Muxtar respublikada bu sahənin inkişafı üçün mühüm işlər görülür
Müasir dövrdə nəqliyyatın inkişafı hər bir ölkə və ya ayrılıqda region üçün mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, lazımi nəqliyyat infrastrukturu yaratmadan heç inkişafa nail olmaq mümkün deyil. Dəmiryol nəqliyyatı isə əsrdən də artıq bir dövrdə yük və sərnişin daşımalarında mühüm potensial istiqamət kimi daha çox diqqət çəkir. Çünki bu nəqliyyat vasitəsilə daha böyük həcmdə yükləri və çox sayda sərnişinləri münasib zaman çərçivəsində daşımaq mümkündür. Bu baxımdan dəmir yolları digər nəqliyyat vasitələrindən bütün parametrlər üzrə mühüm perspektivləri ilə fərqlənir.
Tarixən Azərbaycan torpaqlarından ayrı düşmüş Naxçıvanda da ötən əsrin əvvəllərindən fəaliyyətə başlamış dəmiryol nəqliyyatı, digər nəqliyyat vasitələri ilə müqayisədə daha tez formalaşmış, Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində daşımaların əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Qədim Naxçıvanın bir çox qonşu ölkələrlə əlaqələrdə mühüm qovşaqda yerləşməsi də, dəmiryol nəqliyyatının strateji əhəmiyyətini daha da artırmışdır. Hazırda isə bu əhəmiyyət müasir dövrün tələblərinə uyğun olaraq daha ciddi maraqları öz üzərinə çəkməkdədir. Buna görə də hazırda muxtar respublikada dəmiryol infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı atılan hər bir addım gələcəyə hesablanıb.
Qeyd edək ki, ötən əsrin 90-cı illərində muxtar respublikanın blokadaya salınmasının ilk siqnalı paytaxt Bakı və Azərbaycanın digər bölgələri ilə dəmir yolu əlaqəsinin kəsilməsi olmuşdur. Blokada qısa müddətdə bütün sahələrə mənfi təsir göstərsə də, bəzi hallarda mühüm iqtisadi potensialı olan infrastruktur bazalarının çökməsinə, məhv olmasına səbəb olsa da, muxtar respublikanın gələcəyi üçün düşünülmüş strateji siyasi xətt bu “deformasiyanın” qarşısını aldı. Nəticədə, bir çoxları üçün gələcək fəaliyyəti çox dumanlı görünən dəmiryol nəqliyyatının potensial bazası qorunub saxlanıldı. Hətta bu nəqliyyat vasitəsinin daxildə hərəkəti təmin olundu. Ötən dövrdə bu sahədə bir çox tədbirlər həyata keçirildi. “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Proqramı” isə muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafında yeni mərhələnin başlanmasına imkan verdi.
Vurğulamaq lazımdır ki, muxtar respublikada aparılan quruculuq işləri sayəsində dəmiryol stansiyalarının sərnişin vağzalı binaları, inzibati və texniki binalar yenidən qurulmuş, müasir dəmir yolu infrastrukturu, hərtərəfli iş və xidmət şəraiti yaradılmışdır. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi dəmiryol nəqliyyatından istifadə edənlərin sayını artırmışdır. Aprelin 2-də isə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ordubad dəmir yolu stansiyası kompleks quruculuq işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılış mərasimində çıxış edərək demişdir: “Bu gün ulu öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda bütün sahələr inkişaf etdirilir. Bu inkişaf dəmir yolu nəqliyyatını da əhatə etmişdir. Hər bir müstəqil ölkədə ən vacib sahələrdən biri də dəmir yolu nəqliyyatıdır. Çünki dəmir yolu nəqliyyatının inkişafı ölkənin müstəqilliyinin və iqtisadi qüdrətinin göstəricisidir. Blokada şəraitində olmasına baxmayaraq muxtar respublikada da dəmir yolu təsərrüfatı qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilir”.
Ordubad dəmir yolu stansiyasında yaradılmış müasir şəraitlə tanış olmaq üçün biz də bu günlərdə həmin stansiyada olduq. Adıçəkilən dəmiryol stansiyasının rəisi Maqsud Bağırov bizimlə söhbətində bildirdi ki, muxtar respublikamızda dəmiryol infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı atılan hər bir addım biz dəmiryolçuları çox sevindirir. Ötən əsrin sonlarından Azərbaycanın digər bölgələri ilə əlaqəsi kəsilən dəmiryol nəqliyyatı fəaliyyətimizi məhdudlaşdırsa da, muxtar respublika daxilində işimizi səylə davam etdirməyə çalışmışıq. Son dövrlərdə muxtar respublikada dəmiryol stansiyalarında inzibati binaların, sərnişin vağzallarının əsaslı şəkildə yenidən qurulması isə biz dəmiryolçulara müasir iş şəraiti yaratmaqla bərabər, gələcəyə daha ümidlə baxmağımıza səbəb olub. Ömrünün 30 ildən çoxunu bu peşəyə həsr etmiş müsahibimiz dedi ki, muxtar respublikadakı bir çox dəmiryol stansiyaları kimi, Ordubad dəmir yolu stansiyası da vaxtilə sərnişinlərlə dolub-daşıb. Bəzən digər stansiyalarda qatara gecikən sərnişinlər və yaxud vaxta qənaət etmək istəyənlər avtomobillə bu sonuncu stansiyaya gələrək yollarına davam ediblər.
Maqsud Bağırovla dəmiryol stansiyasında istifadəyə verilmiş yeni quruculuq obyektləri ilə tanış oluruq. Buradakı sərnişin vağzalının binası haqqında danışan həmsöhbətim bildirir ki, əvvəlki bina II Dünya müharibəsindən sonra tikildiyindən, baxmayaraq ki, bir neçə dəfə təmir işləri aparılmışdı – şəraiti yaxşı deyildi. Buna görə də köhnə binanın yerində tamamilə yenisi tikildi və tikilən zaman da digər stansiyalarda olduğu kimi memarlıq ənənələri nəzərə alındı. Hazırda sərnişin vağzalının inzibati binasında 9 iş otağı, gözləmə zalı, zirzəmi hissədə isə bufet və texniki otaqlar yerləşir. Stansiyanın İdarəetmə Mərkəzində isə iş otaqları, anbar, qazanxana və sair var. Eyni zamanda Ordubad Yol Sahəsinin inzibati binasında da işçilər üçün lazımi iş şəraiti yaradılmış, bütün binalar istilik sistemi ilə təmin olunmuş, stansiyanın ərazisində müasir işıqlandırma sistemi qurulmuşdur. Stansiya rəisi yenidən qurulan sərnişin platformaları və ətrafda aparılmış abadlıq işləri haqqında da bizi məlumatlandırır. Qeyd edir ki, yaradılmış müasir iş şəraiti onları səylə işləməyə ruhlandırmaqla yanaşı, qurub-yaradılanlardan daha səmərəli istifadə etməyə çağırır.
Qeyd edək ki, Ordubad dəmiryol stansiyasının kompleks quruculuq işlərindən sonra istifadəyə verildiyi gün daha bir əlamətdar hadisə ilə yadda qalmışdır. Belə ki, həmin gün muxtar respublikanın dəmir yolu təsərrüfatına yeni sərnişin vaqonları da təhvil verilmişdir. Hazırda bu vaqonlardan sərnişin daşınmasında istifadə olunur. Materialı hazırlayarkən bu vaqonlardakı şəraitlə də yaxından tanış olduq. Əvvəlcədən müəyyənləşdirdiyimiz vaxtda Naxçıvan dəmiryol stansiyasında həm Ordubad, həm də Şərur istiqamətində hərəkət edəcək yeni vaqonlarda olduq. Vaqon bələdçisi İlham Mustafayev bizimlə söhbətində dedi ki, yeni sərnişin vaqonları 60 yerlikdir. Yumşaq oturacaqlarla təchiz edilmiş vaqonlar, eyni zamanda istilik və soyutma sistemi ilə, o cümlədən televizor, “Naxtel 4G” mobil operatoru vasitəsilə pulsuz internetlə təmin olunub. Həmçinin vaqonlarda mobil telefonların batareyasını yükləmək üçün əlavə yerlər qoyulub. Bir sözlə, sərnişinlərin rahatlığı üçün hər şey nəzərə alınıb.
Sərnişinlərdən də bir neçəsi ilə tanış oluruq. Famil Salmanov Şərur rayonunun Tumaslı kəndindəndir. Dəmiryol nəqliyyatından tez-tez istifadə edir. Bildirir ki, yeni sərnişin vaqonlarında yol getmək çox rahatdır. Vaqonların televizor və pulsuz internetlə təmin olunması isə vaxtdan səmərəli istifadə etməyə imkan verir. Bəzən mənzilbaşına necə çatdığının fərqində olmursan. Əslən Şərur rayonundan olan və hazırda Bakı şəhərində yaşayan Gülnar Əliyeva isə oğlu ilə rayonun Aralıq kəndinə qonaq getdiklərini bildirir. Yeni vaqonlardan razılıq edir: “Şərura yolumuz düşəndə, adətən, dəmir yolundan istifadə edirik. Bu dəfə isə müasir vaqonların istifadəyə verildiyinin şahidi olduq. İlk dəfədir, belə vaqonların sərnişini oluruq. Düşünürük ki, yolçuluğumuz daha rahat olacaq”.
Qeyd edək ki, hazırda muxtar respublikamızın cənub sərhədləri boyunca hərəkət edən sərnişin qatarları bir çox yaşayış məntəqələrindən keçdiyindən həmin məntəqələrin sakinləri davamlı olaraq bu nəqliyyat vasitəsindən istifadə edirlər. Söhbət etdiyimiz sərnişinlərin hər biri yeni vaqonların rahatlığından, onlar üçün yaradılmış şəraitdən, qiymətlərin münasibliyindən, göstərilən xidmətdən razılıq etdilər. Onlar üçün belə bir şəraiti yaratdığına görə dövlətimizə minnətdarlıq edənlər də az olmadı.
Bəli, bu gün muxtar respublikanın dəmiryol təsərrüfatı özünün yeni inkişaf dövrünə qədəm qoyub. Artıq bir müddətdir, Naxçıvandan İran İslam Respublikasının Məşhəd şəhərinə beynəlxalq sərnişin qatarı işləyir. Yaxın gələcəkdə isə İran İslam Respublikasından keçməklə muxtar respublikanı paytaxt Bakı şəhəri ilə birləşdirəcək dəmiryol xəttinin işə düşməsi gözlənilir. Bu isə Naxçıvanın beynəlxalq və iqtisadi əhəmiyyətini daha da artıracaq.
Səbuhi HƏSƏNOV