23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada qədim və çox əhəmiyyətli təsərrüfat sahəsi olan arıçılığa göstərilən dövlət qayğısı nəticəsində bu sahə yüksək inkişaf mərhələsinə qədəm qoyub. Arıçılıqla məşğul olmaq istəyən sahibkarlıq subyektlərinin sayı ildən-ilə artmaqdadır.
Təkcə 2017-ci ildə bu sahə üzrə təsərrüfat subyektlərinə 50 min manat məbləğində kredit verilib, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılıb. 2016-2017-ci illərdə “Arıçılıq məhsulları-bal” festivallarının keçirilməsi də bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərib.
Bu gün Naxçıvanda 4070-dən çox sahibkar arıçılıqla məşğul olur. Onlardan 549 sahibkarın 200-250 arı, o cümlədən 411 sahibkarın 20-dən çox, 116 sahibkarın 50-dən çox və 22 sahibkarın 100-dən çox arı ailəsi var. Hesablamalar göstərir ki, muxtar respublikamızda arı ailələrinin sayını 100 minə çatdırmaq və məhsuldarlığını artırmaq mümkündür.

Dövlət başçısı cənab İlham Əliyevin 2018-cil il 5 mart tarixli “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, xəstəliklərə qarşı vaxtında mübarizə aparılmasına, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracına, yeni arıxanaların yaranmasına böyük stimul verir.
Muxtar respublikada arıçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Belə ki, arıçılara balsüzən dəzgahların, arı pətəklərinin və digər avadanlıqların lizinq yolu ilə verilməsi, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin dövlət vəsaiti hesabına pulsuz aparılması keyfiyyətli məhsul istehsalına və bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaratmışdır. Muxtar respublikada arıçılıq məhsullarının artırılması bazarlarda ekoloji baxımdan təmiz və ucuz məhsulların bolluğuna səbəb olur.
Bu təbiət canlıları maraqlı xüsusiyyətlərə malikdir. Bu barədə danışan təcrübəli arıçılar qeyd edirlər ki, arı ailələrinin şirin su ilə yanaşı, şor suya olan ehtiyacı davamlı ödənilməlidir. Onlar bunu da bildirirlər ki, məhsuldarlıq arıdan və təbiətdən asılıdır. Əvvəlcə arılar aranda, həyətimizdə olan çiçəklərdən şirə çəkir. Sonra arıları dağətəyi ərazilərə aparırıq. May ayının sonunda isə arı ailələrini dağlıq ərazilərə köçürürük. Dağda bizim arılarımız, necə deyərlər, üçüncü yazı görür.
Muxtar respublika florasının dərman bitki­ləri ilə zəngin olması səbəbilə, toplanan bal həm dadına, həm də rənginə görə fərqlənir. Bu da məhsulun dəyərini daha da artırır. Ümumiyyətlə, əsl arıçılar hesab edirlər ki, hava şəraitindən asılı olmayaraq bu sahədə istənilən məhsuldarlığı əldə etmək mümkündür. Bunun üçün isə arı ailələrinə yüksək səviyyədə qulluq edilməlidir.
Baldan xalq təbabətində də bir çox xəstə­liklərin müalicəsində istifadə olunur. Bundan başqa, arıçılıq məhsullarından mum, bərəmum, arı zəhəri, arı südü, çiçək tozu, güləm də müxtəlif vitaminlər, bioloji aktiv maddələrlə zəngindir.
Muxtar respublikanın iqlim şəraiti və zəngin təbiəti imkan verir ki, bu il də bol və keyfiyyətli bal və arıçılıq məhsulları əldə edilsin.

Əyyub ABDULLAYEV
Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR