Muxtar respublikada dəmir yolunda daşımaların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Bütün bunların nəticəsidir ki, ilin birinci rübündə dəmir yolu vasitəsi ilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 7020 ton müxtəlif təyinatlı yük daşınmışdır. Hesabat dövründə yük-sərnişin qatarları vasitəsilə 36 min 908 sərnişin daşınmış, 486 sərnişin isə Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarından istifadə etmişdir.
Culfa Lokomotiv Deposunda lokomotivlər 11 dəfə texniki baxışdan keçirilmiş, 7 lokomotiv cari təmir edilmişdir.
İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilmiş, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün tədbirlər görülmüşdür. Xidməti ərazidəki bütün keçidlər, yol yatağı, yoldəyişən və süni qurğular yoxlanılaraq çatışmazlıqlar aradan qaldırılmış, uçmaq təhlükəsi olan yerlərdə daşların zərərsizləşdirilməsi təmin edilmişdir. Dəmir yolunda istismarda olan maşın-mexanizmlərin saz vəziyyətdə saxlanılması üçün mütəmadi olaraq yoxlamalar aparılaraq çatışmazlıqlar aradan qaldırılmış, rabitə xətləri yenilənmişdir. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Aza və Naxçıvançay təhlükəsizlik komandasının inzibati binalarında əsaslı təmir işləri davam etdirilmiş, Dəstə İdarəetmə Mərkəzi binasının əsaslı təmiri başa çatdırılmışdır.
“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti