23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızın gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm proqramlardan biri də modern sənayeləşmədir. Son illərdə həyata keçirilən uğurlu ­siyasət yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib. Bu sənayeləşməni təmin edən əsas amillər isə muxtar respublikanın malik olduğu təbii resurslar, iqtisadi potensial, dövlətin yeni yaradılan sənaye müəssisələrinə ­aktiv dəstəyi, ixrac imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdir.
Təsadüfi deyil ki, iri sənaye müəssisələrinin yaradılması, yeni məhsul növlərinin istehsalı sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişafın təmin edilməsində əhəmiyyətli rol oynamışdır. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada 372 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Bu iqtisadi siyasətdə sahibkarlığın inkişafı böyük rol oynadığından, hazırda sənaye məhsulunun 95 faizi özəl bölmənin payına düşür.
Təbii ki, sənaye məhsullarının istehsal həcmi artdıqca, bu məhsulların ixrac potensialı da artır. Çünki davamlı inkişaf istehsal və ixrac potensialının paralel olaraq yüksəlişini zəruri edir. Diqqət etsək, görərik ki, sənaye məhsullarının həcmi bütün hesabat dövrlərində artımla müşahidə olunur. Məsələn, bir neçə gün bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi muxtar respublikada 2018-ci ilin birinci rübünü özündə əks etdirən statistik məlumatları açıqladı. Həmin dövrü təhlil etsək, görərik ki, cari ilin yanvar-mart aylarında muxtar respublikada 241 milyon 42 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələmişdir. Sənaye məhsulu istehsalının 96,6 faizi malların, 3,4 faizi isə xidmətlərin payına düşmüşdür. Dövlət sektorunda 11 milyon 97 min 500 manatlıq, qeyri-dövlət sektorunda isə 229 milyon 944 min 500 manatlıq sənaye məhsulu istehsal olunmuşdur. İstehsal edilən sənaye məhsulunun 95,4 faizi özəl sektorun payına düşmüşdür. Baxmayaraq ki, bəhs etdiyimiz dövrdə kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faizlik göstərici ilə daha öndədir. Lakin məhsul ixracında sənayenin payı kənd təsərrüfatı məhsullarını 3 dəfədən çox üstələyir. Belə ki, 2018-ci ilin birinci rübündə muxtar respublikada 12 milyon 86 min 600 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdursa, həmin dövrdə ixrac edilən sənaye məhsullarının ixrac dəyəri 41 milyon 230 min 700 ABŞ dolları həcmində qeydə alınmışdır.
Sənayenin inkişafı üçün göstərilən maliyyə dəstəyi də kənd təsərrüfatı subyektlərinə verilən kreditlərdən çoxdur. Belə ki, sənayenin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2018-ci ilin ilk rübündə 5 milyon 15 min manat, kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə isə ümumilikdə, 1 milyon 307 min 400 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur. Bu isə sənaye sahibkarlığına daha çox marağın olmasından irəli gəlir. Yeri gəlmişkən onu da qeyd edək ki, hazırda dünyanın inkişaf etmiş ölkələrində də istər yeni yaradılan, istərsə də istehsal olunan məhsulların dinamikasında sənaye məhsullarının payı kənd təsərrüfatı məhsullarının payından dəfələrlə çoxdur. Bu da onunla bağlıdır ki, təbii olaraq sənaye sahəsində məhsulların yeni növ və çeşidini yaratmaq mühüm tələbat kimi ortaya çıxır. Kənd təsərrüfatı məhsullarında isə əksinə mövcud məhsulların həcminin artırılmasına daha çox diqqət göstərilir. Beləliklə, sənaye məhsulunun dinamikası ümumi daxili məhsul istehsalında da pay çoxluğu ilə özünü göstərir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar­-mart aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 524 milyon 186 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən çoxdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 54,1 faiz təşkil etmişdir.
Bir məsələni də qeyd etmək istərdik ki, bu gün muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin mühüm aspektlərindən biri də sənayeləşmədə şaxələndirməni təmin etməkdir. Müasir texnologiyaların imkanlarından istifadə olunmaqla yaradılan yeni sənaye müəssisələri, eyni zamanda yüksək ixrac qabiliyyəti ilə seçilən sənaye məhsullarının istehsalına imkan verir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalat­xanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı mühüm əhəmiyyəti ilə seçilir. Sərəncamın icrasına uyğun olaraq yaradılacaq yeni xalça istehsalı müəssisəsi muxtar respublikada yüngül sənayenin inkişafına təkan verməklə yanaşı, bu ənənəvi sahənin bazar tələblərinə uyğun qurulmasına da yeni imkanlar açacaq.

 Səbuhi HƏSƏNOV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR