23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərinin görkəminin zaman keçdikcə daha da gözəlləşməsi sakinlər tərəfindən böyük sevinclə qarşılanır. Son vaxtlarda şəhərdəki yaşayış binalarının əsaslı təmiri və yeni yaşayış komplekslərinin yaradılması əhalinin mənzil-məişət şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Ötən dövr ərzində Naxçıvan şəhərində onlarla yaşayış binası əsaslı təmir olunub, mənzillərin sahəsi genişləndirilib, binaların əksəriyyətinin təməli möhkəmləndirilərək əlavə mərtəbələr artırılıb, binalarda müasir kommunikasiya xətləri quraşdırılıb. Əhalinin rahatlığının təmin olunması istiqamətində atılan bu addımlar daimi yaşayış üçün buraya qayıdanların da sayının artmasına səbəb olub.
Naxçıvan şəhərinin Heydər Əliyev prospekti də bu quruculuq ərməğanından pay almış ünvanlardandır. Bu il mart ayının 16-dan etibarən prospektdəki 60 nömrəli binada əsaslı təmir işləri aparılır. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçılarının çalışdığı obyektdə texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. İş icraçısı Samiq ­Abdullayevdən aldığımız məlumata görə, 4 mərtəbəli yaşayış binasının hazırda fasad hissəsi sökülüb, bloklarda söküntü işləri davam edir, daxili elektrik xətti çəkilir. Ərazidə kifayət qədər işçi qüvvəsi çalışır, onlar lazım olan mal-materiallarla təmin olunublar.

Şəhərdə vüsət alan quruculuq işlərindən Nizami küçəsindəki 34 nömrəli bina da yararlanıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilən işlərə ötən ayın 12-də başlanılıb. Əsaslı təmir olunan 5 mərtəbəli yaşayış binasının hazırda fasad hissəsində söküntü işləri gedir, təməl hissədə bərkitmə işləri görülür. Blokların daxildəki divarlarına yeni suvaq vurulur.
Qeyd edək ki, muxtar respublikada əhalinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər üç mərhələdə aparılır. İlk növbədə, qayğıya ehtiyacı olan vətəndaşlar mənzil və fərdi yaşayış evləri ilə təmin olunurlar. İkinci mərhələdə mövcud yaşayış binaları yenidən qurularaq sakinlərin istifadəsinə verilir. Üçüncü mərhələdə isə qəzalı vəziyyətdə olan yaşayış binaları sökülərək yerində yeni yaşayış binaları tikilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR