeni emal müəssisələrinin yaradılması, həmçinin kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədilə aparılan mikrokreditləşmə işi üçün geniş filial şəbəkəsi yaradılmışdır. Bundan əlavə, bank Naxçıvan Muxtar Respublikası Sahibkar­lığa Kömək Fondunun vəsaiti hesabına sahibkarlıq subyektlərinin kreditləşməsi məqsədilə müvəkkil kredit təşkilatı kimi 2014-cü ildən başlayaraq 93 sahibkarlıq subyektini maliyyələşdirmişdir. Gənc ailələrin mənzil tələbatını ödəmək məqsədilə “Naxçıvan İpoteka Fondu” ASC ilə 2016-cı il noyabrın 24-də bağlanmış müqaviləyə əsasən 109-u fondun, 85-i isə bankın öz vəsaiti hesabına olmaqla, cəmi 194 ailəyə ipoteka kreditləri verilmişdir. Ümumilikdə isə ötən il ərzində verilmiş kreditlərin ümumi məbləği 21 milyon 324 min manat olmuşdur ki, bu kreditlərin 17 milyon 550 min manatı “Naxçıvanbank” ASC öz vəsaiti, 1 milyon 975 min manatı Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun, 1 milyon 799 min manatı isə “Naxçıvan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilmişdir.
Naxçıvanbank səmərəli kreditləşmə işinə bu il də davam etməkdədir. Belə ki, cari il ərzində verilmiş kreditlərin 1 milyon 566 min manatı sənaye, 61 min manatı tikinti, 5 mil­yon 671 min manatı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə qeyri-istehsal və xidmət, 2 milyon 168 min manatı ipoteka kreditləri, 11 milyon 52 min manatı istehlak kreditləri, 806 min manatı isə kənd təsərrüfatı kimi sahələrə yönəldilmişdir.
“Naxçıvanbank” ASC-nin çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilir. Belə ki, uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyi ilə 2017-ci il üzrə nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş müsabiqədə “Naxçıvanbank” ASC “Təmassız POS-terminal infrastrukturu üzrə ­lider bank” nominasiyasının qalibi olub, “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə isə III yerə layiq görülüb. Bütün bu uğurlar özünün biznes və sosial məsuliyyət fəlsəfəsində yenilikçilik və etibarlı əməkdaşlığı həmişə ön planda tutan “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin səmərəli fəaliyyəti nəticəsində əldə olunub.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR