Mayın 11-də Naxçıvan Biznes Mərkəzində Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublika üzrə İdarəsinin və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən “Çirkli pulların yuyulmasına qarşı tədbirlər” mövzusunda təlim keçirilib.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank qurumlarının nümayəndələrinin iştirak etdiyi təlimdə çıxış edən Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev çirkli pulların mahiyyəti, onların qanunsuz dövriyyəsinə qarşı bank qurumlarının vəzifələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, təlimin məqsədi Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank əməkdaşlarının çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirləri üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri istiqamətində və mövcud beynəlxalq praktika üzrə biliklərin artırılmasından ibarətdir.
Təlim zamanı bank işçilərinə çirkli pulların yaranma mənbələri, belə pul gəlirlərinin qanunsuz dövriyyədən hər hansı bir qanunauyğun şəkildə yuyulmaya yönəldilməsi mərhələləri və son nəticədə, bunun vasitəsilə terrorçuluğun maliyyələşdirilməsi barədə mümkün ehtimallar haqqında danışılıb. Narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri, saxtakarlıq, korrupsiya, rüşvət və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən cinayət yolu ilə əldə edilmiş digər vəsaitlərin bank əməliyyatları vasitəsilə qanuni dövriyyəyə daxil edilməsinin iqtisadiyyata vurduğu zərərlər haqqında məlumat verən təlimçi bildirib ki, bütün dünyada olduğu kimi, hazırda ölkəmizdə də belə qanunsuz əməllərə qarşı sərt mübarizə aparılır.
Bildirilib ki, ölkəyə xarici investisiyanın cəlb olunmasında, onun investisiya reytinqinin və müsbət imicinin yüksəldilməsində çirkli pulların yuyulmasına qarşı aparılan mübarizənin mühüm əhəmiyyəti vardır. Respublikamızda qüvvədə olan “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi, ölkəmizdə fəaliyyət göstərən banklar və Mərkəzi Bank yanında Maliyyə Monitorinq Xidməti şübhəli əməliyyatların aşkar edilməsində mühüm rola malikdir. Bu baxımdan pul ödənişlərinin elektron formada aparılması belə hallara qarşı mübarizənin gücləndirilməsində mühüm əhəmiyyətə malikdir.
Təlimdə beynəlxalq aləmdə çirkli pulların yuyulması üzrə yaranan risklərin qiymətləndirilməsi, yüksək riskli müştərilər üzrə əməliyyatların üzə çıxarılması, qanunsuz hesab olunan qeyri-adi əməliyyatlar üzrə nümunələr, belə əməliyyatlara rast gəlindikdə onların icrasının dayandırılması və baş vermiş hallara görə yaranan məsuliyyət barədə iştirakçılara ətraflı məlumat verilib, təqdimatlarla bağlı diskussiyalar aparılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Əli CABBAROV