23 Dekabr 2024, Bazar ertəsi

Mədəniyyət yoldan başlayır, – deyirlər. Hər birimiz səyahətdə olduğumuz bir ölkə haqqında danışarkən ilk olaraq buradakı yollardan söhbətə başlayırıq. Çünki yol cəmiyyətin inkişafının ən mühüm göstəricilərindən biridir. Uzaqları yaxınlaşdıran geniş və rahat yollar ­gediş-gəlişi asanlaşdırır, insan həyatına rifah gətirir. Yollarımız, həm də güclü iqtisadiyyatın nəticəsi və yurdumuza gələn turistlərin gözəl təəssüratları kimi yaddaşlarda qalır. 

Muxtar respublikamızda müasir yol infrastrukturunun yaradılması istiqamətində görülən işlər yol-­nəqliyyat kompleksinin yenilənməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına öz töhfəsini verib. Son illərdə magistral avtomobil yollarının yenidən qurulması Naxçıvanın tranzit imkanlarını xeyli artırıb. Belə ki, Naxçıvan Muxtar Respublikasında hər il 100 kilometrə yaxın yeni avtomobil yolları çəkilərək və müasir standartlar səviyyəsində yenidən qurularaq əhalinin istifadəsinə verilir. Muxtar respublikamızda asfalt-beton zavodlarının müasir avadanlıqlarla təmin olunması, qum-çınqıl karxanaları və bitum anbarlarının istifadəyə verilməsi, yol istismar idarələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi nəticəsində yol infrastrukturunun yenidən qurulması üçün əlverişli şərait yaranıb.

Naxçıvanda yol təsərrüfatı idarəçiliyi kifayət qədər böyük inkişaf yolu keçib. Muxtar respublikamızda bu mühüm əhəmiyyətli sahənin inkişaf etdirilməsi üçün 1 yanvar 1987-ci ildə Naxçıvan Avtomobil Yolları Təmiri və İstismarı İdarəsi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1996-cı il 9 dekabr tarixli Fərmanı ilə həmin idarə Naxçıvan Avtomobil Yolları Dövlət Şirkətinə çevrilib, 2018-ci il 14 fevral tarixli Fərmanla isə Naxçıvan Muxtar Respublikasının “Naxavtoyol” Dövlət Şirkətinin əsasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.
Ötən müddət ərzində muxtar respublikamızda yol təsərrüfatının yenidən qurulması üçün xeyli işlər görülüb. Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan Yol İstismar idarələri müasir mexanizmlərlə təmin olunub. Belə ki, son 10 il ərzində yol tikintisində istifadə üçün 5 “Mercedes” markalı özüyükboşaldan avtomaşın, 3 “CAT” markalı, 4 yükləyici ekskavator, 2 qazıcı-yükləyici, 1 tırtıllı yükləyici, 2 buldozer, 4 avtoqreyder, 2 daşqırıcı qurğu, 2 bitumsəpən maşın, 4 vərdənə, 2 “GRAFCO” markalı çat təmiri maşını, 2 qarkürəyən avadanlıq, 1 dartqı, 1 yarımqoşqu, 2 minik avtomobili olmaqla, cəmi 38 müxtəlif təyinatlı texnika alınaraq agentliyin xidməti istifadəsinə ­verilib.

Agentliyə göstərilən növbəti ­dövlət qayğısı burada çalışan əməkdaşların iş şəraitinin yaxşılaşdırılması istiqamətində olub. Belə ki, cari il aprel ayının 17-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası istifadəyə verilib. Milli memarlıq üslubunda yüksək keyfiyyətlə təmir olunmuş inzibati bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 21 iş otağı, 50 yerlik akt zalı, arxiv, anbar, 8 ehtiyat otaq və bufet yerləşir. Burada agentliyin aparatı ilə yanaşı, “Siqnal” ixtisaslaşdırılmış layihə istehsalat qrupu üçün də iş şəraiti yaradılıb. İş otaqları kompüter dəstləri və digər avadanlıqlarla təmin olunub. Binada istilik sistemi qurulub, həyətdə abadlıq işləri aparılıb və 5 qaraj istifadəyə verilib. Şübhəsiz, yaxşı iş şəraiti, müasir texnika və keyfiyyətli asfalt təminatı avtomobil yollarının keyfiyyətlə çəkilməsinə və uzun müddət istismarına imkan verəcəkdir.
Avtomobil Yolları Dövlət Agent­liyi işçilərinin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi də onlarda böyük ruh yüksəkliyi yaradıb. Agentliyin əməkdaşlarından 6 nəfər ölkə Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı, 17 nəfər isə Ali Məclis Sədrinin sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.
Yaradılan şəraitə görə dövlətimizə dərin minnətdarlıq hisslərini bildirən agentlik əməkdaşları göstərilən yüksək dövlət qayğısından bəhrələnərək muxtar respublikamızın avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, yenidən qurulması, istismarı və qorunub saxlanılması sahəsində fəaliyyətlərini günün tələblərinə uyğun şəkildə qurmaq üçün səylərini artırırlar.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR