Zəhmətkeş təsərrüfat sahibi ilə söhbət əsrarəngiz yaz günlərindən birinə təsadüf etmişdi. Naxışnərgizin çay boyunca səpələnmiş yaraşıqlı evləri kəndin gözəlliyinə bir özgə naxış vururdu. Bu il havalar yağıntılı olduğundan yaz otları hər yerdə boy atmış, sanki yerə yaşıl bir xalı sərilmişdi. Axşamdan yağan yağışdan sonra çəmən-düz şehə bürünmüşdü. Kimisi qoyun-davarı qabağına qatıb sürünü çölə aparır, kimisi də cücələri qatar-qatar arxasınca düzən ev quşlarına qulluq edirdi. Yaxınlıqdan keçən Qahab çayı isə şaxələnib qollara ayrılır, səhər mehindən yarpaqlar qımıldanır, təbiət canlanırdı. Laylanmış buludlar kəndin üzərində qanadını gərmiş nəhəng bir quş kimi sürünürdü.
Sözləşdiyimiz kimi, naxışnərgizli Qəzənfər Qurbanov bizi yaraşıqlı kənd mərkəzinin qabağında gözləyirdi.
Bəri başdan deyim ki, ətraf yerlərdə Qəzənfər kişini hər kəs əliqabarlı, zəhmətsevər əmək adamı kimi tanıyır. Şux qamətli, orta yaşlı bu adam təsərrüfatında 600-ə yaxın qoyun-quzu saxlayır. Elə ki yaylaq vaxtı gəldi, ailəsini də götürüb üz tutur, dağa-daşa.
Qəzənfər kişi bizimlə hal-əhval tutub söhbətə başlayır: “Rəhmətlik babam bizə öyüd-nəsihət edən zaman deyərdi ki, ay oğul, kənddə yaşayırsansa, toyuq-cücən, malın-heyvanın olmalıdır. Çünki yaxşı yaşayış, gün-güzəran qazanmaq üçün heç də dövlət qulluqçusu, iş adamı olmağa gərək yoxdur. Zəhmət çəkib çörəkpulu üçün yaxın-uzaq ellərə də üz tutmaq lazım deyil.
Şükür Ulu Yaradana, müstəqil dövlətimiz elə təsərrüfatçıya da müstəqillik bəxş edib. O mənada ki torpaq əkənə gübrəsini, suyunu, texnika və digər avadanlığı verir, bir sözlə, qol-qanadından tutur, deyir, güzəranını qur. Özü də təkcə torpaq mülkiyyətçisi üçün yox, bu köməyi, dəstəyi təsərrüfatın bütün sahələrinə aid etmək olar. Deyim ki, mən də bu dəstəkdən, köməkdən bəhrələnmişəm. On səkkiz il bundan öncə təsərrüfatın təməlini qoydum. Bu gün 600-ə yaxın xırdabuynuzlu və 6 baş iribuynuzlu mal-qaram var. Ailəm, uşaqlarım bir yerdə çalışaraq bu günlərə gəlib çıxmışıq. Yayda Ordubad, Culfa yaylaqlarına üz tuturuq. Şükür olsun, orada yaxşı şəraitimiz var, Azərbaycan əsgəri ön xətdə bizi qoruyur, sakitlik, sabitlik sarıdan arxayınıq. Müxbir qardaş, təki can sağlığı olsun, mən hər səhər çomağımı əlimə alıb çöl-bayıra gedərəm”, – deyən Qəzənfər Qurbanov bildirir ki, bol məhsul istehsal edərək nəinki ailəsini təmin edir, daxili bazarın bolluğuna da töhfə verir. “Südümüz, qatığımız, yunumuzdan qohum-qonşuya pay tutduqdan sonra tələbatdan artığını bazara çıxarıram. Müştərilər əlaqə nömrəmi götürüb özləri məni axtarıb tapırlar. Naxçıvan şəhərindəki kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında iştirak edirəm. İnanın ki, bu sahədən əldə etdiyim gəlir hesabına aldığım “Niva” markalı avtomobillə dolu məhsulu bazara aparıram və evə qayıdanda bir bardaq süd də qalmır. Gələcəkdə Sahibkarlığa Kömək Fondundan dəstək alaraq yeni emal müəssisəsi yaratmaq, pendir, qatıq, ayran, şor istehsalına başlamaq fikrindəyəm. Sağ olsun bizə bu şəraiti quranlar”.
Qəzənfər Qurbanov ötən il həm də Naxışnərgiz bələdiyyəsinin mülkiyyətində olan və vaxtilə selov olduğu üçün iri daş parçalarının yığışdığı bir ərazini təmizləyərək əkin dövriyyəsinə qatıb. “Əvvəldə qeyd etdiyim kimi, uzun illərdir, kənd təsərrüfatı ilə məşğulam. Təcrübəmə əsaslanaraq düşündüm ki, bu torpağı əkinəyararlı hala gətirmək heç də çətin deyil. Sadəcə, bir az zəhmət tələb edir. Rayondan texnika dəstəyi alaraq daşları təmizləyib 3 hektaradək sahədə taxıl əkini aparmışam. Heydər Əliyev Su Anbarının sol sahil kanalı sahələrimizə yaxın ərazidən keçir. İndi nəinki Naxışnərgiz, hətta ətraf kəndlərin torpaqları belə, bu kanaldan “su içir”. Qəzetiniz vasitəsilə bugünkü gəncliyə bir çağırış etmək istəyirəm: torpaqdan, necə deyərlər, ikiəlli yapışın. O heç zaman insanı naümid qoymaz. Xalq şairi Məmməd Arazın dediyi kimi, “torpaq da uşaq kimidir, ələbaxandır”. Qazancım hesabına uşaqlarıma gələcək qurmuşam, yaraşıqlı ev-eşik, avtomobil sahibiyəm, evimdə sürətli internetim var. Kəndli daha nə istəyə bilər ki?! Bir yandan da sosial problemlərimiz uğurla həll olunub. Uşaqlarımız yaxşı şəraiti olan məktəbdə təhsil alırlar. Vaxt tapıb məktəbə də baş çəkir, övladlarımın dərsləri ilə maraqlanıram. Vallah, o cür kompüterlər, elektron lövhəli siniflərin qarşısında adam təəccübünü gizlədə bilmir. Yaddan çıxmamış bunu da qeyd edim ki, bu gün digər bölgələrimiz kimi, Naxışnərgizin də yolları abadlaşdırılıb”.
Bu zəhmətkeş təsərrüfatçı ilə görüşüm “Şərq qapısı” qəzetinin 16 yanvar 1992-ci il tarixli nömrəsində “Hər kəs taxıl əkərsə” sərlövhəli yazını xatırlatdı. Müəllif o dövrün çörək növbələrindən, qıtlığından ürək yanğısı ilə bəhs edərək yazırdı: “Hər kəs taxıl əkərsə, kəndli gözünü mağazalarda verilən un normalarına dikməz. Köhnə, uzun müddət susmuş dəyirmanların isə müştəriləri çoxalar”.
Bəli, bir vaxtlar yalnız xam xəyal hesab edilən bu arzular dövlətimizin torpağa bağlı halal zəhmət adamlarına hərtərəfli qayğısı, bu qayğıdan ruhlanan əməksevər insanların fədakarlığı sayəsində bu gün gerçək olub. Artıq çörəyimiz öz təknəmizdəndir. Dəyirmanlarımız da aramsız çalışır. Təndirlərimizdə və istehsal sexlərində yapılan isti buğda çörəyinin ətri aləmə yayılır. Necə deyərlər, pis günümüz belə olsun.
Muxtar RZAZADƏ