23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada ekoloji tarazlığın qorunması və kənd təsərrüfatının müasir səviyyədə inkişaf etdirilməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində regionda torpaq münbitliyinin qorunması, bərpası, artırılması və ­aqrar-sənaye inteqrasiyası əsasında kənd təsərrüfatının inkişaf etdirilməsi üzrə işlər aparılır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 avqust tarixli Qərarı ilə təsdiq olunmuş “Arazboyu ərazinin ekoloji qiymətləndirilməsinə dair Hesabat”da qeyd olunan məsələlərin həll edilməsi ilə əlaqədar muxtar respublikanın nazirlik, komitə və bir neçə təşkilatları ilə bərabər, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasına da tapşırıqlar verilmişdir. Bunlardan biri də Arazboyu zonada əkinəyararlı ərazilərdə torpaqların münbitliyinin bərpası, artırılması və əkin dövriyyəsinə qaytarılması məqsədilə, xüsusilə yem, o cümlədən paxlalı və digər mədəni bitkilərin əkilməsi üçün tədqiqatların aparılmasıdır.
Bu məqsədlə həmin ərazidə aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, düzənlikdə, əsasən, boz, boz-çəmən, boz-qonur, bataqlıq-çəmən, çəməntipli, çəmən, şoran, allüvial-çəmən və sair torpaqlar yayılmaqla, bu torpaqların əksəriyyətində az da olsa, deqradasiya prosesləri, yəni şoranlaşma, eroziya, bataqlıqlaşma, daşlıq, kol-kos basmış sahələr, antropogen digər təsirlər müşahidə olunur.

Arazboyu zonanın əkinəyararlı sahələrində deqradasiya proseslərinə məruz qalmış sahələri ümumiləşdirərək aşağıdakı kimi göstərmək olar. Məsələn, şoranlaşmaya məruz qalmış sahələr, xüsusilə Böyükdüz düzənliyinin cənub-şərqində, Qabıllı kəndinin ətrafında, Araz çayının çökək sahillərində, bəzi kanalların ətrafında, Çeşməbasar və Əbrəqunus magistral yolunun kənarlarındakı torpaqlardır. Bataqlıqlaşmaya məruz qalmış sahələrdən Sədərək rayonunun cənubunda Araz çayının sahilində, Şərur rayonunun Araz çayına yaxın bəzi kəndlərinin əkin sahələrində, bəzi göllərin sahillərində, çay kənarlarında və müxtəlif çökək ərazilərdəki torpaqları göstərmək olar. Daşlıq sahələrə – Ordubad maili düzənliyinin mərkəzində, qismən Culfa maili düzənliyinin şərq hissəsində çay kənarlarındakı kol-kos basmış sahələrə isə Şahtaxtı və Xok kəndləri arasındakı təpəliklərdə, Culfa rayonunda Darı­dağın qərb yamacında, Ordubad maili düzənliyinin rayon mərkəzinə yaxın olan sahələrində böyük həcmdə rast gəlinir.
Tədqiqatlar nəticəsində Arazboyu zonada yuxarıda qeyd etdiyimiz deqradasiya proseslərinin səbəbləri araşdırılaraq torpaqların münbitliyinin bərpası, artırılması və əkin dövriyyəsinə qatılmasının mümkünlüyü müəyyən edilmişdir.
Bunun üçün müasir metodlardan istifadə etməklə, təbii-mədəni, o cümlədən torpaq-iqlim şəraitinə uyğun paxlalı və yem – yonca, şənbəllə, soya və digər bitkilər altında torpaqların qiymətləndirilməsi, aqroistehsalat qruplaşdırılmasının aparılması və münbitlik modellərinin qurulması tələb olunur.
Son illər bu istiqamətdə aparılan elmi-tədqiqat işləri gücləndirilmişdir. Belə ki, torpağın tərkib və xassələrinin ayrı-ayrı bitkilərin məhsuldarlığı ilə əlaqəsinin tədqiqi muxtar respublikamızın torpaqlarının faktik və optimal parametrlərinin işlənməsinə də imkan yaratmışdır.
Bu istiqamətdə aparılan tədqiqat işlərinin nəticəsində yem bitkiləri altında (“Naxçıvan-5” yonca sortu) münbitlik modeli qurulmuşdur. Münbitlik modelini qurmaq üçün ərazidə 2 torpaq tipi – boz və qəhvəyi torpaqlar seçilmişdir.
Yem bitkisi altında boz torpaqlarda münbitlik modelini qurarkən Kəngərli rayonundakı Böyükdüz kəndinin ərazisində olan əkin sahəsindən, qəhvəyi torpaqlarda isə münbitlik modeli qurularkən AMEA Naxçıvan Bölməsi, Bioresurslar İnstitutunun nəzdində olan Nəbatat bağı sahəsindən istifadə olunmuşdur.
“Naxçıvan-5” yonca sortu altında qurulmuş münbitlik modelinin boz torpağında humusun faktik göstəricisi 1,4, optimal göstəricisi 1,8, bunlar arasında fərq isə 0,4 faiz təşkil edirsə, qəhvəyi torpaqlarda isə humusun faktik göstəricisi 3,7, optimal göstəricisi 4, bunlar arasında fərq isə 0,3 faiz təşkil edir. Torpaqların digər parametrləri üzrə aparılan təhlillər əsasında yem bitkiləri altında torpaqların münbitliyini artırmaq üçün də imkanlar göstərilib.
Qurulmuş münbitlik modelində boz torpaqlarda həmin bitki altında nəzarət va­riantında orta hesabla 750 manata qarşı tətbiq variantında 900 manat, qəhvəyi torpaqlarda isə 1000 manata qarşı 1250 manat xalis gəlir əldə olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının Arazboyu zonasında “Naxçıvan-5” yonca sortunun əkini üçün yararlı torpaqların münbitlik modelləri üzrə apardığımız tədqiqat işlərinin nəticələri tövsiyə şəklində hazırlanıb və istifadə etmək üçün təsərrüfatlara verilib. Gələcəkdə muxtar respublikada təkcə yonca bitkisi üzrə deyil, regionda becərilən paxlalı bitkilərin altında da uyğun torpaqların münbitlik modellərinin öyrənilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Sahib HACIYEV
aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR