22 Dekabr 2024, Bazar

Şərur rayonunun Dəmirçi kəndi bu gün tikinti meydançasını xatırladır. Belə ki, hazırda bu böyük yaşayış məntəqəsində dörd obyektin tikintisi aparılır. Kəndin simasını əsaslı surətdə dəyişəcək quruculuq tədbirlərini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.
Obyektlərdən biri kənd mərkəzi üçün nəzərdə tutulub. İki mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda binada suvaq işləri aparılır. Burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, mədəniyyət evi, kitabxana, ATS, poçt bölməsi, baytarlıq məntəqəsi fəaliyyət göstərəcək.
Cari ildə kəndin həkim ambulatoriyası da yeni binada xidmətini davam etdirəcək. Bu bina da iki mərtəbədən ibarətdir. Obyektdə hörgü işləri, əsasən, başa çatdırılıb, qapı-pəncərələrin salınmasına, suvaq işlərinin görülməsinə başlanılıb. Yeni səhiyyə ocağının maddi-texniki bazası gücləndiriləcək, burada müasir tibbi avadanlıqlar quraşdırılacaq.
Daha bir obyekt 1008 şagird yerlik kənd tam orta məktəbi üçün nəzərdə tutulub. Qeyd edək ki, yaradılan şərait hesabına qısa müddət ərzində köhnə məktəb binasında bəzi yardımçı tikililər, dam örtüyü, arakəsmələr sökülüb, qapı-pəncərələr çıxarılıb, binaya bir korpus da əlavə edilib, daha bir mərtəbə ucaldılıb. Yeni məktəb binasında 55 sinif otağı, 3 laboratoriya, 3 elektron lövhəli sinif, 3 kompyuter, direktor və müəllimlər otaqları, kitabxana, idman zalı kollektivin ixtiyarına veriləcək.
Xidmət mərkəzinin binasında isə son tamamlama işləri görülür. Burada ərzaq, sənaye və tikinti materialları mağazaları, qadın gözəllik salonu, bərbərxana, dərzi sexi və ət satışı dükanı yaradılacaqdır.
Bütün obyektlər tikinti materialları ilə vaxtlı-vaxtında təmin olunur. Bu da inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR