23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın dayanıqlı və davamlı inkişafının təmin olunması istiqamətində cari ilin ötən dövründə mühüm tədbirlər həyata keçirilmiş, yüksək nəticələr əldə olunmuşdur.
2018-ci ilin yanvar-mart aylarında ümumi daxili məhsul istehsalı 524 milyon 186 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 1156 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 54,1 faiz təşkil etmişdir.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2,7 faiz, kənd təsərrüfatı məhsulu 3 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətləri 1,6 faiz, ­ o cümlədən mobil rabitə xidməti 1,9 faiz artmışdır.

Heydər Əliyev Muzeyində Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxması ilə bağlı tədbir keçirilmiş, muxtar respublikada investisiya və biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə “Caspian European Club”un mükafatı təqdim olunmuşdur.

Makroiqtisadi göstəricilər

 Sənaye

Muxtar respublikada iri sənaye müəssisələrinin ­yaradılması, yeni məhsul növlərinin istehsalı sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf təmin edilmişdir.
2018-ci ilin yanvar-mart aylarında muxtar respublikada 241 milyon 42 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq ­dövründəki göstəricini 1,5 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 96,6 faizi malların, ­ 3,4 faizi isə xidmətlərin payına düşmüşdür. Dövlət ­sektorunda 11 milyon 97 min 500 manatlıq, qeyri-dövlət sektorunda isə 229 milyon 944 min 500 manatlıq sənaye məhsulu istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 95,4 faizi özəl sektorun payına düşmüşdür.

Sənaye məhsulu istehsalının dinamikası, min manat

2018-ci ilin ilk rübündə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində ­ 16 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 25 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilir.
Sənayenin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2018-ci ilin ilk rübündə 5 milyon 15 min manat kredit verilmişdir. Ölkə Prezidentinin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası muxtar respublikada xalça istehsalının, son nəticədə, sənayenin inkişafına müsbət təsir göstərəcəkdir.
Sənayedə istehsal həcminin artması nəticəsində cari ilin ilk rübündə 41 milyon 230 min 700 ABŞ dolları ­dəyərində sənaye məhsulları ixrac olunmuşdur.

Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2018-ci ilin yanvar-mart aylarında Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan şəhərində texniki qulluq məntəqəsinin və avtomobil dayanacağının tikintisi başa çatdırılmış, mərkəzi hərbi xəstəxananın, anqarın, tibb və texniki nəzarət məntəqələrinin tikintisi davam etdirilir.
Babək rayonunda bir, Şahbuz rayonunda iki anqarın tikintisi başa çatdırılmış, Babək rayonunda qərargah binasının və texniki istismar hissəsinin, Culfa rayonunda dörd, Babək rayonunda iki, Şahbuz rayonunda bir ­anqarın tikintisi davam etdirilmiş, Kəngərli rayonun­da “N” hərbi hissədə yaşayış binasının tikintisinə ­başlanılmışdır.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində xidməti yaşayış binası istifadəyə verilmiş, Qaraçuq kəndi ərazisində Sərhəd Nəzarət Məntəqəsinin inzibati binasının yenidən qurulması davam etdirilir.
Şərur rayonunda Daxili Qoşunların “N” hərbi ­hissəsində infrastruktur obyektlərinin tikintisi davam etdirilir.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

Muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2018-ci ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 197 milyon 240 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,7 faiz çoxdur. Vəsait qoyuluşlarının 184 milyon 850 min manatı və ya 93,7 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2018-ci ilin ilk rübündə muxtar respublikada ­ 55 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 116 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri hazırda davam etdirilir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirləri 2018-ci ilin ilk rübündə də davam etdirilmiş, 2 kənd mərkəzi istifadəyə verilmiş, 5 kənd mərkəzinin inşasına başlanılmışdır.
Muxtar respublikada 6 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 3 yaşayış binasının tikintisi davam etdirilmiş, 1 yaşayış binasının tikintisinə, 4 yaşayış binasının yenidən qurulmasına başlanılmışdır.
Cari ilin ötən dövründə yaşayış məntəqələrində ­kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə muxtar respublikaya 2 kommunal təyinatlı avtomobil və 150 konteyner gətirilmişdir.
Şahbuz rayonunda çirkab sutəmizləyici qurğunun, Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2018-ci ilin ilk rübündə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 94 min 550 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.
Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilmişdir. Bundan əlavə, yaz əkinlərinin aparılması üzrə dəstəkləyici tədbirlər həyata keçirilir.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə Babək rayonunun Nehrəm kəndində tutumu 2500 ton olan soyuducu anbarın yaradılmasına başlanılmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və ­mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 166-sı 2018-ci ilin yanvar-mart aylarında olmaqla, cəmi 2220 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2018-ci ilin ilk rübündə 73 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 26 ədədi nağd yolu ilə satılmışdır. Bu dövr ərzində məhsul istehsalçıları 5082,5 ton mineral gübrə ilə təmin olunmuşdur.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı da diqqətdə saxlanılmışdır. Cari ilin ilk rübündə ­ 10 heyvandarlıq təsərrüfatı yaradılmış, 2 heyvandarlıq ­təsərrüfatının yaradılması davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 1 milyon 101 min 700 manat dəyərində kredit verilmişdir.
Muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata ke­çirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Süni ­Mayalanma Mərkəzinin yaradılmasına başlanılmışdır.
2018-ci ilin ilk rübündə heyvandarlıq təsərrüfatlarında 2047 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 3056 baş sağlam bala alınmışdır. 1 aprel 2018-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında ­qaramalın sayı 119 min 378 baş, qoyun və keçilərin sayı 741 min 852 baş olmuşdur ki, bu da 1 aprel 2017-ci il tarixə olan göstəriciləri 1,6 və 1,9 faiz üstələmişdir.
2018-ci ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6111 ton ət, 12551 ton süd istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 və 2,5 faiz çoxdur.
Daxili bazarda yerli istehsalın həcminin artırılması ­məqsədilə 1 balıqçılıq təsərrüfatı yaradılmış, 1 quşçuluq təsərrüfatının yaradılması hazırda davam etdirilir.
Muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə də mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında ­arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2018-ci ilin ilk rübündə bu sahədə müvafiq tədbirlər görülmüş, təsərrüfat subyektlərinə 78 min 600 manat kredit verilmişdir.
Cari ilin ilk rübündə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 1 milyon 307 min 400 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur.
2018-ci ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 3 faiz çox, yəni 27 milyon 510 min 200 manatlıq kənd ­təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac ­potensialını artırmış, 2018-ci ilin ilk rübündə muxtar respublikadan 12 milyon 86 min 600 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 410 hektar sahəni əhatə edəcək yeni qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılmışdır.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində də tədbirlər görülmüş, cari ilin ilk rübündə 172 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 221 min ağac və gül kolu əkilmişdir.
Muxtar respublikada ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda kompleks monitorinq laboratoriyasının yaradılmasına başlanılmışdır.

