Aprelin 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilib.
Tədbirdə Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində iqtisadi potensial artıb, biznes və investisiya mühiti yaxşılaşdırılıb. Sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb, muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində bir çox istehsal və xidmət sahələri fəaliyyətə başlayıb.
Baş direktor qeyd edib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə sahibkarlara məxsus daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının həyata keçirilməsinə nəzarət Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə həvalə olunub.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında icbari sığortalar üzrə görülmüş tədbirlər nəticəsində 1 aprel 2018-ci il tarixdə sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 942 müqavilə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 566 olmaqla, ümumilikdə, sığorta növləri üzrə sahibkarlarla 1508 müqavilə bağlanılıb. Lakin hələ də göstərilən icbari sığorta növləri üzrə bəzi sahibkarların vaxtında sığorta müqavilələri bağlamaqdan yayınma halları vardır. Belə hallara yol verilməməsi və sığorta müqavilələrinin vaxtında bağlanılaraq sahibkarların öz üzərlərinə düşən vəzifələri yerinə yetirməsini təmin etmək üçün hər iki dövlət qurumu bu işə diqqəti daha da artırmalı, izahat və maarifləndirmə işləri genişləndirilməlidir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov qanuna uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən icbari sığortalar üzrə müqavilələrin bağlanılmasına nəzarətin gücləndirilməsinin zəruriliyini qeyd edib, bu sahədə nazirliyin üzərinə düşən vəzifələrdən danışıb. O bildirib ki, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumları və Dövlət Baş Sığorta Agentliyi və onun yerli qurumları ilə birlikdə muxtar respublika ərazisində yerləşən obyektlərin digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın mülki məsuliyyətin icbari sığortalanması ilə bağlı idarə, müəssisə, təşkilatlarda və sahibkarlıq subyektlərində, əhali arasında mütəmadi olaraq maarifləndirmə və məlumatlandırma işləri aparılıb, sığortanın mahiyyəti ilə bağlı ətraflı məlumatlar verilib.
Tədbirdə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədov və şəhər, rayon Dövlət Sığorta agentliklərinin direktorları və rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin rəisləri çıxış ediblər.
Əli CABBAROV