Naxçıvanın hər daşı tarix, hər gülü, çiçəyi min bir dərdə dərmandır. Naxçıvan şəhərindən, təxminən, 8 kilometr aralıda, Araz çayının yaxınlığındakı Nehrəm kəndi isə özünün bostan bitkiləri, xüsusən də qarpızı ilə tanınır. Yazıda Nehrəm qarpızının sirri və ilin bu vədəsində ona göstərilən qulluq barədə danışacağıq.
Erkən yazda nehrəmlilər bu nemətin ərsəyə gətirilməsi üçün sahələrə axışır, böyük zəhmət sərf edirlər. Elə ailələr var ki, mövsümdə bostan bitkilərindən əldə etdikləri qazanc hesabına yeni ev tikir, avtomobil alır, bir sözlə, gün-güzəranını torpağa bağlamaqla ondan bəhrələnirlər. Artıq rayonun Yarımca, Araz, Hacıvar kimi kəndlərində də qarpız əkininə geniş yer verilir. İndi Naxçıvan-Culfa magistralı boyu, daha dəqiq desək, “Pircüvar düzü”ndə torpaq mülkiyyətçilərinə addımbaşı rast gəlmək mümkündür. Əkinlərin, xüsusən bu ərazidə aparılması məhsuldarlığın yüksək olması ilə bağlıdır.
Bir statistik məlumatı nəzərə çatdıraq ki, Nehrəm kəndinin 2700 hektar torpaq sahəsinin 350 hektardan çoxunu bostan sahələri təşkil edir. Sahələrə yaxınlaşıb qarpız əkini aparanlarla söhbətləşdik. Öyrəndik ki, müsahibimiz Asəf Məmmədov bu il 4 hektarlıq sahədə qarpız əkini aparıb və hazırda onları istixana üsulu ilə yetişdirir, üzərinə polietilen örtük çəkir. Bir maraqlı faktı da nəzərinizə çatdıraq ki, əvvəllər Nehrəm qarpızı iyul-avqust aylarında bazara çıxarılırdısa, indi bir çox dərdlərin dərmanı olan bu bostan məhsulu iyun ayında ərsəyə gətirilir. İlk olaraq insanda bu fikir yaranır ki, onun tez ərsəyə gəlməsinə gübrə və istixana amili təsir edir. Lakin heç də belə deyil. Səbəb odur ki, toxum torpağa tez salınır və şırımlara çəkilən örtüyün üzərinə düşən günəş şüaları tağların tez böyüməsinə səbəb olur. Digər torpaq mülkiyyətçisi Nemət Əsədov qeyd etdi ki, ailənin illik ruzisini məhz qarpızdan əldə edir. Buna görə də indi ailə üzvləri ilə birlikdə sahələrdə qarpız əkinini həyata keçirir. Onun sözlərinə görə, toxumları martın sonu, aprelin əvvəllərində torpağa basdırmaq lazımdır. Həm də qarpızı harda gəldi əkmək olmaz. Gərək ya köhnə yonca yerinə əkəsən, ya da ən azı iki il dincə qoyulmuş xam torpaq sahəsinə. Məhsul yetişənədək gərək 3-5 dəfə bol su verəsən. Qarpız susevən bostan bitkisidir. Məlumat üçün deyək ki, qarpızı istixana üsulu ilə yetişdirmək daha əlverişlidir. Belə olan halda, kollar yaxşı inkişaf edir.
Bundan əlavə “ərəzən qarpızı” da var ki, onu yetişdirmək üçün istixanaya gərək yoxdur. Elə torpağa salınan toxumlara yaxşı qulluq edildikdə iyulun sonları yaxşı bar verir. Belə qarpızın qabığı daha nazik olur. Ümid edirik ki, zəhmətkeş insanların əməyi sayəsində bu il də daxili bazar dadlı, ləzzətli Nehrəm qarpızı ilə bol təmin olunacaq.
Muxtar Rzazadə