Qədim diyarımızın bütün bölgələri kimi, Ordubad rayonuna da muxtar respublikada həyata keçirilən kompleks quruculuq tədbirlərindən xeyli pay düşüb və görülən işlər hesabına bölgə müasirliyə qovuşub. Hər il rayonun müxtəlif yaşayış məntəqələrində inşa edilən kənd və xidmət mərkəzləri, məktəb binaları, salınan yollar insanlara göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirilir.
Cari ildə də bu tədbirlər davam etdirilir. Belə ki, rayonun ən iri yaşayış məntəqələrindən biri olan Dəstə kəndində kompleks quruculuq işlərinə başlanılıb. Qeyd edək ki, bu kənddə 1149 təsərrüfatda 5050 nəfərə yaxın sakin yaşayır. Uzun illər ərzində fəaliyyət göstərən 1 və 2 nömrəli tam orta məktəbləri, xidmət mərkəzi və dövlət müəssisələri müasir tələblərə cavab verməyən binalarda yerləşib. Bir neçə vaxtdır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları Dəstə kəndində məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzlərinin tikintisində çalışırlar. İdarənin rəisi Əkrəm Salmanov bizimlə söhbətində bildirdi ki, məktəb binası 900 şagird yerlik olacaq. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq təhsil ocağının binasında dərslərin müasir tələblər səviyyəsində tədris olunması üçün hər cür şərait yaradılacaq. Kənd mərkəzi və həkim ambulatoriyası 2, xidmət mərkəzi isə 1 mərtəbəli binada yerləşəcək.
Məktəb binasının zirzəmi və birinci mərtəbəsində, həmçinin digər obyektlərin birinci mərtəbələrində tikinti işləri başa çatdırılıb. İnşaatçılar yaradılmış şəraitdən səmərəli istifadə etməyə çalışır, keyfiyyət amilini diqqət mərkəzində saxlayırlar. Quruculuq tədbirlərində yerli inşaat materiallarına üstünlük verilir.
Onu da vurğulayaq ki, yaşayış məntəqəsinin daxili avtomobil yolları da yenidən qurulmaqdadır. Culfa Rayon Yol Tikinti İdarəsinin inşaatçıları 15 kilometr uzunluğunda olacaq kənddaxili yolların asfaltlanması üçün hazırlıq işlərini davam etdirirlər.
Abbas SEYİD