Son yarım əsrə yaxın bir dövrdə ölkəmizdə ekologiyaya münasibət hər zaman aktual olub. Belə ki, ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ekoloji problemlərin həlli istiqamətində mühüm qərarlar qəbul edilib, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilib, geniş yaşıllaşdırma tədbirləri aparılıb.
“Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”, – deyən ümummilli lider ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ekoloji problemlərin həllini diqqətdə saxlayıb. Bu sahədə dövlət siyasətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılıb, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub. Hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekologiyanın mühafizəsi sahəsində mühüm işlər görülür, yaşıllıqların qorunması və artırılması istiqamətində lazımi tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında da əlverişli ekoloji mühitin yaradılması məqsədilə ardıcıl tədbirlər görülüb, dövlət proqramları qəbul edilib. Ötən dövrdə bu sahədə həyata keçirilən tədbirlər beynəlxalq ekoloji təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir.
Qeyd etmək lazımdır ki, muxtar respublika ərazisində təbii iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. Bu tədbirlərin əsası ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulub. Həmin illərdə blokada çətinliklərinə baxmayaraq, ümummilli liderimizin səyi nəticəsində muxtar respublikada iməciliklərin keçirilməsinə başlanılıb, təbiətin, yaşıllıqların qorunması və bərpası işlərinə diqqət artırılıb. Görülən işlərin nəticəsidir ki, muxtar respublika ərazisində yaşıllıqların həcmi ötən əsrin 90-cı illəri ilə müqayisədə 12 dəfədən çox artıb.
Əlverişli ekoloji mühitin yaradılmasında mühüm amillərdən biri də təbiət abidələrinin, bitki və heyvan ehtiyatlarının qorunması və bərpa edilməsidir ki, bu da xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması hesabına mümkündür. Muxtar respublikada bu sahədə də mühüm tədbirlər görülüb, xüsusi mühafizə olunan təbiət ərazilərinin şəbəkəsi xeyli genişlənib. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılıb. Bundan başqa, ölkə başçısının 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması təbiəti mühafizə ilə yanaşı, ekoturizmin inkişafına da geniş imkanlar açıb. Bu gün gənclərin muxtar respublikanın flora və fauna cəhətdən ən zəngin ərazilərinə ekskursiyalarının təşkili qədim diyarımızın turizm potensialının tanıdılması, eyni zamanda bölgənin zəngin ekoloji mühitinin təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Görkəmli akademik Həsən Əliyev yazırdı: “İnsan ömrünün uzadılması, onun sağlam və gümrah böyüməsinin təmin edilməsi, müxtəlif xəstəliklərin qarşısının alınması üçün, birinci növbədə, Vətənimizin yaşıl örtüyünü genişləndirmək, suyun, havanın təmizliyinin qeydinə qalmaq lazımdır. Çünki təbiətdəki bütün canlıların təmiz su ilə saf havaya əbədi ehtiyacı vardır. Burada hamının qarşısına belə bir sual çıxa bilər: bəs bunları kim etməlidir? Cavab qısadır: hamı! Hər bir insan öz kiçik və ya böyük fəaliyyəti dairəsində təbiətlə qarşılaşır. Bəziləri təbiət deyəndə hardasa üfüqün o tərəfində dağlardan-daşlardan başlanıb gələn çayları, şəhərdən uzaq meşələri və sair nəzərdə tutur. Halbuki təbiət elə bizim həyətimizdən, yaşadığımız küçədən başlayır. Təbiətə münasibət özünü bu başlanğıcda büruzə verir: həyətində neçə ağac əkmisən, küçənin təmizliyi üçün nə eləmisən? Gözünün qabağında şəhər ətrafına zibil boşaldanların qolundan yapışmısanmı?”
Görkəmli akademikin vaxtilə ana təbiətin qorunması ilə bağlı ölkə vətəndaşlarına bu çağırışı indi muxtar respublikamızın hər bir sakininin gündəlik həyatında əks olunan ekoloji normaya çevrilib. Artıq yerli əhalinin şüuraltında yaşıllıqları müqəddəs varlıq kimi qorumaq, ətraf mühiti çirkləndirməmək kimi mühafizəkar düşüncə formalaşıb. Buna görədir ki, muxtar respublikamıza gələn turistlər də şəhər və rayonlarımızın təmizliyindən, salınan yaşıllıqlardan ağızdolusu danışırlar.
Təbii ki, ətraf mühiti qorumaq, yaşıllıqları artırmaq davamlı prosesdir və insan həyatının mühüm tərkib hissəsidir. Buna görədir ki, əvvəlki illərdə bu sahədə görülmüş işlər hazırda da davam etdirilir və cari ilin ötən dövründə muxtar respublika ərazisində yeni yaşıllıq zolaqlarının artırılması, xüsusilə yeni meyvə bağlarının salınması və meşəbərpa tədbirlərinin davam etdirilməsi diqqət mərkəzində saxlanılır. Əsasən, hər həftənin şənbə günləri iməciliklər vasitəsilə həyata keçirilən belə yaşıllaşdırma tədbirlərinin kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə aparılması torpaqların münbitliyinin bərpa olunmasına öz töhfəsini verir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, 2018-ci ilin ötən dövründə də müvafiq tədbirlər uğurla davam etdirilib. Belə ki, cari ilin yaz əkini mövsümündə 21,5 hektarı üzüm bağı olmaqla, 78,5 hektar sahədə yeni meyvə bağları, 91,5 hektar sahədə isə yaşıllıq zolaqları salınıb. 221 min meşə və meyvə tingləri, bəzək və gül kolları əkilib. Nəticədə, muxtar respublikanın yaşıl örtüyünün sahəsi 170 hektar artırılıb.
Muxtar respublikada həyata keçirilən ekoloji tədbirlər bir daha onu göstərir ki, yaşıllıqların artırılması və mühafizəsi yalnız əlamətdar günlərlə məhdudlaşmır və aktuallığını hər zaman qoruyur. Hər həftənin şənbə günləri keçirilən kütləvi iməciliklər isə ümumxalq mahiyyəti daşımaqla yanaşı, gənc nəsildə ekoloji mədəniyyətin formalaşmasına da öz müsbət təsirini göstərir.
Səbuhi HƏSƏNOV