23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra flora və faunamızın qorunması istiqamətində xeyli irəliləyişlər əldə edib, bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulub, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atıb. Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 

Ulu öndərimiz çıxışlarının birində ekoloji problemlərin həlli barədə belə deyib: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Dahi ­şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib, respublikamızın bütün bölgələrində geniş yaşıllaşdırma işləri aparılıb. Həmçinin beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, birgə layihələr hazırlanaraq həyata keçirilib, ekoloji tarazlığın təmin edilməsinə, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına yönəldilmiş bir sıra dövlət proqramlarının icrasına başlanılıb. Nadir və nəsli kəsilmək təhlükəsi ilə qarşı-qarşıya qalan flora və fauna növlərinin qorunub saxlanması məqsədilə milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqları yaradılıb.

Doğma Naxçıvanımızda da flora və faunamızın qorunaraq gələcək nəsillərə ərməğan edilməsi üçün lazımi işlər görülür. Muxtar diyarımızın coğrafi mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq ən mühüm ekoloji amil kimi yaşıllaşdırma, meşə­salma və meşəbərpa tədbirlərinə xüsusi diqqət yetirilir. Son illərdə görülən işlər sayəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin coğrafiyası da xeyli genişlənib. Bu gün muxtar respublika ərazisində elə təbiət əraziləri vardır ki, orada dünya əhəmiyyətli nadir bitki növləri və heyvanat aləmi qorunur. Şahbuz Dövlət Təbiət Qoruğu da bu sahədə mühüm əhəmiyyətə malikdir. Görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin 2003-cü il 16 iyun tarixli Fərmanı ilə yaradılan qoruq ətraf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanması işində geniş pay sahibidir. Onu da qeyd etmək lazımdır ki, qoruq yaradılmazdan əvvəl bu ərazidə olan heyvanların, quşların və bitkilərin bəzilərinin sayı kəskin aşağı düşmüşdü. Lakin dövlət qayğısı ilə həyata keçirilən tədbirlər, görülən işlər nəticəsində bu gün hətta nəsli kəsilməkdə olan heyvanların, quşların sayının artımı müşahidə edilir.
Zəngin bitki örtüyü və heyvanlar aləmi ilə fərqlənən qoruğun ərazisi muxtar respublikanın şimal-şərqindən başlayaraq Naxçıvançayın mənbəyi boyunca, Dərələyəz və Zəngəzur silsilələrinin bir-birindən ayrıldığı ərazidə yerləşir. Biçənək aşırımından əraziyə daxil olan rütubətli hava axını və kontinental iqlim şəraiti burada özünəməxsus bitki növlərinin yayılmasına şərait yaradıb. Qoruğun ərazisi bol su ehtiyatları ilə zəngindir. Burada çox sayda bulaqlar mövcuddur. Zorbulaq, Südlübulaq kimi şirinsulu, Narzan tipli mineral bulaqlar təkcə muxtar respublika sakinlərinin deyil, buraya gələn xarici ölkə vətəndaşlarının da böyük marağına səbəb olur. Ümumiyyətlə, Tanrı bu yerə öz səxavətini əsirgəməyib, buranı əsrarəngiz gözəlliklər məkanına çevirib. İki metr dərinlikdə torf qatına malik, küləyin əsdiyi istiqamətdə aramla hərəkət edən məşhur “Üzən ada” bu yeri daha da cəlbedici edir. Qoruğun ərazisində müxtəlif ağac və kollar, quş növləri, sürünənlər, suda-quruda yaşayanlar, çay və göllərdə müxtəlif balıq növləri vardır. Hazırda burada 32 növ vəhşi heyvan, 127 növ quş, 1580 növ bitki qorunur. Aparılan araşdırmalar nəticəsində burada 39 fəsilədə cəmlənən 80 cinsə aid 111 növ nadir və məhvolma təhlükəsi ilə üzləşən bitki növü müəyyən olunub. Nəsli kəsilməkdə olan heyvan növlərindən qonur ayı, cüyür, vaşaq, nadir bitkilərdən isə zümrüdçiçəyi ələyəz, dəfinəotu, gövdəsiz yumaqotu və başqalarını qeyd etmək olar. Təqdirəlayiq haldır ki, ərazidə mövcud olan nadir bitki növlərinin çoxluğu və həmin bitkilərin gələcəkdə yoxolma ehtimalı nəzərə alınaraq ətraf mühitin ekoloji tarazlığının qorunması məqsədilə onların reintroduksiyası və bio­ekoloji xüsusiyyətlərinin öyrənilməsi işi müntəzəm olaraq həyata keçirilir.
Ötən dövr ərzində qoruqda əməkdaşların məhsuldar fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, hər cür imkanlarla təchiz edilmiş iki bina inşa olunub. Hazırda burada ­20 əməkdaş fəaliyyət göstərir. Onlar mövsümi geyim və ləvazimatlarla təmin olunublar. Gözətçi məntəqəsində müasir rabitə vasitələri quraşdırılıb. Bu da baş verə biləcək hadisələrin vaxtında aradan qaldırılmasına şərait yaradır. Burada yaradılan İnformasiya Mərkəzində flora, fauna və etnoqrafiya şöbələri fəaliyyət göstərir. Binada torpaq nümunələri, məişətdə istifadə olunan qədim alətlər, ərazidə yetişən dərman bitkilərinin herbariləri, otların ekstraktları, meyvə quruları və heyvan müqəvvaları nümayiş etdirilir. Mərkəzdə görkəmli elm xadimi Həsən Əliyevə aid guşə də yaradılıb. Buraya üz tutan hər kəs tanınmış təbiətşünasın həyat yolu, fəaliyyəti ilə tanış olur. Binanın ətrafında abadlıq işləri görülüb, meyvə ağacları salınıb, maarifləndirici tablolar quraşdırılıb.
Qoruğun əhatə etdiyi 3139 hektar ərazidə gün ərzində əməkdaşlar tərəfindən müşahidələr aparılması üçün məntəqə yaradılıb. Qoruqda iş aparmaq üçün hər cür şərait var. Müşahidə avadanlıqları ərazidə xoşagəlməz halların baş verməsinin qarşısını alır. Belə ki, əgər hər hansı yanğın hadisəsi olarsa, dərhal rabitə vasitəsilə mərkəzə xəbər verilir, müəssisəyə məxsus yanğınsöndürmə avtomobili xüsusi qrup tərəfindən hazırlıq vəziyyətinə gətirilir və beləliklə də, problem vaxtında aradan qaldırılır.
Şahbuz Dövlət Təbiət Qoruğuna hər il yüzlərlə şagird və tələbə də üz tutur. Təşkil olunan ekskursiyalar vasitəsilə gənclər təbiəti qorumağın nə qədər önəmli olduğunu dərk edir, dağlar qoynunda təşkil olunan açıq məşğələlər zamanı bu məkanda qorunan flora və fauna növləri ilə yaxından tanış olur, ekoloji biliklərə əyani surətdə yiyələnirlər.
Qoruq turizmin inkişafına da öz töhfəsini verir. Buraya gələn turistlər ərazinin bənzərsiz təbiət mənzərələri ilə tanış olur, istirahətlərini mənalı keçirirlər. Qoruqda müşahidə aparıldığından turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir.
Bəli, ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən sayılır. Bu gün dövlətimiz tərəfindən qoruq və yasaqlıqlara xüsusi diqqət göstərilməsi təbiətimizin qorunmasına və zənginləşdirilməsinə xidmət edir.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR