Naxçıvan şəhərində Gənclər Mərkəzinin tikintisi davam etdirilir. 625 kvadratmetr sahəni əhatə edən bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Tikinti işləri Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən aparılır. İş icraçısı Rəşid Tağıyevin verdiyi məlumata görə, inşaat işlərinə bu ilin aprel ayından başlanılıb. Hazırda binanın birinci və ikinci mərtəbələrində tikinti işləri başa çatdırılıb, suvaq işləri aparılır. Üçüncü mərtəbədə isə beton-qəlib işləri yekunlaşıb, dam örtüyü vurulur. Bina hazır olduqdan sonra burada rəsm qalereyası, kitabxana, konfrans zalı və xarici dil kursları fəaliyyət göstərəcək. Tikintidə təhlükəsizlik qaydalarına ciddi əməl olunur, inşaatçılar binanı vaxtında təhvil vermək üçün səylə çalışırlar.
Xəbərlər şöbəsi