Muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm amillərdən biri kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaradıb.
Görülən tədbirlər çərçivəsində Babək rayonunun Nehrəm kəndində tutumu 2500 ton olan soyuducu anbarın yaradılmasına başlanılıb. Soyuducu anbarın istifadəyə verilməsi əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatına şərait yaradacaqdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının zəruri texnika ilə təchizatı yüksək rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalında mühüm rol oynayır. Bu məqsədlə muxtar respublikada kənd təsərrüfatı məhsulu istehsalçılarının müvafiq maşın və mexanizmlərlə təchizatı da davamlı olaraq yaxşılaşdırılır. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 166-sı 2018-ci ilin yanvar-mart aylarında olmaqla, cəmi 2220 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. 2018-ci ilin ilk rübündə 73 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 26 ədədi nağd yolu ilə satılıb. Bu dövr ərzində məhsul istehsalçıları 5082,5 ton mineral gübrə ilə təmin olunub.
Kənd təsərrüfatının mühüm sahəsi sayılan heyvandarlığın inkişafı da muxtar respublikada diqqətdə saxlanılır. Cari ilin ilk rübündə 10 heyvandarlıq təsərrüfatı yaradılıb, iki heyvandarlıq təsərrüfatının yaradılması davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 1 milyon 101 min 700 manat dəyərində kredit verilib.
2018-ci ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6111 ton ət, 12 min 551 ton süd istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 və 2,5 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi, məhsulların ixrac imkanlarının genişləndirilməsi və yeni layihələrin reallaşdırılması məqsədilə kredit dəstəyinin verilməsi bu sahədə uğurlu nəticələrin əldə olunması üçün vacib məsələlər kimi daim diqqətdə saxlanılır. Bu baxımdan muxtar respublikamızda iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün sahibkarlığa göstərilən dövlət dəstəyi həmişə öz bəhrəsini verib.
Muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə də mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. 2018-ci ilin ilk rübündə bu sahədə müvafiq tədbirlər görülüb, təsərrüfat subyektlərinə 78 min 600 manat kredit verilib.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 1 balıqçılıq təsərrüfatı yaradılıb, 1 quşçuluq təsərrüfatının yaradılması hazırda davam etdirilir.
Cari ilin ilk rübündə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 1 milyon 307 min 400 manat məbləğində kreditlərin verilməsi təmin olunub.
Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2018-ci ilin ilk rübündə muxtar respublikadan 12 milyon 86 min 600 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.
Kənd təsərrüfatının inkişaf etdirilməsinin əsas amillərindən biri də meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsidir. Muxtar respublikada bu sahə də diqqət mərkəzində saxlanılıb, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 410 hektar sahəni əhatə edəcək yeni qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb.
Bütün bunların nəticəsində, 2018-ci ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 3 faiz çox, yəni 27 milyon 510 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu da muxtar respublikada həmin sahənin ildən-ilə daha da inkişaf etdiyini bir daha təsdiq edir.
Tural AĞAYEV