Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu ilin ilk rübündə yerli məhsulların keyfiyyətini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamış, məhsulların keyfiyyət göstəriciləri 354 halda yoxlanılmış, sertifikatlaşdırılma ilə bağlı elektron xidmət vasitəsilə daxil olmuş 106 müraciət operativ icra olunmuşdur. Bu dövrdə 49 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır. Təsərrüfat subyektlərindən götürülmüş məhsul nümunələrinin 329 halda laboratoriya analizləri aparılmış və texniki normativ hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların 34 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılmış, 2 anbardan, 4 istixanadan və 7 satış obyektindən götürülmüş məhsulların 21 halda laboratoriya analizləri aparılmışdır. Arıçılıq məhsullarının və arıçılıq təsərrüfatlarında istifadə olunan avadanlıqların sertifikatlaşdırılması tədbirinin icrası istiqamətində aidiyyəti təşkilatların nümayəndələri ilə birlikdə Ordubad şəhərində, Babək qəsəbəsində, Culfa rayonunun Ərəzin və Şərur rayonunun Ərəbyengicə kəndlərində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüşlər keçirilmiş, bal məhsullarından götürülmüş nümunələr analiz olunmuş və keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunluğu müəyyən edilmişdir.
Əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət üzrə ilk rübdə 92 təsərrüfat subyektində 278 işçinin tibbi müayinələri ilə bağlı monitorinqlər aparılmış, natamam tibbi müayinədən keçmiş 261 işçinin tam tibbi müayinəsi həyata keçirilmişdir. Komissiya tərəfindən 88 təsərrüfat subyektində 252 obliqat qrup işçidən qan nümunələri götürülmüş və müvafiq tibbi nəzarət təmin olunmuşdur. Həmçinin uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 28 məktəbin bufetində, 6 təhsil müəssisəsinin bufet və yeməkxanasında, 12 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 6 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılmış və müşahidə olunan nöqsanlar aradan qaldırılmışdır.
Xarici bazarlara çıxış imkanına malik məhsulların ixracının dəstəklənməsi çərçivəsində işçi qrupu müəssisələrdə olmuş və müvafiq tədbirlər görülmüşdür. İdxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət aparılmış, məhsulların üzərinə 18 halda Azərbaycan dilində zəruri məlumatlar vurulmuşdur. Muxtar respublikada istehsal olunan məhsulların markalanmasına nəzarət məqsədilə 30 istehsal müəssisəsində maarifləndirmə xarakterli monitorinqlər aparılmış, 8 müəssisədə istehsal olunan məhsulların etiketlərində səhvlərin olduğu və standartların tələblərinin pozulduğu aşkarlanmışdır.
Ötən dövrdə metroloji norma və qaydalara uyğun olaraq 1144 ölçmə vasitəsi yoxlanılmışdır. Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə elektrik və qaz cihazlarının satışını həyata keçirən 89 təsərrüfat subyektində müşahidə xarakterli təkrar monitorinqlər aparılmışdır. Vətəndaşlar tərəfindən şəxsi istifadə üçün gətirilmiş 2 qaz sobasının dəm qazına qarşı təhlükəsizlik sistemi olmadığı, 1 qaz sobasının isə yeni olmadığı aşkarlanaraq istehsalçı ölkəyə geri qaytarılmış, 2 mətbəx qaz pilətəsinin təhlükəsizlik sistemi olmadığından satışdan çıxarılmışdır.
Ordubad rayonunun Gilançay, Culfa rayonunun Kırna kəndlərində mədəni və yabanı dərman bitkilərinin mövsümə uyğun yığılması, qurudulması, onlardan bitki ekstraktlarının hazırlanması qaydaları ilə bağlı AMEA Naxçıvan Bölməsinin və İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birlikdə müvafiq rayonlarda fəaliyyət göstərən ailə təsərrüfatları üçün seminarlar keçirilmiş, mədəni və yabanı dərman bitkilərinin tədarükü ilə bağlı maarifləndirici bukletlər paylanılmışdır. Ailə təsərrüfatlarında istehsal olunan məhsulların markalanmasına köməklik göstərilməsi üçün 4833 etiket hazırlanaraq ailə təsərrüfatlarına çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti