Əhalinin normal həyat şəraitinin daha da yaxşılaşdırılması məqsədilə muxtar respublikada ardıcıl tədbirlər görülür, müxtəlif istiqamətli quruculuq işləri həyata keçirilir.
Regionun ən böyük bölgələrindən biri olan Şərur rayonunda da bu məsələ diqqət mərkəzində saxlanılıb. 2017-ci ildə Ələkli, Qarahəsənli, Ərəbyengicə, Arpaçay, Çəmənli kəndlərini bəzəyən yeni sosial obyektlər, Şərur şəhərində inşa olunan 2 nömrəli tam orta məktəb, əsaslı şəkildə təmir olunan beşmərtəbəli yaşayış binası, mərkəzi xəstəxana ötən ilin və bu ilin ilk aylarında inşa olunub əhalinin istifadəsinə verilib.
Cari ildə isə İbadulla, Kosacan və Kərimbəyli kəndlərində geniş quruculuq tədbirlərinə başlanılıb.
İbadulla kəndində tikilən üçmərtəbəli məktəb binası 522 şagird üçün nəzərdə tutulub. Kosacan kəndində yenidən qurulan üçmərtəbəli təhsil müəssisəsində 234 şagirdin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılacaqdır. Kərimbəyli kənd tam orta məktəbinin binası isə 270 şagird üçün nəzərdə tutulub.
Hər üç ünvanda kənd və xidmət mərkəzləri də inşa olunacaq, bütün infrastruktur təzələnəcəkdir.
Xəbərlər şöbəsi