23 Dekabr 2024, Bazar ertəsi

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Həyata keçirilən məqsədyönlü və sistemli islahatlar bitkiçiliyin və heyvandarlığın, eləcə də emal sənayesinin inkişafına yol açır.

Bu gün muxtar respublikamızın bütün rayonlarında torpaqlardan səmərəli istifadə olunması üçün hərtərəfli şərait yaradılıb. Müxtəlif illərdə qəbul olunmuş dövlət pro­qramları aqrar bölgə kimi tanınan muxtar respublikada əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, iqtisadi inkişafa öz töhfəsini verməkdədir.
Məlumdur ki, kənd təsərrüfatının inkişafı əhalinin rifah halının yaxşılaşdırılması ilə yanaşı, ərazinin iqtisadi potensialının gücləndirilməsində də mühüm rol oynayır. Kənd adamlarının daimi iş yerinə çevrilən torpaqdan səmərəli istifadə etməsi bolluq yaratmaqla daxili bazarın yerli ərzaq məhsulları ilə təmin olunmasına imkan verir. Hər il bu sahənin inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi artıq ənənə halını alıb. Kənd təsərrüfatına yeni texnikanın tətbiqi, müasir meliorasiya-irriqasiya sistemlərinin qurulması həm yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması ilə nəticələnir, həm də torpaq mülkiyyətçilərinə müasir texnikadan istifadə hesabına məhsul istehsalını artırmalarına kömək edir, eyni zamanda kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin fəaliyyəti dəstəklənir.

Bu gün muxtar respublikamız özünün yeni inkişaf mərhələsindədir. Bu qədim diyarın bütün bölgələrini əhatə edən sürətli sosial-iqtisadi inkişaf bağlar diyarı kimi tanınan Ordubaddan da yan keçməyib. Qədim yurd yerimiz olan Ordubadda torpaq sahələrinin məhsuldarlığı burada kənd təsərrüfatının bütün sahələrinin inkişafına təkan verir. Əkilmiş torpaqlar hesabına isə həm süfrələrimiz bol və keyfiyyətli ərzaq məhsulları ilə zənginləşir, həm də əhalinin məşğulluğu tam təmin edilir.
Hər il rayonda həyata keçirilən meliorasiya-irriqasiya tədbirləri, müasir kənd təsərrüfatı texnikaları ilə təchizatı, torpaq mülkiyyətçilərinin yerli sortlardan istifadəyə daha çox üstünlük verməsi hesabına məhsul istehsalı ilbəil artır. Bu gün Ordubad məhsullarına nəinki muxtar respublikamızda, ondan kənarda da böyük maraq göstərilir.
Ötən təsərrüfat ilini uğurla başa vuran bölgənin torpaq mülkiyyətçiləri cari ildə bol məhsul əldə etmək üçün əkin işinə başlayıb. 2017-ci ilin payızından şum işləri aparılan rayonda yazın ilk günlərindən torpaqlar yenidən şumlanıb, müxtəlif bitkiçilik məhsullarının əkini həyata keçirilib.
Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, cari ilin məhsulu üçün bu yaz mövsümündə 396 hektar sahədə yazlıq bitkilər əkilib. 72 hektarı arpa, 2 hektarı noxud, 92 hektarı lobya olmaqla, əkin sahələrinin 166 hektarını qarğıdalısız dənli və dənli-paxlalı bitkilər, 140 hektarını kartof, 24 hektarını çoxillik, 14 hektarını isə birillik otlar təşkil edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nın icrası Ordubad rayonunda da uğurla davam etdirilir. Rayonda əkilmiş torpaq sahələrinin 52 hektarını tərəvəz təşkil edir. Artıq tərəvəz məhsulları bazarlarda satışa çıxarılır. Proqrama əsasən bölgədə görülən işlər meyvəçiliyin də inkişafını sürətləndirir. Qədim ənənələrə malik üzümçülük sahələrinin inkişafı da elmi əsaslarla davam etdirilir, yeni üzüm bağlarının salınması diqqətdə saxlanılır.
Rayonda olarkən buradakı xırda təsərrüfat sahələrindən birinin rayon sakini Bəxtiyar Məmmədliyə məxsus olduğunu öyrəndik. Hər il kartof, lobya, xiyar, pomidor, soğan və digər ərzaq məhsulları əkdiyini deyən təsərrüfat sahibi bunların bir qismini bazara çıxarmaqla yanaşı, qış üçün də tədarük etdiyini söyləyir. Regionda meyvəçiliyin inkişafına da toxunan müsahibim tarixən meyvəçilik bölgəsi kimi tanınan Ordubadın quru meyvələrinin nəinki muxtar respublikada, xaricdə də şöhrət qazandığını vurğuladı: “Ordubad vaxtilə məşhur meyvə sortları ilə tanınıb. Bu gün həmin sortlara çox az təsərrüfatlarda rast gəlinir. Rayonun torpaq mülkiyyətçiləri daha çox məhsul verən bu sortların artırılmasına çalışırlar”.
Başqa bir təsərrüfatçı Nurəli Babayev isə bildirir ki, yaz fəsli insanları qışın ətalətindən xilas edir, onları sevimli məşğuliyyətlərinə geri qaytarır. Torpaqları məhsuldar, insanları zəhmətkeş olan rayonumuzda iqlim şəraiti imkan verir ki, təsərrüfat sahələrimizdən səmərəli istifadə etməklə bol məhsul və yaxşı qazanc əldə edək. Torpağı halal qazanc mənbəyi hesab edən Nurəli dayı əkdiyi tərəvəz məhsullarının alıcısının çox olduğunu deyir. Müxtəlif ərik sortları da yetişdirən müsahibim rayonda meyvəçiliyin inkişafını yüksək qiymətləndirir: “Bu gün torpaq mülkiyyətçiləri üçün ən böyük sevinc əziyyətlərinin bəhrəsini görməkdir. Çox sevindirici haldır ki, Ordubad meyvələri, eləcə də kənd təsərrüfatı məhsulları yerli bazarlarla yanaşı, xarici bazarlarda da özünə yer tapıb. Bu bizi ürəkdən sevindirir”.
Bu gün aqrar sahənin inkişafına, iqtisadiyyatın gücləndirilməsinə öz töhfəsini verən Ordubadın torpaq mülkiyyətçilərinin qazandıqları uğurlarda muxtar respublikanın rayonlarının müvafiq qurumlar tərəfindən hazırlanan torpaq atlasları, o cümlədən mütəmadi olaraq mütəxəssislər tərəfindən aparılan maarifləndirici tədbirlər də xüsusi rol oynayır. Qazanılan uğurlar isə hamımızı sevindirir.
Biz də rayon təsərrüfatçılarından uğurlarının davamlı, süfrələrinin bol və bərəkətli, ruzilərinin daha çox olması arzusu ilə ayrıldıq.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR