Bu gün Naxçıvan şəhərinin hansı səmtinə üz tutsan, rahat və geniş yollar, yaşıllıqlara qərq olan abad küçələr, müasir şəhərsalma mədəniyyətinin yüksək tələblərinə cavab verən əzəmətli memarlıq kompleksləri ilə qarşılaşarsan. Muxtar respublikanın günü-gündən artan sosial-iqtisadi inkişafı quruculuq işlərinin də həcminin daha da genişlənməsinə imkan verir. Bu tədbirlərdən paytaxt Naxçıvan şəhərinə böyük pay düşür. Son illər aparılan geniş abadlıq-quruculuq tədbirləri nəticəsində şəhərimizin görkəminə yeni çalarlar qatılıb, indi qədim şəhər müasir görünüşü ilə də hər kəsi heyran qoyur. Quruculuq işlərinin miqyası ildən ilə daha çox şaxələnir, ayrı-ayrılıqda hər bir sahəni əhatə edir.
Naxçıvanda təhsil müəssisələri üçün yeni binaların inşası, yararsız hala düşmüş köhnə tikililərin əsaslı şəkildə yenidən qurulması və təmir-bərpası artıq ənənə halını alıb. Son illərdə bir neçə ali təhsil müəssisəsi üçün də korpuslar tikilib və ya yenidən qurulub. Bu tədbirlərin davamı olaraq ötən ayın əvvəllərindən etibarən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin köhnə korpusunun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə edilən binada artıq söküntü işləri başa çatmaq üzrədir. Obyektin iş icraçısı Nizami Rzayevin bildirdiyinə görə, hazırda binanın təməl hissəsi möhkəmləndirilir, divarlarda bərkitmə işləri gedir, örtük hissənin üzərinə torpaq qatı verilir, 3-cü mərtəbədə hörgü, suvaq işləri görülür, binanın sahəsi 6 metr artırılıb.
Şəhərimizdə gedən genişmiqyaslı quruculuq işlərindən Naxçıvan Tibb Kolleci də öz payını alıb. Belə ki, ötən ayın əvvəllərindən etibarən kollecin binasında təmir-bərpa işləri gedir. “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə edilən binanın hazırda üzləməsi sökülüb, təməl hissə bərkidilir, pəncərə kənarları bərpa edilir, dam örtüyü dəyişdirilir, köhnə novdanlar yeniləri ilə əvəzlənir. Təmir-bərpa işləri çərçivəsində gələcəkdə binanın daxili kommunikasiya xətlərinin yenilənməsi, iç divarlarda dekorasiya işlərinin görülməsi nəzərdə tutulub. Obyektdə çalışan inşaatçılar lazım olan mal-materiallar ilə təmin olunublar, texnik-təhlükəsizlik qaydalarına ciddi əməl edilir.
Bu gün muxtar respublikamızda dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, din adamlarının ibadəti üçün hərtərəfli şərait yaradılır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bu tədbirlərin əhatə dairəsini xeyli genişləndirib. Hazırda Naxçıvan şəhərində yeni məscid binası inşa olunur. Obyektin inşası “Gəmiqaya İnşaat” MMC-nin kollektivinə həvalə edilib. İş icraçısı Cəmil Qalayevdən aldığımız məlumata görə, əsas və köməkçi hissələrdən ibarət olan binanın hazırda günbəzlərində qəlib-beton işləri yekunlaşmaq üzrədir, minarələrdə isə qəlib-beton işləri davam edir. Layihəyə əsasən məscid binasında ibadət zalı, 40 metrlik iki minarə, qızlar və oğlanlar üçün iki mədrəsə və kitabxana yerləşəcək. Ərazidə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati və mərasim binaları da inşa olunur. İnzibati binada iş otaqları, tədbirlər zalı, kəbin otağı, kitabxana və bufet istifadəyə veriləcək. Mərasim binasında isə iki zal fəaliyyət göstərəcək. Məscid binasının həyətində abadlıq işləri aparılacaq, mərkəzi isitmə sistemi qurulacaq və dəstəmaz yerləri yaradılacaq.
Nail ƏSGƏROV