23 Dekabr 2024, Bazar ertəsi

Aprelin 27-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan İnşaat Materialları İstehsal Kompleksinin məhsullarının tanıtımına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan İnşaat Materialları İstehsal Kompleksi direktor müavini ­Rafiq Süleymanov bildirib ki, kompleks 2015-ci ildən fəaliyyətə başlayıb və istehsal etdiyi yerli məhsulları ilə Naxçıvan əhalisinin tələbatını ödəyir. Kompleksdə Naxçıvanın təbii xammalından istifadə olunmaqla, ekoloji təmiz materiallar istehsal olunur.
Qeyd olunub ki, kompleksin akkreditasiyadan keçmiş müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyasında yoxlanılan və standartlara cavab verən sertifikatlı 8 adda məhsul istehsal olunur.
Sonra çıxış edən Naxçıvan Sement Zavodu və Naxçıvan İnşaat Materialları İstehsal Kompleksinin Baş direktoru Mikayıl Cəfərov istehsal olunan inşaat materiallarının bütün standartlara cavab verməsi və bazara zəmanətlə çıxarıla bilməsi üçün son zamanlar görülmüş işlərdən danışıb.

Bildirilib ki, hazırda kompleksdə istehsal olunan sönmüş və sönməmiş əhəng məhsulları, astar və üzlük suvaqlar, kartonpiyer gipsləri, gips əsaslı 12,5 millimetr qalınlıqda istehsal olunan gips karton lövhə, əsasən, asma tavan və dekorativ formaların hazırlanmasında istifadə olunan təbii gips əsaslı 9,5 millimetr qalınlıqda istehsal edilən gips karton lövhələr və Avropa “Ekologiya Dostu İş Qrupu” emblemini daşıyan məsaməli beton blokları yüksək keyfiyyət standartlarına uyğun olmaqla, istehlakıçıların tələbatlarına tam cavab verməkdədir.
Qeyd olunub ki, bütün bunlar inşaat materialları istehsalı sahəsində yüksək texnologiyaların tətbiqinin mənimsənilməsi ilə mümkün olub. Yüksək texnoloji məhsulların inşaat­da tətbiqi enerjiyə qənaətdə, ekoloji təmizliyə əməl olunmasında əsas şərtlərdən biridir. İnsanların komfortlu yaşayış standartlarını yüksəldən belə məhsulların inşaat işlərində tətbiqinin sağlamlığın qorunmasında da mühüm rolu vardır.
Tədbirdə çıxış edən Naxçıvan İnşaat Materialları İstehsal Kompleksinin Məsaməli Beton Zavodunun istehsalat müdiri Şahin Həsənov yüksək dərəcəli istilik və səs izolyasiyası xüsusiyyətlərinə malik olan, odadavamlı və ekoloji təmiz məsaməli beton məmulatları haqqında danışaraq belə məhsullardan istifadə olunmasının iqtisadi səmərəsindən bəhs edib. Bu məhsulların yenidən texnoloji dövriyyəyə cəlb olunması ilə ətraf mühitin qorunmasına verdiyi töhfə də qeyd olunub.
Daha sonra çıxış edən Naxçıvan İnşaat Materialları İstehsal Kompleksinin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Cəfər Bəylərov istehsal olunan məhsulların keyfiyyət göstəricilərindən danışaraq tədbir iştirakçılarının suallarını cavablandırıb, bu məhsullar haqqında videoçarx nümayiş etdirilib.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR