Müasir iqtisadi inkişafın mühüm tələblərindən biri elektron ödənişlərin həcminin daha da artırılması və nağdsız hesablaşmaların miqyasının genişləndirilməsidir.
Belə ki, nağdsız hesablaşmalar pul dövriyyəsini daha da sürətləndirməklə bu sahədə çevik idarəetmənin həyata keçirilməsinə və şəffaflığa imkan yaradır. Bu baxımdan muxtar respublikamızda əhaliyə müasir səviyyəli keyfiyyətli bank xidmətlərinin göstərilməsi üçün elektron bankçılıq sahəsində fəaliyyətin daha da genişləndirilməsi həyata keçirilən prioritet tədbirlərdəndir. Bu sahədə görülmüş işlərlə əlaqədar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən verilmiş məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq cari ildə də muxtar respublikada nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilməkdədir. Belə ki, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi məqsədilə POS-terminalların quraşdırılması daim diqqət mərkəzində saxlanılmış, 1 aprel 2018-ci il tarixə onların sayı 1265-ə çatdırılmışdır. Təkcə cari ilin mart ayında POS-terminallar vasitəsilə edilən ödənişlərin həcmi 973 min manata yaxın olmuşdur.
2018-ci ilin mart ayının göstəricilərinə əsasən muxtar respublikada POS-terminal, internet və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 93 min 362 manat artaraq 3 milyon 106 min manata yaxın olmuşdur.
Muxtar respublikanın bölgələri üzrə nəzər saldıqda isə cari ilin mart ayında POS-terminallardan istifadə olunmasına görə öncəki aya nisbətdə ən yaxşı göstərici Naxçıvan şəhəri, Ordubad, Babək və Sədərək rayonlarında qeydə alınmışdır.
Məlumat üçün bildirək ki, cari ilin mart ayında muxtar respublikanın rayonlarında əlavə olaraq 2 bankomat quraşdırılmış və onların sayı, ümumilikdə, 106-ya çatdırılmışdır. Ödəniş kartlarının sayında da artım qeydə alınaraq 268 min 988 ədəd təşkil edib.
Əli CABBAROV