Nəqliyyat, informasiya-rabitə və energetika

Əhali artımına uyğun olaraq muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində tədbirlər davam ­etdirilir.
Muxtar respublikanın avtomobil yollarında idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 14 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılmışdır.
Cari ilin ilk rübündə Şərur rayonunun Xanlıqlar-Vərməziyar-Ərəbyengicə-Qarahəsənli-Çəmənli avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, Culfa-Ordubad magistral avtomobil yolunun, Şərur rayonunun Kosacan, Babək rayonunun Aşağı Buzqov və Yuxarı Buzqov, Ordubad rayonunun Dəstə, Culfa rayonunun Qazançı, Kəngərli rayonunun ­Qarabağlar kəndlərində avtomobil yollarının yenidən qurulmasına başlanılmışdır.
Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.
Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində maşın və mexanizmlər üçün qaraj kompleksinin yaradılmasına başlanılmışdır.
Muxtar respublikanın dəmir yolu təsərrüfatı 8 yeni sərnişin vaqonu ilə təmin olunmuş, Ordubad dəmir yolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri başa çatdırılmışdır. Culfa stansiyasında İstismar Vaqon Deposunun tikintisi davam etdirilmiş, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmirinə başlanılmışdır.
2018-ci ilin yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektorunda 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,8 faiz, sərnişin daşınması 1,6 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, ­ 11 milyon 663 min manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,3 faiz çoxdur.
Cari ilin ilk rübündə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, Şərur rayonunun Ərəbyengicə kəndində yeni poçt bölməsi istifadəyə verilmiş, Culfa rayonunun Dizə kəndindəki poçt bölməsi yeni binaya köçürülmüşdür.
Şərur rayonunun Ərəbyengicə kəndində 288 nömrə tutumlu avtomat telefon stansiyası quraşdırılmış, Culfa ­rayonunun Dizə kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyası yeni binaya köçürülmüşdür.
Culfa rayonunun Yaycı və Əbrəqunus kəndlərinin avtomat telefon stansiyalarının hər birində 2, Babək rayonunun Zeynəddin, Güznüt, Cəhri, Yuxarı Uzunoba kəndlərinin və Babək qəsəbəsinin, Culfa rayonunun Dizə və Ərəzin, Kəngərli rayonunun Şahtaxtı kəndlərinin və Qıvraq qəsəbəsinin avtomat telefon stansiyalarının hər birində 1 ədəd DSLAM avadanlığı quraşdırılaraq əhalinin genişzolaqlı internet xidmətindən istifadəsi genişləndirilmişdir. Bu dövr ərzində Naxçıvan Muxtar Respublikasının elektron hökumət portalının yenilənməsi davam etdirilmişdir.
Cari ilin ilk rübündə muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2017-ci ilin müvafiq dövründəki göstəricini 1,6 faiz üstələyərək 12 milyon 688 min 200 manat olmuşdur. Ümumi xidmətlərin 80,9 faizi mobil rabitənin payına düşmüşdür. Mobil rabitə xidmətlərinin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artmışdır.
Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi diqqət mərkəzində saxlanılmış, gücü 36 mVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisi davam ­etdirilmiş, Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binasının tikintisinə başlanılmışdır.
Muxtar respublikada 8,3 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 4 transformator yarımstansiyası quraşdırılmışdır.
1 aprel 2018-ci il tarixə muxtar respublikada 86 min 12 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılması hazırda davam etdirilir.

Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər davam etdirilir.
2018-ci ilin ilk rübündə muxtar respublikada sahibkarlara 7 milyon 442 min 700 manat kreditlər verilmişdir. Bu kreditlərdən 5 milyon 566 min 300 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 1 milyon 876 min 400 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 2 hüquqi və 528 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 376 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 250 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Cari ilin yanvar-fevral aylarında orta aylıq əməkhaqqının məbləği 420,3 manat təşkil etmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən 1,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaradıb.
Cari ilin ilk rübündə muxtar respublikada 593 yeni iş yeri yaradılmışdır ki, bunun da 582-si və ya 98,1 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində 53 nəfər peşə kurslarına cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 544 nəfər müxtəlif peşələrə yiyələnmişdir.

İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2018-ci ilin yanvar-mart aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 347 milyon 367 min 500 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün Şərur rayonunun Ərəbyengicə, Culfa rayonunun Dizə kəndlərində xidmət mərkəzlərinin tikintisi başa çatdırılmış, Şərur rayonunun İbadulla və Kosacan kəndlərində xidmət mərkəzlərinin tikintisinə başlanılmışdır.

Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli ­istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmışdır.
2018-ci ilin yanvar-mart aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 61 milyon 359 min 400 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 53 milyon 317 min 300 ABŞ dollarını ixrac, 8 milyon 42 min 100 ABŞ dollarını idxal təşkil etmiş və 45 milyon 275 min 200 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsinə, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına səbəb olmuşdur.
1 aprel 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 67622-yə çatmışdır ki, bunun da 58733-ü və ya 86,9 faizi aktiv hesablardır. 2018-ci ilin ilk rübündə açılmış 3269 bank hesabının 3222-si aktiv hesablar olmuşdur.
1 aprel 2018-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1265-ə çatmışdır.
Səmərəli sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir. 2018-ci ilin ilk rübündə muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 1 milyon 607 min 600 manat olmaqla, bir il öncəki göstəricini 3,4 faiz üstələmişdir.

Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində cari ilin ilk rübündə Naxçıvan Dövlət Universitetində Distant Təhsil Mərkəzi istifadəyə verilmiş, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Naxçıvan Tibb Kollecinin binalarının yenidən qurulmasına başlanılmışdır.
Şərur rayonunun Ərəbyengicə kəndində 208 şagird yerlik, Culfa rayonunun Dizə kəndində 234 şagird yerlik tam orta məktəb binalarının tikintisi başa çatdırılmış, Şərur rayonunun İbadulla və Kərimbəyli, Babək rayonunun Yuxarı Buzqov, Ordubad rayonunun Dəstə, Culfa rayonunun Qazançı kənd­lərində məktəb binalarının tikintisinə, Şərur rayonunun ­Kosacan, Babək rayonunun Aşağı Buzqov kəndlərində məktəb binalarının yenidən qurulmasına başlanılmışdır.
Naxçıvan şəhərində uşaq bağçası binasının tikintisinə başlanılmışdır.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdirilmiş, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur rayonunun Ərəbyengicə kəndində həkim ambulatoriyası binasının, Culfa ­rayonunun Dizə kəndində feldşer-mama məntəqəsinin tikintisi başa çatdırılmışdır.
Şərur rayonunun İbadulla və Kosacan, Babək rayonunun Aşağı Buzqov, Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyası binalarının tikintisinə, Culfa rayonunun Qazançı kəndində həkim ambulatoriyası binasının yenidən qurulmasına başlanılmışdır.
Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 31 may tarixli Sərəncamına uyğun olaraq cari ilin yanvar ayından Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır.
Sosial layihələr çərçivəsində 2018-ci ilin ilk rübündə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 231 müxtəlif cərrahi əməliyyatlar aparılmışdır.
2018-ci ilin ilk rübündə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 208 min 686 manat ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə, uzun müddət ünvanlı dövlət sosial yardımı alan 28 ailəyə fərdi təsərrüfatlarını yaratmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara verilmişdir.
Bu dövrdə 224 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, ­Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 84 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 68 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 31 nəfər müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 89 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 123 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur. Hesabat dövründə 12 nəfərin ölkə daxilində müalicəsinə, 16 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3,6 min nəfər artaraq 1 mart 2018-ci il tarixə 453 min nəfəri ötmüşdür.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin ilk rübündə pensiya və müavinətlərin ödənilməsinə 34 milyon 585 min manatdan çox vəsait ­yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 6,6 faiz çoxdur.
Muxtar respublikada digər əhali qrupları ilə yanaşı, gənc­lərin də hərtərəfli inkişafı diqqətdə saxlanılır, cəmiyyətdə fəal iştirakları təmin edilir. Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilməsi muxtar respublika gənclərinin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatda daha çox təmsil olunmalarına geniş imkanlar ya­radacaqdır. Cari ilin ötən dövründə Naxçıvan şəhərində və rayonlarda yeni “Gənclər bağı” salınmış, gənclərin sağlam mühitdə formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası fəaliyyətə başlamışdır.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi sahəsində də ardıcıl tədbirlər həyata keçirilir. İslam mədəniyyəti nümunələri ilə zəngin və bəşər sivilizasiyasına dəyərli töhfələr vermiş Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq müvafiq işlər yerinə yetirilmiş, “Naxçıvan İslam Mədəniyyəti – 2018” internet səhifəsi qlobal şəbəkəyə inteqrasiya edilmişdir.
Naxçıvan şəhərində məscidin, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Şahbuz Rayon Mədəniyyət Evinin ­tikintisi, Naxçıvan şəhərində İmamzadə Kompleksinin, Şərur rayonunun Yengicə kəndində Şərq hamamının, Kəngərli­ rayonunda Qarabağlar Türbə Kompleksinin bərpası davam etdirilib. Babək rayonunun Nehrəm kəndində İmamzadə binasının bərpası başa çatdırılmış, Babək qəsəbəsində məscidin yenidən qurulmasına başlanılmışdır.
Muxtar respublikada turizmin kompleks şəkildə inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası da bu sahədə görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkan yaradacaqdır.
2018-ci ilin ilk rübündə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 99 min 248 turist gəlmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.

Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və ixtisaslı kadrlarla təminatı istiqamətində tədbirlər davam etdirilir.
Cari ilin ilk rübündə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasının yenidən qurulması, Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinə və Şahbuz Rayon Məhkəməsinə xidməti avtomobillər təqdim olunmuşdur.
Muxtar respublikada daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmışdır.
Aparılan təhlillərin ümumiləşdirilmiş yekunu göstərir ki, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün həyata keçirilən tədbirlər muxtar respublikanın davamlı və dinamik inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə zəmin yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR