Balıqçılıq qədim zamanlardan bəri gəlirli sahələrdən sayılıb. İllər ötdükcə bu sahəyə maraq daha da artıb və balıqçılıq bir peşə kimi formalaşıb. Əhalinin orqanizm üçün hədsiz faydalı olan balıq məhsullarına tələbatı artdığından bir çox sahibkar bu gəlirli işlə məşğul olur. Müstəqillik illərində sahibkarlığa göstərilən dövlət dəstəyi balıq istehsal edən müəssisələrin sayının artması ilə nəticələnib.
Bu gün Naxçıvanda balıqçılığın inkişafı üçün geniş imkanlar vardır. Doğma diyarımızın əlverişli coğrafi mövqeyi, təbii iqlim şəraiti, bol sulu göl və çaylarının olması, eyni zamanda dövlətin göstərdiyi dəstək və qayğı balıqçılığın inkişafına geniş imkanlar açıb. Sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi bu sahəyə maraq göstərənlər üçün böyük stimul olub. Əhalisinin əksəriyyətinin əkin-biçinlə məşğul olduğu bölgə sayılan Kəngərlidə də son vaxtlar balıq yetişdirilməsinə maraq xeyli artıb. Qarabağlar kəndində fəaliyyət göstərən “Asnı” qızıl xallı ala balıq yetişdirmə təsərrüfatında baş verən dəyişikliklər də diqqətçəkəndir. Belə ki, 1 hektar ərazini əhatə edən həmin təsərrüfatda 2016-cı ilin sentyabr ayından başlayaraq günün tələbləri səviyyəsində fəaliyyət göstərmək üçün hər cür şərait yaradılıb. İlk olaraq ərazidə geniş abadlıq işləri görülüb, 150 ağac tingi əkilib, 33 böyük, 20 kiçikölçülü hovuz düzəldilib, bəndlər bərkidilib, su qurğuları təzələnib. Həmçinin hovuzlara enmək üçün pilləkənlər quraşdırılıb. Çayın suyu borularla davamlı olaraq hovuzlara axıdılır. Su burada lazımi səviyyəni aldıqdan sonra öz axarı ilə hovuzların aşağı tərəfində qoyulmuş çıxıntılardan birbaşa arxa tökülür. Beləliklə, suyun səviyyəsi daim sabit qalır. Digər tərəfdən su davamlı olaraq təzələnir ki, bu da balıqların bəslənməsi və inkişafı üçün zəruri amillərdən biridir.
Təsərrüfatın sahibi Seyfəddin Rəhimov bizimlə söhbətində dedi ki, kəndin əlverişli coğrafi mövqeyi, xüsusən də burada çağlayan saf və bol sulu Asnı çayının imkanları təsərrüfatı daha da genişləndirməyə imkan verib. Ərazidə sanitariya-gigiyena qaydalarına ciddi əməl olunması diqqət mərkəzində saxlanılır. Bu da, təbii ki, keyfiyyətli məhsul istehsalında mühüm amildir. Türkiyədən gətirilən balıq kürüləri üzərində ilk olaraq süni mayalanma aparılır. Bundan 20 gün sonra nəticə bəlli olur. Balıqlar müəyyən müddət ayrı saxlanıldıqdan sonra hovuzlara buraxılır. Həmin balıqlara 4 ay müddətində hər gün 8 dəfə yem verilir. Daha sonra yemləmə sayı azaldılır. Yemlər qonşu İrandan və Türkiyədən alınır. Balıqlar üçün lazım olan yemin yaxın gələcəkdə Fransadan gətirilməsi nəzərdə tutulub.
Sahibkar qeyd etdi ki, təsərrüfat sahəsində istehsalın keyfiyyətinin yüksəldilməsi üçün İrandan avadanlıqlar sifariş verilib. Yaxın vaxtlarda müəssisədə quraşdırılacaq avadanlıqlar vasitəsilə balıqlar avtomatik şəkildə kəsilib, təmizlənib, yuyulacaq. Həmçinin akvarium və suyu oksigenlə təmin edən avadanlıqların da alınması nəzərdə tutulub. Bütün bunlar gələcəkdə müəssisənin daha məhsuldar fəaliyyət göstərməsinə imkan verəcək.
Qeyd edək ki, bu təsərrüfatda istehsal edilən balığa tələbat böyükdür. Yeməkxana və restoran biznesi ilə məşğul olan sahibkarlar, eləcə də ayrı-ayrı şəxslər tərəfindən sifarişlərin çox olması ona dəlalət edir ki, təsərrüfatın gələcək illərdə də rentabelli işləməsi təmin olunacaq, mağaza vitrinlərində insan sağlamlığı üçün zəruri olan bu məhsulu sərfəli qiymətə hər bir istehlakçı əldə edə biləcək.
Nail ƏSGƏROV