Muxtar respublikada istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl tədbirlər görülür. 2018-ci ilin birinci rübündə də bu iş davam etdirilmiş, daxil olan müraciətlərə əsasən 248 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır. İstehlakçılara verilən təbii qazın dayanıqlı olması üçün istismarda olan təzyiq və qaztənzimləyiciləri, daşıyıcı və paylayıcı qaz kəmərləri, nəzarət-ölçü cihazları və digər texnoloji avadanlıqlar yenilənmişdir.
“Naxçıvanqaz” İstehsalat Birliyi nəzərdə tutulan işləri vaxtında yerinə yetirmiş, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülmüş, təbii qazdan qanunsuz istifadə hallarının qarşısı alınmışdır. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər davam etdirilmiş, 474 qaz sayğacı quraşdırılmışdır. Muxtar respublikada 2018-ci ilin birinci rübündə yeni qaz boru xətlərinin quraşdırılması, yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar 39 min paqonometrə yaxın müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunmuşdur.
“Naxçıvanqaz” İstehsalat
Birliyinin mətbuat xidməti