Muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Süni Mayalanma Mərkəzinin tikintisinə başlanılıb. Mərkəz Babək rayonunda 2 hektara yaxın ərazidə inşa olunur. Burada iki mərtəbədən ibarət inzibati bina, yataqxana, tövlə, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi, müxtəlif laboratoriyalar və digər obyektlər inşa olunacaq. Hazırda kompleksə məxsus inzibati binanın təməlində beton-qəlib işləri görülür, ərazi hamarlanır.
Qeyd edək ki, mərkəzin tikintisinə ölkə başçısı cənab İlham Əliyevin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamla start verilib. Həmin sərəncamla mərkəzin tikintisinə 3 milyon manat vəsait ayrılıb. Bu işlərin həyata keçirilməsi Naxçıvanda heyvandarlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan verəcək. Belə ki, hazırda 23 süni mayalanma məntəqəsinin fəaliyyət göstərdiyi muxtar respublikada yeni yaradılacaq mərkəz bu sahədə işləri daha da təkmilləşdirəcək. Müvafiq məntəqələrdə həyata keçirilən tədbirlər vahid mərkəzdən mütəşəkkil şəkildə idarə olunmaqla müsbət nəticə verəcək. Bununla da heyvanların cins tərkibinin yaxşılaşdırılması prosesi daha da sürətləndiriləcək ki, bu da süd və ət istehsalının bir neçə dəfə artmasına imkan verəcək. Reallaşdırılacaq layihənin digər bir əhəmiyyəti ondadır ki, gələcəkdə muxtar respublikadan cins mal-qaranın diri çəkidə ixracı üçün də potensial baza formalaşacaq.
Mərkəz həm də bir elmi-tədqiqat müəssisəsi kimi mühüm əhəmiyyət kəsb edəcək. Əvvəllər süni mayalanma toxumları başqa ölkələrdən gətirilirdisə, artıq buna ehtiyac olmayacaq. Əvvəllər muxtar respublikaya gətirilən həmin toxumların saxlanılma şəraitində də müəyyən çətinliklər var idi. Artıq yeni yaradılacaq mərkəzdə toxum istehsalı da aparılacağı üçün həmin problemlər ortadan qaldırılacaq. Burada təkcə iribuynuzlu deyil, xırdabuynuzlu heyvanların, quşların, hətta arıların da cins tərkibi yaxşılaşdırılacaq.
Məlumat üçün deyək ki, bu, Azərbaycanda fəaliyyət göstərəcək ikinci Süni Mayalanma Mərkəzi olacaq.
Muxtar RZAZADƏ